AŞPA reallıq hissini itirmiş bir quruma çevrilib

Son vaxtlar Azərbaycana qarşı bəzi beynəlxalq təşkilatların qərəzli çağırışları yenidən artıb. AŞPA-da oktyabrın 11-də Azərbaycana qarşı birdən-birə iki qətnamənin qəbul olunması ictimaiyyətdə ciddi narazılığıa səbəb olub. Bununla bağlı “Hilal” Sosial Araşdırmalar Birliyinin sədri  Arzuman Abdulkərimov bildirdi:

– Artıq “ikili standart” sözü deyərdim ki, öz qüvvəsini itirməyə doğru gedir. İndi biz, deyəsən, ikili, üçlü, beşli standartların şahidi oluruq. “Əsrin müqavilə”sinin müddətinin 2050-ci ilədək uzadılması ərəfəsində də belə təzyiqlərin şahidi olduq. Yəni biz görürük ki, bu təşkilatların təzyiqlərinin sonunda, hər halda, bir “demokratiya” bəhanəsi dayanır. Əgər, həqiqətən də, bu qurumlar demokratik dəyərlərin qorunmasını qarşılarına hədəf kimi qoyublarsa, bu, o demək deyil ki, istədikləri ölkənin daxili işinə rahatlıqla qarışa bilərlər. O ki qaldı siyasi dustaqlar məsələsinə, deyə bilərəm ki, bunun heç bir əsası yoxdur. Biz dəfələrlə bəyan etmişik ki, ölkəmizdə siyasi dustaq yoxdur. Sadəcə, Azərbaycan qanunlarının müəyyən bəndlərinə uyğun olaraq həbs edilmiş insanlar var.

Azərbaycan Avropa qurumlarının qoyduğu şərtləri, qəbul etdiyi qətnamələri həmişə yerinə yetirmişdir və həqiqətən, demokratiyanın inkişafına yönəlmiş mütərəqqi qərar və qətnamələri daim dəstəkləmişdir. Avropanın ən güclü dövlətlərindən olan İngiltərə bir neçə dəfə Avropa qurumlarının qətnamələrini, ümumiyyətlə rədd etmiş və özünün məhkəmələrinin qərarlarını əsas götürdüyünü bəyan etmişdir. Bəs necə olur ki, həmin dövlətlərə bu sanksiyalar, bu hədələr tətbiq olunmur ?

Avropa təşkilatlarında məcburi köçkünlərimiz və qaçqınlarımız barədə minlərlə məktub, şikayət var, niyə bir dəfə də olsun, həmin qurumlar bu problemin həlli istiqamətində əməli fəaliyyətə keçmir. Niyə Ermənistan dövlətini məhkəməyə cəlb etmirlər? Mən Dilqəm Əsgərov və Şahbaz Quliyevi presedent olaraq vurğulamaq istərdim. Onlar Azərbaycan vətəndaşlarıdır və tutub məhkəmə qururlar ki, niyə siz öz doğulduğunuz yerləri ziyarətə gəlmisiniz?

Niyə iki azərbaycanlının elementar insan hüquq və azadlığının əlindən alınması ilə əlaqədar Avropa qurumları Ermənistana təzyiq göstərmirlər? Mən burada islamafobiya faktorunu da qabartmaq istərdim. Çünki Ermənistanın cəzasızlıq şəraitində qalaraq istədiyini, etməsi və Cənubi Qafqazda sülhə böyük təhlükə yaratmasının əngəllənməməsinə başqa cür ad verə bilmirəm. Nə üçün Azərbaycan dünyanın bir sıra tanınmış simaları tərəfindən “sabitlik adası” kimi qiymətləndirildiyi , dövlət siyasətinə çevirdiyi multikulturalizmi, tolerantlığı inkişaf etdirdiyi halda ölkəmizə bu prizmadan yanaşılır, Ermənistana və bu terrorçu, adı nüvə və narkotik qaçaqmalçılığında hallanan dövlətə niyə ehtiyatla yanaşılır? Sual olunur: Biz Avropa qurumları ilə əməkdaşlıqda kifayət qədər öz töhfələrimizi vermişik, əvəzində onlar bizə hansı töhfələrini veriblər ? Bu gün Bakı şəhərinin mərkəzi küçəsində ermənilərin Qriqorian kilsəsi yerləşir və dövlət tərəfindən qorunur. Məgər AŞPA görmür ki, Azərbaycanın işğal edilmiş bölgələrində bütün maddi-mədəniyyət nümunələrimiz, Ermənistanın özündə olan məscidlərimiz, tarixi abidələrimiz, alban kilsələrimiz məhv edilmişdir. Bu gün Avropa Şurası niyə bu məsələləri gündəmə gətirmir ?

AŞPA-da bir neçə ermənipərəst deputatların təhriki ilə Azərbaycana qarşı bu gün qara-piar aparılırsa və bu qurum özünü, əslində, necə aparmaq, vəziyyətə necə diaqnoz qoymaq və addım atmaq barədə reallıq hissini itirirsə, buna nə ad vermək olar ? Bəli AŞPA bu gün reallıq hissini itirmiş bir quruma çevrilib. Bu gün erməni lobbisi hər yerdə olduğu kimi, AŞPA-nın da fəaliyyətinə təsir edirsə, onda bu qurumun ədaləti şübhə altına düşmürmü? Yəni AŞPA-ya veriləcək suallar çoxdur. Bu gün Ermənistandan olan siyasi məhbuslardan danışılmır, son iki ildə İrəvanın mərkəzində keçirilən çoxminli mitinqlər Serj Sarkisyan iqtidarı tərəfindən darmadağın edilirsə, hətta mitinqlərdə ölən və yaralananlar olursa, bundan danışılmır, amma Azərbaycanı ittiham etmək üçün dərhal bəhanələr tapılır. Torbyorn Yaqland kimilərin qərəzli fikirləri Azərbaycan üçün əsas ola bilməz. Azərbaycan bu gün öz inkişaf düsturunu müəyyənləşdirmiş müstəqil bir ölkədir.

Qəribədir ki, bu gün Avropa Şurası baş katibinin Rusiyanın xarici işlər naziri S. Lavrova məktubunda yazılır: “Nə olar, gəlin biz bu danışıqları davam etdirək, dialoq əsasında bir çıxış yolu tapaq”. Göründüyü kimi, baş katib S. Lavrova, demək olar ki, yalvarır. Gülməlidir ki, Azərbaycanı isə həmin təşkilatdan çıxaracaqları ilə hədələyirlər.

“Xalq qəzeti”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here