ELM VƏ TƏHSİL 2020.11.07 13:15

Azərbaycan Dillər Universiteti üç şəhid övladını himayəyə götürüb

93

Azərbaycan Dillər Universiteti (ADU) Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş gizir Babayev Elməddin Cəfərqulu oğlunun övladlarını himayəyə götürüb. Bu münasibətlə universitetin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Biləsuvar rayonunun Çaylı kəndində şəhid Elməddin Babayevin atası Cəfərqulu Babayevlə, eləcə də ailə üzvləri ilə görüşüb, onlara başsağlığı verib.

ADU-dan bildirilib ki, Kamal Abdulla Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun ərazi bütövlüyümüzün təmin olunması uğrunda apardığı tarixi mübarizədən danışıb. Qeyd edib ki, yenilməz əsgər və zabitlərimiz qanları və canları bahasına Azərbaycanın haqq savaşını aparır, yurd yerlərimizi düşmən tapdağından azad edirlər. Elməddin Babayevin öz şəhadəti ilə xalqımızın qəlbində əbədi yaşayacağını deyən rektor, müstəqil Azərbaycanın azadlığı yolunda canından keçən bütün vətən oğullarına Allahdan rəhmət diləyib: “Azərbaycan xalqı hər zaman qəhrəman şəhidlərimizin məqamını öz qəlbində uca tutub. Elməddin Babayevin timsalında bütün vətən oğulları ilə fəxr edir, onların canı bahasına bizə əmanət qoyduğu yurd yerlərimizi qorumağı özümüzə müqəddəs borc bilirik. Əlbəttə, Elməddinin övladları da, bütün onu tanıyanlar da fəxr edir ki, o, Vətən müharibəsində ləyaqətlə, igidliklə iştirak edib öz canını fəda elədi”.

Rektor qeyd edib ki, ADU şəhidin əmanət qoyduğu üç övladının yüksək təhsil alması üçün bütün imkanlarından istifadə edəcək, onların Azərbaycan üçün layiqli vətəndaş kimi yetişməsində əlindən gələni əsirgəməyəcək: “Bizim universitetdə tez-tez müxtəlif tədbirlər keçirilir. Şəhidimizin hər üç övladını tez-tez universitetimizə dəvət edəcəyik. Çalışacağıq ki, onlar Vətənin layiqli övladları kimi formalaşsınlar. Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev demək olar hər gün sevindirici xəbərlərlə xalqımıza müjdə verir. Torpaqlarımızın hər qarışı düşməndən azad olunduqca, Elməddin Babayev kimi şəhidlərimizin də ruhları şad olur. İnşallah, tezliklə üçrəngli bayrağımız bütün işğal olunan şəhər və kəndlərimizdə qürurla dalğalanacaq”.

Şəhidin atası Cəfərqulu Babayev göstərdiyi diqqətə görə Kamal Abdullaya minnətdarlığını bildirib. Oğlunun döyüş yolundan danışan şəhid atası onun qəhrəmanlığı ilə fəxr etdiyini deyib: “Elməddin tank komandiri idi. Sentyabrın 29-da Talış kəndinin azad olunması üçün aparılan döyüşlərdə şəhid olub. 13 il idi orduda xidmət edirdi. Mənim üç oğlum var, üçü də hərbçi oldular. İki oğlum bu gün də Vətəni qoruyur. Biz Prezidentimizə minnətdar olmalıyıq ki, torpağımızı azad edir. Biz hamımız torpaq üçün, Vətəni qorumaq üçün yaranmışıq. Vətən olmasaydı, biz də olmazdıq. Elməddinin Asif, Aysu, Nihad adlı övladları bizə əmanət qalıb. İnşallah, onlar xoşbəxt böyüyərlər, ölkəmizə layiqli övladlar olarlar. Sizə təşəkkür edirəm ki, gəlmisiniz, bizim dərdimizə şərik olursunuz. Təki Vətənimiz sağ olsun!”.

Azərbaycan Dillər Universiteti olaraq, bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralılara şəfa arzulayırıq. Qarabağ Azərbaycandır!

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı