ATƏT-in insan ölçüsü üzrə iclasında Azərbaycanın multikulturalizm siyasətindən danışılıb

Xəbər verdiyimiz kimi, sentyabrın 11-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun insan ölçüsü üzrə öhdəliklərin yerinə yetirilməsinə həsr olunan yekun iclası öz işinə başlayıb.

Hər il payızda keçirilən bu tədbirdə ATƏT-ə üzv olan ölkələr insan ölçüsünə dair konsensus yolu ilə qəbul etdikləri öhdəliklərin yerinə yetirilməsinə dair hesabat verirlər. Burada ATƏT-ə üzv olan 57 ölkə ilə yanaşı, beynəlxalq təşkilatlar, QHT-lər də iştirak edirlər. Tədbir sentyabrın 22-dək davam edəcək.

Tədbirin sentyabrın 15-də keçirilən 9-cu sessiyası tolerantlıq və qeyri-ayrı-seçkilik məsələlərinə həsr olunub. Sessiyada Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin baş məsləhətçisi Etibar Nəcəfov çıxış edərək ölkəmizdə dövlət-din münasibətlərinin əsas xüsusiyyətləri haqqında məlumat verib. O, bu xüsusiyyətlərin əsasında Azərbaycanın multikulturalizm siyasətindən irəli gələn ölkədə dini azadlıqların təmin edilməsi, bütün dinlərin, dini məzhəblərin qanun qarşısında bərabər olması, dini icmaların fəaliyyətlərinə dövlət tərəfindən hər cür dəstək göstərilməsi və dinlərarası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması kimi mühüm üstünlüklərin olduğunu göstərib.

Etibar Nəcəfov multikulturalizm siyasətinin Azərbaycanda belə bir mütərəqqi dövlət-din münasibətləri sisteminin yaranmasına şərait yaratdığını əsas götürərək multikulturalizmin hər bir cəmiyyətdə mövcud olan etnik, dini və mədəni müxtəlifliklərin tənzimlənməsinin ən optimal siyasət modeli olduğunu qeyd edib.

AZƏRTA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here