CƏMİYYƏT 2020.09.16 17:00

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Ermənistana etiraz etdi

25

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarına Livandan etnik ermənilərin köçürülməsi ilə bağlı beynəlxalq həmkarlar ittifaqları təşkilatlarına

MÜRACİƏTİ

Hörmətli həmkarlar!

Bildiyiniz kimi, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi – Dağlıq Qarabağ regionu və ona bitişik 7 rayon erməni hərbi birləşmələri tərəfindən işğal olunmuşdur. Erməni silahlı qüvvələri beynəlxalq humanitar hüququn bütün prinsip və normalarına zidd olaraq mülki əhalini məqsədyönlü şəkildə əsas hədəf kimi seçərək amansız şəkildə sistematik və kütləvi qırğınını, soyqırımını törətmişdir.
Münaqişə nəticəsində 1 milyondan çox azərbaycanlı dogma torpaqlarından köçürülüb, 20 min nəfər hərbi əməliyyatlar dövründə öldürülüb, 50 min nəfər isə əlil olub. Münaqişə nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb. Onların arasında 67 uşaq, 265 qadın, 326 qoca olub. Bu şəxslərin aqibəti barədə hələ də məlumat yoxdur. İki mindən çox azərbaycanlı isə ermənilər tərəfindən əsir və girov götürülmüşdür.
Beynəlxalq sülhün və təhlükəsizliyin əsas təminatçısı kimi çıxış edən BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1993-cü ildə – 822, 853, 874 və 884 saylı 4 qətnamə qəbul edib. Bu qətnamələr münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üzrə siyasi prosesin hüquqi əsasını müəyyənləşdirir. Qətnamələrdə Azərbaycan ərazisinin işğalı pislənib, güc tətbiqi vasitəsilə ərazi iddialarının reallaşdırılmasının qəbuledilməzliyi vurğulanıb. Azərbaycan ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı bir daha təsdiq edilib və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunub.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ilə yanaşı İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Avropa İttifaqı, Avropa Şurası, ATƏT, Qoşulmama Hərəkatı ölkələri və digər beynəlxalq təşkilatlar Azərbaycanın hərbi təcavüzə məruz qaldığını və ərazi bütövlüyünün bərpa olunması ilə bağlı öz mövqelərini ortalığa qoyduqları halda Ermənistan Respublikası bu tələbləri heçə sayır.
Ermənistan Respublikası özünün məkrli niyyətlərini davam etdirmək məqsədilə bu gün zəbt olunmuş ərazilərdə xarici dövlətlərdən gələn erməni vətəndaşlarını yerləşdirir və Dağlıq Qarabağda demoqrafik vəziyyəti süni surətdə öz xeyirlərinə dəyişmək istəyir.
Ermənistan tərəfi uzun müddədir ki, Suriyadan olan etnik erməniləri işğal olunmuş Dağlıq Qarabağa və ətraf rayonlara köçürür. İndi bu prosesə Livandan olan ermənilərin köçürülməsi əlavə edilib. Beyrutda baş verən partlayışdan sonra Livandan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərinə köçürülməsi prosesi intensiv xarakter almaqdadır.
Beyrutda baş verən partlayışdan sonra bu ölkədəki faciədən öz mənfur məqsədləri üçün istifadə edən işğalçı Ermənistan Livan ermənilərinin Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış əraziləri olan və hazırda hərbi işğal altında olan Dağlıq Qarabağ və ətraf bölgələrinə köçürmək planlarını reallaşdırmağa başlayıb. Bu qanunsuz fəaliyyət işğalçı Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə protokollarının, eləcə də Ermənistanın özünün üzərinə götürdüyü öhdəliklərinin kobudcasına pozulmasıdır.
Qanunsuz məskunlaşdırma siyasətini həyata keçirən Ermənistanın məqsədi isə aydındır; təcavüzkar ölkə bu yolla işğal etdiyi ərazilərdə həyata keçirilən etnik təmizləmənin nəticələrini, işğala əsaslanan status-kvo vəziyyətini möhkəmləndirməyə çalışır.
Bölgə ilə hər hansı əlaqəsi olmayan etnik erməniləri Azərbaycanın hazırda işğal altında olan torpaqlarına qanunsuz şəkildə köçürməklə burada ermənilərin sayını süni şəkildə artırmağa çalışan işğalçı Ermənistan 30 ilə yaxındır ki, insan hüquqları pozulan, Dağlıq Qarabağ və ətraf bölgələrdən zorla didərgin salınan azərbaycanlı məcburi köçkünlərin öz evlərinə, mülklərinə geri qayıtmasına əngəl törədir.
Bölgədə gərginliyi alovlandırmaq məqsədini güdən və öz təxribatçı əməlləri və bəyanatları ilə son zamanlar bunu açıq şəkildə nümayiş etdirən Ermənistan rəhbərliyi həyata keçirdiyi bu ilhaqçı siyasəti ilə münaqişənin danışıqlar masası arxasında həllinə zərbə vurur.

Hörmətli həmkarlar!

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasəti, konkret olaraq Livandan etnik ermənilərin Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarına köçürülməsi ilə bağlı ciddi etirazını bildirir, işğal edilmiş ərazilərimizdə həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən qanunsuz məskunlaşdırmaya son qoyulmasını tələb edir.
Hesab edirik ki, Beynəlxalq Həmkarlar İttifaqları təşkilatları Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ ərazisində Ermənistanın qanunsuz məskunlaşdırma siyasəti barədə məlumatlıdır. Ümidvarıq ki, tərkibində uzun illər fəaliyyət göstərdiyimiz bu beynəlxalq qurumlar Ermənistanın Dağlıq Qarabağ ərazisində süni şəkildə demoqrafik vəziyyəti dəyişmək siyasətinin əsl mahiyyətinin nədən ibarət olduğunu və bunun dayandırılması barədə Azərbaycanın haqlı tələbinin yerinə yetirilməsi üçün ədaləti mövqe sərgiləyəcək, problemin həlli ilə əlaqədar BMT-nin və beynəlxalq qurumların qətnamə və qərarlarının yerinə yetirilməsi üçün müvafiq təşkilatlar qarşısında tələblər irəli sürəcəklər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı