BAXIŞ BUCAĞI

Avropalaşmaq yoxsa Müasirləşmək?

792

Bu 2 paralel illərdir ki ölkədə dəbdən düşməyən müzakirə mövzusudu. Müzakirə edirik və açılan cığırla hərəkət edirik.Getdiyimiz məlumdu.Ancaq hara gedirik, hansı yolla gedirik? Bizə hansı daha çox lazımdı və ya hər ikisi ümumiyyətlə lazımdırmı?

Məsələ orasindadırki bu iki hal tamamilə ayri-ayrı müzakirə obyektləridir. Bu iki halı eyniləşdirənlər yanılırlar. Müasirləşmək gözəldir, yaşadığımız zaman kəsiyi bizdən bunu tələb edir. Ancaq bunu özümüzə yaraşan şəkildə, biz olaraq həyata keçirməliyik. Bu prosesi milli fonda aparmaq lazımdı. Qurulan hədəflərə çatmağın yolu öz yolunla getməkdən keçir. Bu gün bir çox məsələlər bizi narahat edir. Elə hey 10-15 il öncəyə, yaşlı nəslin nümayəndələri isə daha əvvəllərə gedərək bu günlə  müqayisələr aparırırq və təəsüflənirik.Diqqətlə yanaşsaq narazı qaldığımız məqamların kökündə öz yolumuzu azmağımız dayanır. Müasirləşmək adı altında az qalsın kimliyimizi, özümüzü unuduruq. Kim olduğunu, hardan gəldiyini və ən əsası hara getdiyini bilməyən xalqın gələcəyi sual aıtındadır.

Tarixə nəzər salsaq mədəniyyətin ən bariz nümunələrini Şərqin yaratdığının şahidi olarıq. Asiya və Avropa dəyərlərini müqayisə etdikdə bunu aydın duymaq olur. Dünyaya işıq salan Şərq dəyərləri bu gün başqa xalqların adına yazılır və ya amansızca məhv edilir. Avropalaşmaq istəyənlər… Niyə Avropalaşmaq dedikdə geyim, eqoizm, zorakılıq kimi mənfi elementlər nəzərdə tutulur? Niyə Avropadan tarixini, keçmişini, klassikasını sevib qorumağı götürmürük? Ən kiçik detal-küçədə zibili yerə atmaq, ən böyük detal-təhsil və tərəqqini götürmürük?

Avropalaşaraq nə qazanmışıq? Dayanmadan artan Ana dilindən “2” alan şagird sayımı? Tələbə adını qazanmalı olduğu çağlarında intihar yolunu seçən gənclərimi? Statistika rəqəmlərini alt-üst edən boşanmalarımı? Telefon mağazalarının 1% dəyərində kitab mağazası olmayan cəmiyyətimi? Mərhəmət, valideyn sevgisi, bacı-qardaş, ümumiyyətlə insan sevgisindən məhrum olmuş toplumu? Adət-ənənə, ağsaqqal-uşaq münasibətlərini silib atmış kütlənimi? Bu sualların ardına onlarla belə sual artırmaq olar.

Müasirləşən, müxtəlif təsirlər içində yaşadığımız bir vaxtda itirdiklərimizi bərpa etmək və əldə qalanları qoruyub saxlamaq olduqca mühüm bir işə çevrilib artıq. Bu işdə böyük yük gənclərin üzərinə düşür. Vətəndaşlıq məsuliyyəti deyilən bir məfhum var və hər bir vətəndaş bunun öhdəsindən layiqincə gəlməyə çalışmalıdır…

Xatırlayarsız, əvvəllər hamımız ayaqqabılarımızı qapının qabağında çıxarardıq və hamının ən çox 2 cüt ayaqqabısı vardı. Nə vaxt ki ayaqqabılarımızın sayı israf dərəcəsində çoxaldı, nə vaxt ki heç kim dəyməsin, geyməsin deyə qapı qabağından qaldırıb rəflərə qoyduq. Nə vaxt ki ayaqqabının içinə ağ corab geyinmək təmizlik yox ayıb sayıldı, biz o vaxt biz olmaqdan çıxdıq…

Kəmalə Rəsulova

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı