ƏSAS SƏHİFƏ

Azərbaycan Daxili İşlər Nazirliyi Polis Akademiyasında vakansiyalar

2.3K

Azərbaycan Daxili İşlər Nazirliyi Polis Akademiyasının daxili işlər orqanlarında idarəetmənin təşkili kafedrasında vakant mühəndis-proqramçı, dil hazırlığı kafedrasında vakant müəllim və baş müəllim, xüsusi-taktiki hazırlıq kafedrasında vakant müəllim və baş müəllim, elmi-tədqiqat və redaksiya nəşriyyat şöbəsində elmi əməkdaş, beynəlxalq əməkdaşlıq qrupunda baş inspektor vəzifələrinin komplektləşdirilməsi ilə əlaqədar müsabiqə elan edib.

Nazirliyin mətbuat xidmətindən apa-ya verilən məlumata görə, daxili işlər orqanlarında idarəetmənin təşkili kafedrasının mühəndis-proqramçısı vəzifəsinə namizəd – dövlət ali təhsil müəssisələrinin riyaziyyat, kompüter riyaziyyatı, informatika və hesablama texnikası istiqamətləri üzrə bakalavr və ya magistr pilləsində təhsil almış, Java, C++ və Delphi proqramlaşdırma dillərində işləmək təcrübəsi, həmçinin MS SQL və Oracle verilənlər bazasının idarə edilməsi sistemlərinin iş prinsipləri haqqında biliyə malik olmalıdır.

Dil hazırlığı kafedrasının müəllimi və baş müəllimi vəzifəsinə namizəd – ingilis dili ixtisası üzrə dövlət ali təhsil müəssisələrinin magistr pilləsini bitirmiş və pedaqoji staja malik olmalı, habelə ingilis dilini mükəmməl səviyyədə bilməlidir.

Xüsusi-taktiki hazırlıq kafedrasının müəllimi və baş müəllimi vəzifəsinə namizəd – hərbi təhsil müəssisələrini və dövlət ali təhsil müəssisələrini hərbi istiqamət üzrə bitirməli, pedaqoji staja malik olmalıdır.

Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin elmi əməkdaşı vəzifəsinə namizəd – dövlət ali təhsil müəssisələrinin hüquqşünaslıq, maarif, humanitar və sosial istiqamətlər üzrə magistr pilləsini bitirməli, habelə elmi-tədqiqat işləri ilə məşğul olmalıdır.

Beynəlxalq əməkdaşlıq qrupunun baş inspektoru vəzifəsinə namizəd- dövlət ali təhsil müəssisələrinin hüquqşünaslıq və beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və ya magistr pilləsini bitirmiş, habelə ingilis dilini mükəmməl səviyyədə bilməli, kompüterdə işləmək bacarığı olmalıdır.

Müsabiqədə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən olunmuş şərtlərə cavab verən, boyu 165 santimetrdən (qadınlar üçün 160 sm) yuxarı olan Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

Vakant vəzifələrə təyin olunacaq müsabiqə qaliblərinin xidmət yerləri gələcəkdə polisin digər xidmət sahələrinə dəyişdirilməyəcək.

Müsabiqənin şərtlərinə cavab verməyən namizədlərin sənədləri qəbul edilməyəcək. Müsabiqədə iştirak etmək üçün sənədlər Daxili İşlər Nazirliyinin Polis Akademiyasının inzibati binasında (Bakı şəhəri Mərdəkan qəsəbəsi) 2014-cü ilin noyabr ayının 17-dən dekabr ayının 17-dək hər gün (qeyri-iş günlərindən başqa) saat 10-dan 18-dək qəbul olunur.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı