DÜNYA 2020.11.01 08:45

Avstriya hökuməti ikinci lokdauna start barədə qərar qəbul edib

38

Noyabrın 3-dən etibarən Avstriyada koronavirus pandemiyası ilə mübarizə çərçivəsində ikinci lokdauna start veriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə qərarı Avstriyanın Federal Kansleri Sebastian Kurts elan edib. O bildirib ki, həmin tarixdən noyabrın sonunadək axşam saat 20.00-dan səhər saat 6.00-dək yalnız istisna hallarda evi tərk etməyə icazə veriləcək. Bundan başqa ölkə üzrə əksər tədbirlərin keçirilməsi qadağan edilib, kafe və restoranlarda müştərilərə xidmətə icazə verilməyəcək (yalnız çatdırılma xidməti mümkündür), eləcə də əksər əyləncə mərkəzləri müvəqqəti olaraq dayandırılacaq.

Federal Kansler həmçinin bildirib ki, ikinci lokdaunun təsir dairəsinə düşən müəssisələrə dövlət tərəfindən əlavə yardım nəzərdə tutulur. Hər bir müəssisə ötən ilin eyni dövründə əldə etdiyi dövriyyənin 80 faizini dövlət tərəfindən ala biləcək.

İkinci lokdaun dövründə universitetlər və məktəblərin yuxarı sınıflərində (9-12-ci siniflər) tədris prosesi distant formada davam etdiriləcək, aşağı siniflər isə müntəzəm dərslərdə iştirak edəcəklər.

Avstriyada koronavirusa gündəlik yoluxma statistikasında xoşagəlməz inkişaf davam etməkdədir. Oktyabr ayının əvvəlində koronavirusa yoluxanların sayı gündəlik 700-800 nəfər təşkil edirdisə, hazırda bu rəqəm 5300-5600 nəfərə çatıb.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı