CƏMİYYƏT 2020.05.27 18:33

Azay Quliyev: AİHM-in qərarı erməni “təbliğat maşını”nın növbəti fiaskosudur

52

Məlum olduğu kimi, 26 may 2020-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun 2004-cü ildə Budapeştdə bir erməni zabitini öldürməsi və digərini öldürməyə cəhd etməsi ilə əlaqədar Ermənistanın təmsilçiləri olan “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” işi üzrə qərar qəbul etdi.

AİHM-in iş üzrə qərarı Ermənistanın anti-Azərbaycan “təbliğat maşını”nın növbəti fiaskosudur. Belə ki, Ermənistanın AİHM-dən siyasi maraqlarına uyğun istifadə etmək, bu quruma təzyiq göstərərək Azərbaycanın əleyhinə qərar qəbuluna nail olmaq və sonra bu qərarı münaqişə kontekstində bizə qarşı çevirmək niyyətilə açdığı məhkəmə davası işğalçı ölkənin gözləntilərini doğrultmadı.

Ən vacibi isə:

Ermənistan tərəfinin tələb və iddialarının əksinə olaraq törədilən əmələ görə Azərbaycanın hər hansı bir formada beynəlxalq və ya hüquqi məsuliyyət daşımadığı Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən birmənalı qeyd edildi. Ermənistanın ölkəmizə qarşı açdığı məhkəmə davasının əsas məqsədlərindən birinin məhz bu olduğunu nəzərə alsaq, bu əsassız iddianın AİHM tərəfindən haqlı olaraq rədd edilməsi xüsusilə təqdir olunmalıdır. AİHM Ramil Səfərovun Macarıstandan Azərbaycana təhvil verilməsində hər hansı bir qanun pozuntusu və ya beynəlxalq öhdəliyə əməl edilməməsi halı aşkarlamadı. Bu da çox ciddi məsələdir, çünki Ermənistan hər zaman Macarıstanı məhz bu məsələyə görə haqsız olaraq ittiham edirdi. Düşünürəm ki, Ermənistan bundan sonra Macarıstana qarşı istifadə etdiyi bu “arqument”dən imtina etməli olacaqdır. AHİM Ramil Səfərova qarşı cinayət işinin yenidən açılması və ya əfv qərarının ləğv edilməsi ilə bağlı Ermənistan tərəfininin əsassız tələbini də rədd etdi. Hesab edirəm ki, bu tələbin yerinə yetirilməsi Ermənistanın əsas məqsədləri sırasında xüsusi yerə malik idi və məhkəmənin bu iddianın əsassız olduğunu sübut etməsi işğalçı ölkəni xeyli məyus etdi.

Bir müsbət məqam da ondan ibarətdir ki, AİHM öz qərarında vurğulayır ki, Azərbaycan tərəfi məhkəmə ilə yaxından əməkdaşlıq edərək lazım olan bütün sənədləri və məlumatları vaxtında məhkəməyə təqdim etmişdir. Bu da Azərbaycanın prosesə nə qədər şəffaf yanaşdığını göstərir.

Burada bir məqama da toxunmaq istərdim ki, məhkəmə qərarında Azərbaycanın qarşı tərəfə hər-hansı bir formada maddi təzminat ödəməsindən söhbət getmir. Burada yalnız məhkəmə praktikasına uyğun olaraq erməni tərəfinin Britaniyadan cəlb etdiyi ingilis vəkillərinin xərclərinin (15 min 143,33 funt sterlinq) Azərbaycan tərəfindən ödənilməsi haqqında müddəa var ki, bu da qeyd etdiyim kimi beynəlxalq məhkəmə praktikasına tam uyğundur.

Bu qərarın Ermənistanın siyasi həyatına, siyasi rəhbərliyinin mənəvi-psixoloji vəziyyətinə təsirini tam anlamaq üçün son üç ayın hadisələrinə bir daha qısa nəzər salmaq lazımdır:

Bu ilin fevral ayında Münxen Təhlükəsizlik Konfransında münaqişə tarixində ilk dəfə olaraq Azərbaycan və Ermənistan rəhbərləri açıq debatda üz-üzə gəldilər. Bu açıq “qarşıdurma”da Azərbaycan Prezidenti cənab İlham Əliyev ciddi və əsaslandırılmış arqumentləri ilə Ermənistanın baş naziri Nikol Paşinyanı darmadağın edərək onu rəzil və çarəsiz vəziyyətə saldı. İnanıram ki, bu biabırçılığı Paşinyan və erməni siyasətçiləri hələ uzun müddət xatırlayacaqlar. Bu ilin martın 31-də Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində qondarma rejim üçün keçirilən “seçkilər” indiyə qədər müşahidə olunmayan birlik və həmrəyliklə beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə rədd edildi və “seçkilər” qeyri-legitim, heç bir hüquqi və siyasi nəticəsi olmayan qanunsuz akt adlandırıldı. Beynəlxalq ictimaiyyətin belə sərt və prinsipial mövqeyi Ermənistanın və dünya ermənizminin Qarabağın Azərbaycandan qopardılması və müstəqil dövlətə çevrilmişi istiqamətində 30 ildən çox müddətdə apardığı siyasətin və etdiyi bütün səylərin üstündən qara bir xətt çəkmiş oldu. Bu, heç şübhəsiz ki, münaqişənin həlli ilə bağlı Azərbaycanın diplomatik və siyasi sahədə əldə etdiyi çox böyük uğur, Ermənistanın isə danılmaz məğlubiyyəti idi. Ermənistanın baş naziri faşistlərə xidmət etmiş və onların tərəfində vuruşaraq on minlərlə günahsız insanı öldürmüş Qaragen Nijdedən, o cümlədən hitlerçi babası Nikol Paşinyandan diqqəti yayındırmaq və ölkəmizə qarşı uydurma “əks-arqument”lə çıxış etmək üçün gülməli bir fəndə əl atdı, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadəni faşist Almaniyası ilə əməkdaşlıqda ittiham etdi. Bu cəhd də öz nəticəsini vermədi – əksinə, onun babasının o dövrdə faşist Almaniyasına xidmət etməsi, elə daxildə, Ermənistanın siyasi və ictimai fəalları tərəfindən ifşa edildi. Paşinyanın Azərbaycanın dəyərli övladlarından və dövlət xadimlərindən olan Məhəmməd Əmin Rəsulzadəyə qarşı təşkil etdiyi yalan və iftira mexanizmi işə düşmədən uğursuzluğa düçar oldu.

Son 3 ayda Ermənistanın məruz qaldığı ifşa və uğursuzluqlara əlavə olaraq AİHM-in belə bir qərar qəbul etməsi, heç sübhəsiz ki yalan üzərində qurulmuş erməni təbliğatının təsirini daha da heçə endirdi.

Azay Quliyev

Milli Məclisin deputatı

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı