Azərbaycan filmlərində xalq təbabəti reseptləri

Azərbaycanda xalq təbabətinə, illərin sınağından çıxmış təbii müalicə üsullarına həmişə böyük maraq olub. Hətta belə üsulların rəsmən cinayət hesab edildiyi sovet hakimiyyəti illərində də…

Həmin dövrdə yazılmış bədii əsrlərdə, çəkilmiş kinofilmlərdə xalq təbabətinin təbliğinə rast gəlmək mümkündür. Müəlliflərin bunu bilərəkdən və ya bilməyərəkdən etdiyini söyləmək çətin olsa da… Məsələn, keçən əsrin ortalarında çəkilmiş “Ögey ana” filmində Fatmanisə qarının dilindən səslənən türkəçarələrin hər biri tarixən sınanmış müalicə üsullarıdır.

Filmin bir epizodunda xəstəxanada Dilarə həkimin öskürəkdən müalicə etdiyi xəstəyə Fatmanisə arvad xalq təbabətində tətbiq edilən resept məsləhət görür: “Bir çimdik sarımsaq kökünü eşşək südündə qaynat, iç. Bir az da qırmızı istiot töksən, xırp kəsəcək”. Bunu eşidən həkim “bura bax, qarı nənə, bu həkimliyi haradan öyrənmisən?” deyə kinayə ilə soruşanda Fatmanisə qarı ona deyir: “Ata-babadan belə etmişik. Kimini küpə salmaq, kimini çıldağ, kimini dua, kimini qan almaqla yaxşı eləmişik”. Dilarə həkim “Bura nağıl açmaq yeri deyil” deyərək qarının sözlərini qulaqardına vurur. Filmin başqa bir epizodunda çaydan keçərkən İsmayılın bacısı Cəmilə suya düşür. Uşaq qızdırma içində olanda Fatmanisə arvad Dilarə həkimi nəzərdə tutaraq “adam eşidən olsa, o qızı qoyun dərisinə salıb bədənini yumşaldıb mum kimi edər”. Daha sonra onun dediklərinə məhəl qoymayacağına işarə edərək “onunku odur ki, uşağın bədənini dəlik-deşik eləsin”. Yaxud başqa bir epizodda “cincilim qaynadıb suyunu içməyi” məsləhət görür. Hər iki halda sovet təhsili görmüş həkim gəlin onun söylədiyi türkəçarələri kinayə ilə qarşılayır. Əslində isə hər iki resept uzun illər qədim təbib və loğmanların istifadə etdiyi müalicə üsullarındandır.

Uşaq qızdırma içində od tutub yananda Fatmanisə yenə də öz ənənəsinə sadiq qalaraq itburnu çiçəyi ilə müalicə etməyi məsləhət görür: “Qızdırmanın qənimidir. Bıçaq pendiri kəsən kimi kəsir”. İsmayıl nənəsinin yanına gəlib onu necə dərməyi öyrənir: “Onu gərək gün çıxmamış səhər-səhər şehli-şehli dərəsən”.

Filmin sonluğu bir qədər də simvolik çəkilib: suya düşüb xəstələnən bacısı Cəmiləni qızdırmadan xilas etmək üçün dağdan itburnu çiçəyi dərib qayıdanda İsmayıl yaralanır. Bəlkə də filmin yaradıcıları xalq təbabətinin, qədim reseptlərin də təbabətə tətbiq edilməsinin çətin olduğunu məhz bu yolla ekrana gətiriblər. Amma nə qədər qəribə də olsa, burada hansısa paralellər də axtarmağa dəyər…

Digər bir filmdə – “Dərviş Parisi partladır”da da oxşar epizod var. Şahbaz bəy Müsyö Jordanla meşədə gəzərkən təbiətin yetirdiyi şəfalı bitkini dərən nökər “kəklikotu qarın ağrısının dərmanıdır” deyir. Təəssüf ki, burada da bitki haqqında çox ötəri məlumat verilir.

“Bir qalanın sirri” filmində Həkim baba öz yetirməsi Mətanətlə “Boz qaya”dakı daşları əridən məhlul hazırlayırlar. Məhlulu tökən kimi Həkim babanın daşa dönmüş qolları açılır. Dərman bitkilərindən birini “Mətanət gülü” adlandıran Həkim baba “onda elə bir ətir var ki, ürəyə aslan gücü verir” söyləyir. Filmin sonunda Simnar xanın əsarətindən xilas edilmiş “Çiçəkli dağ”da güllərin arası ilə gedərkən Mətanət “Elşən, sən bu gülləri tanıyırmısan?” deyə soruşanda Elşən deyir: “Əlbəttə, indi mən bu güllərdən dərman hazırlaya bilərəm” deyir…

Bu və digər epizod və səhnələr xalq təbabəti ilə müalicə üsullarının milli kino-filmlərdə də əks olunduğunu göstərir.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here