CƏMİYYƏT 2020.05.02 16:30

Azərbaycanda pandemiya dövründə ictimai nəqliyyat yalnız bu qaydalarla işləyə bilər – Rəsmi

41

Pandemiya dövründə ictimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair qaydalar müəyyənləşib.

Koronavirusinfo.az saytında yerləşdirilən xəbərə görə, sənəd ictimai nəqliyyat işçilərinin və sərnişinlərin sağlamlığının qorunması məqsədi ilə koronavirus (COVID-19) infeksiyasının hazırda olan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub.

Qaydalarda bildirilir:

– Sərnişindaşımanın fasiləsizliyinin təmini uçun vəzifələrin paylanması və onların həyata keçirilməsi üçün iş yerində və evdən işləmə üçün müvafiq şəraitin yaradılması olduqca vacibdir;

– İşçi heyətin nəzərinə şəxsi gigiyena tədbirləri haqqında məlumat çatdırılmalıdır;

– İşəgötürən tərəfindən işçilər qoruyucu vasitələr və dezinfeksiyaedici ləvazimatlarla (70%-li spirt tərkibli gel və ya məhlul) mütəmadi təmin edilməlidir;

– İnfeksiyanın yayılmasının profilaktikasına dair məlumatların və maarifləndirici materialların elektron tablolar, nəqliyyat vasitələrində quraşdırılmış planşetlər vasitəsilə sərnişinlərə çatdırılması təmin edilməlidir;

– Dayanacaqlarda, yeraltı nəqliyyatın platformalarında və nəqliyyat vasitələrində nəqliyyatdan mümkün qədər az istifadə edib piyada getməyi təşviq edən plakatlar və videomonitorlarda maarifləndirici təşviqat materialları yerləşdirilməlidir;

– Bilet kassalarının, ödəmə terminallarının qarşısında,nəqliyyat vasitəsini gözləyərkən və yola düşdükdə/metro stansiyalarına daxil olduqda tibbi maska taxmaları tələb olunmalı və məsafə saxlamaları üçün nəqliyyat vasitələrinin gözləmə məntəqələrində – yerdə/platformalarda və s. müvafiq işarələnmə aparılmalıdır;

– Sərnişinlərlə sürücünün fiziki təmasının istisna edilməsi üçün nəqliyyat vasitələrində kabina olmadıqda onların arasında şəffaf arakəsmələr quraşdırılmalıdır;

– Şəhərdaxili taksilərdən istifadə edən müştərilər yalnız arxa oturacaqlarda otura bilər;

– Taksi sürücüsü ilə arxadakı oturacaqların arası şəffaf, hava keçirməyən arakəsmələrlə ayrılmalıdır;

– Bütün ictimai nəqliyyat vasitələrinin, o cümlədən taksilərin içərisinin havası vaxtaşırı dəyişdirilməli, fasilələr zamanı dezinfeksiya işləri aparılmalıdır;

– Sürücülər bir yerə yığışmamalı və öz aralarında sosial məsafənin saxlanılması tapşırılmalıdır. Sürücülər arasında təmaslar minimuma endirilməlidir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı