Azərbaycan və Yaponiyanın diplomatik pasportlara malik vətəndaşları viza tələblərindən azad olunub

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Yaponiyanın xarici işlər nazirinin parlament məsələləri üzrə müavini Manabu Horii ilə görüşüb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan və Yaponiya hökumətləri arasında diplomatik pasportlara malik olan vətəndaşların viza tələblərindən azad olunması haqqında notalar mübadiləsi həyata keçiriblər. Həmçinin, adi pasport sahibləri üçün viza rəsmiləşdirilməsi prosedurasının sadələşdirilməsi niyyəti ifadə edilib.

X.Xələfov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyini məmnunluqla xatırladıb və ikitərəfli əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. O, Yaponiyanı Azərbaycanın etibarlı tərəfdaşı adlandırıb və Yaponiya hökumətinin bu illər ərzində ölkəmizə göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Nazir müavini “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılması ilə əlaqədar yeni Sazişin imzalanmasının mühüm tarixi əhəmiyyət kəsb etdiyini bildirib və bu xüsusda, layihədə iştirak edən yapon şirkətlərinin fəaliyyətini təqdir edib. Bununla yanaşı, ölkəmizdəki iqtisadi islahatlar çərçivəsində qeyri-neft sektorunda yeni layihələrdə Yaponiya şirkətlərinin iştirakının vacibliyi qeyd olunub.

M.Horii ölkəmizdə yapon şirkətlərinə yaradılmış əlverişli şəraitə görə Azərbaycan tərəfinə təşəkkür edib və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib. O, enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın aparıcı rolunu yüksək qiymətləndirib. Həmçinin, M.Horii QUAM+Yaponiya formatında mövcud əməkdaşlığın vacibliyini qeyd edib.

Nazir müavini X.Xələfov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində aparılan son danışıqlar prosesi barədə yaponiyalı həmsöhbətinə ətraflı məlumat verib və Yaponiyanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini yüksək qiymətləndirib. O, Azərbaycanın işğal faktı ilə barışmayacağını və ərazi bütövlüyünü bərpa edəcəyini xüsusi vurğulayıb.M.Horii münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında tezliklə sülh yolu ilə həllinə ümidini ifadə edib.

Həmçinin, tərəflər iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyə əsaslanan əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər. Nazir müavinləri qarşılıqlı maraq kəsb edən regional məsələlər barədə fikir mübadiləsi aparıblar.

Trend

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here