Azərbaycan ədəbiyyatının yeni dövrləşmə konsepsiyası müzakirə olunub

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının iclasında Azərbaycan ədəbiyyatının dövrləşdirilməsi ilə bağlı konsepsiyasının yekun nəticələri müzakirə olunub.

Tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli müəllifi olduğu konsepsiya ilə bağlı ətraflı məlumat verib. Alim müasir Azərbaycan ədəbiyyatşünaslığının qarşısında duran mühüm vəzifələr­dən birinin milli ədəbiyyat tarixinin keçdiyi çoxəsrlik inkişaf yolunun sistemli şəkil­də dövrləşdirilməsinin elmi təsnifatını hazırlamaq olduğunu söyləyib. O, milli ədəbiyyatın keçdiyi çoxəsrlik inkişaf yolunun elmi-nəzəri cəhətdən yenidən və əsaslı şəkildə dövrləşdirilməsi zərurətinin Azərbaycanın dövlət müstəqilliyi qazanmasından sonra meydana çıxdığını xüsusi vurğulayıb.

Akademik İ.Həbibbəyli Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi haqqında elmi konsepsiyanın hazırlanmasını ədəbiyyat tariximizin keçmiş sovet ideologiyası əsasında aparılmış dövrləşməsinin ədəbi-tarixi proseslərin reallıqlarını əks etdirməməsi, müstəqillik dövrünün prinsiplərinə, milli məfkurəyə uyğun gəlməməsi baxımından önəmini qeyd edib. Alim ayrı-ayrı müəlliflərin və ya müəlliflər kollektivinin yazıb nəşr etdirdikləri Azərbaycan ədəbiyyatı tarixinə dair akademik nəşrlərdə, dərsliklərdə, monoqrafik tədqiqatlarda dövrləşdirilmədə keçmişdə müəyyən edilmiş mərhələlərdən uzaqlaşa bilməmək hallarının aşkar nəzərə çarpdığını bildirib. Dövrləşmə meyarlarında və mərhələlərin müəyyən olunmasında pərakəndəliyin müşahidə olunduğunu söyləyən AMEA-nın vitse-prezidenti dövlət müstəqilliyi ideallarının işığında Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi vahid sisteminin yaradılmasının və dünyada gedən ədəbi-tarixi proseslərin burada nəzərə alınmasının zəruriliyini vurğulayıb.

İclasda Azərbaycan ədəbiyyatının yeni dövrləşmə konsepsiyası ətrafında geniş diskussiya və fikir mübadiləsi aparılıb, AMEA-nın müxbir üzvü Tehran Mustafayev, professorlar Asif Rüstəmli, Bədirxan Əhmədov, Tahirə Məmməd, Şirindil Alışanlı, İmamverdi Həmidov, Məmməd Əliyev, filologiya üzrə fəlsəfə doktoru Nikpur Cabbarlı bu konsepsiyanın böyük elmi əhəmiyyətindən bəhs ediblər.

Sonda bir sıra cari məsələlərə də baxılıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here