CƏMİYYƏT 2020.06.06 20:48

“Azərbaycan Mübarizləri” Partiyasının Sədri Ağadur Müslümov: Siyasi və hüquqi baxımdan bizim mövqeyimiz ədalətli Ermənistanın mövqeyi terrorçu və faşist Avropa Şurası isə anti-Azərbaycan mövqedədir

96

“Azərbaycan Mübarizləri” Partiyasının Sədri Ağadur Müslümov Prezident İlham Əliyev bu günlərdə Tərtər, Ağdam və Ağcabədiyə səfəri zamanı yerli əhalinin nümayəndələri ilə görüşdə ictimaiyyətə verdi mühüm mesajlara münasibət bildirərkən söyləmişdir.

Prezident İlham Əliyev 2020-ci il iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idmançısı qarşısında çıxışı zamanı Qondarma Dağlıq Qarabağ xunta rejimində 31 martda keçirilən prezident və parlament, 14 apreldə keçirilən prezident (2-ci tur) seçkiləri ilə bağlı proqram xarakterli olduqca vacib məqamlara toxunmuşdur.

Qeyd etmək istərdim ki,Prezident İlham Əliyevin bütün səfərləri – istər ölkə daxilində, istərsə də xaricdə – həmişə özünə diqqət tələb edən hadisə olmaq etibarilə çox önəmli mesajlarla yadda qalır. Bu səfər də istisna deyil. Bununla belə, Tərtəri, Ağdamı, eləcə də Ağcabədini və səfər tarixini fərqli qılan bir xeyli səbəblər var. Ən azı onu xatırlayaq ki, Tərtər 2016-cı ilin Aprel döyüşlərində düşmənin diş qıcadığı, öz ağılları ilə yeni işğalçılıq planlarını cızdığı rayon idi. Bu barədə Azərbaycan Prezidentinin Tərtərdəki çıxışında da deyildi. Ağdam işğaldan öncə düşmənin göz dağı olub, işğala uğramamış, yaxud azad edilmiş kəndləri, qəsəbələri ilə yenə göz dağıdır. Ağcabədidə çoxsaylı məcburi köçkün həmvətənimiz məskunlaşıb və hər üç rayon öz ərazisi etibarilə ya ön cəbhədir ya da ön cəbhə üçün çox önəmli rayonlarımızdır.

Ona görə də, nəyi, nə vaxt, harada və necə etmək lazımdır sualının ən doğru cavablarını bilən ali dövlət rəhbərliyimiz, şəxsən Ali Baş Komandanımız bu səfəri təsadüfən planlaşdırmayıb. Prezident İlham Əliyevin məhz bu günlərdə Tərtərdə, Ağcabədidə verdiyi ismarışlar məqsədyönlü xarakter daşıyır.
Ölkəmizin “bir nömrəli problemi, hər düşünən vətəndaşımız üçün də “bir nömrəli vəzifə” olan ərazi bütövlüyü məsələsinə, düşmən işğalına son vermək barədə görülmüş işlərə daha çox diqqət yetirməliyik, o barədə danışmalı, iş görməliyik.

Prezident görüş zamanı qed etmişdir ki,Qondarma Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament seçkiləri bir şou və təlxəklər tamaşasıdır. Dünyanın heç bir dövləti illərdir keçirilən “məzhəkə oyununun” nəticələrini tanımayıb. Hətta Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyası ilə çıxış edən ATƏT-in Minsk qrupu həmsədrləri – Amerika, Fransa, Rusiya qondarma xunta rejimində keçirilən seçkiləri və nəticələrini tanımadıqlarını bildiriblər. Avropa İttifaqı da eynilə seçkiləri tanımadığını bəyan edib.

Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar – bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı. Məsələyə təkcə Avropa Şurası münasibət bildirmədi və yuxarıda adları keçən dövlətlərin və beynəlxalq təşkilatların sırasına qoşulmadı. Avropa Şurasının susmağının səbəbi bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən, demokratiyadan və beynəlxalq hüquqdan söhbət gedə bilər! Avropa Şurası qitədə yüz illərdir formalaşam bəşəri və insani dəyərləri diqqətə almadan xunta rejiminin, işğalçının, Xocalıda Azərbaycanın mülki əhalisinə qarşı soyqırım edən, narkotik və silah qaçaqmalçılığı mərkəzi olan qondarma qurumun demokratik dəyərləri kobud şəkildə pozmasına səssiz qaldı.

Prezident İlham Əliyev daha sonra çıxışına belə davam edib: “Mən deyəndə ki, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız parçasından artıq deyil, bunu nəzərdə tuturdum. Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır”. Prezident İlham Əliyev Avropa Şurası ilə münasibətləri xarakterizə edərək, bütün bu ittihamları artıqlaması ilə onların özlərinə qaytardıqlarını, indi bu dünyada bəzi ölkələrdə nələr baş verməsi ilə bağlı Avropa Şurasından bəyanat vermələrini gözlədiklərini qeyd etdi.

Prezident İlham Əliyev elə Avropa dövlətlərinin özlərində polis zorakılığının, nümayişçilərə qarşı tətbiq edilən gücün, nümayişçilərin öldürülməsinin, onların gözlərinin çıxarılmasının, kütləvi surətdə həbslərin, jurnalistlərin döyülməsinin, həbs edilməsinin müşahidə edildiyini ifadə edib. Açsınlar gözlərini, baxsınlar və utansınlar ki, susublar. Nəyə görə? Çünki güclü dövlətlərdən qorxurlar. Hesab edirlər ki, bu, məsələnin insan haqlarının qorunmasına aidiyyəti yoxdur. Ona görə bu qurumun riyakar mahiyyəti heç kim üçün sirr deyil və bizi də heç maraqlandırmır.

Prezident İlham Əliyev nitqinə davam edərək belə deyib:Mart ayında şouların təşkili üzrə peşəkar olan – şoumen Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində qondarma “prezident və parlament seçkiləri” keçirildi. Həmin “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq rədd edildi. Dünyanın aparıcı və mötəbər təşkilatları və bir sıra ölkələr Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə etməklə yanaşı, qondarma “seçkiləri” tanımadıqlarını bildirdilər.

Qeyd edək ki, qondarma Dağlıq Qarabağ xunta rejimində prezident və parlament seçkilərinin COVID-19 koronavirus pandemiyasının geniş yayıldığı bir zamanda keçirilməsi məsələsi də geniş izah olunmalıdır. Pandemiya dövründə keçirilən seçkilərdə belə Qərb dövlətləri və AŞPA səslərini çıxarmadı.

AŞPA ikili standartların ən geniş vüsət aldığı regional platformadır və təəssüf ki, Azərbaycan bu yanaşmanın əsas hədəflərindən biri olmaqda hələ də davam edir. Təxminən 20 ildir ki, siyasi sifariş icra edən bir sıra şəxslər AŞPA tribunasından ölkəmizə qarşı əsassız tənqidlər və böhtan səsləndirmək üçün istifadə etməyə cəhd edirlər.

Ölkə başçısı onu da qeyd etmişdir ki,ABŞ-ın Minneapolis şəhərində “Nəfəs ala bilmirəm” deyə inildəyən silahsız qaradərili Corc Floydun ölümü ilə əlaqədar kütləvi iğtişaşlar səngimək bilmir. Həmin səhnələrə baxdıqda məşhur Hollivud filmləri olan “Qara cəngavərin yüksəlişi” və “Coker” filmləri insanın gözü qarşısında keçir. Heç kimə sirr deyildir ki, ABŞ-da qaradərililərə qarşı sistematik hal almış ayrı-seçkilik mövcuddur. Mayın 26-dan başlamış iğtişaşlar zamanı 11 mindən çox insan həbs olunmuş, 16-dan çox insan həyatını itirmişdir.

Lakin ölkəmizi tənqid etməyə vərdiş eləmiş qüvvələr nədənsə həmin hadisələri görməzdən gəlirlər.
AŞPA və ATƏT-in Azərbaycana yönəlik haqsız siyasətini qiymətləndirən Prezident İlham Əliyev belə deyib:AŞPA azərbaycanlıları sevirsə, niyə indiyədək hazırda Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin pozulmuş hüquqlarının bərpası ilə bağlı kiçik də olsa bir fikir səsləndirmirlər. Axı onlar da insandırlar və onların işgəncə altında da saxlanıldığı heç kimi sirr deyil.

AŞPA-nın qərəzli, ədalətsiz və beynəlxalq hüququ nəzərə almadan qarayaxma kampaniyasının Azərbaycanın siyasi iradəsindən döndərə bilməyəcəyini, doğru və qanuni bildiyi yoldan uzaqlaşdırmayacağını qeyd edən Prezident İlham Əliyev deyib:Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının və mayın 4-də Qoşulmama Hərəkatının fövqəladə zirvə görüşləri keçirilib. Qeyd olunmalıdır ki, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunan Zirvə görüşünü keçirib. Qoşulmama Hərəkatının zirvə görüşündə dünyanın dörd bir yanından 40-dan çox ölkənin dövlət və hökumət başçıları və xarici işlər nazirləri iştirk ediblər ki, bu da bir daha ölkəmizə və Prezidentimizə olan inamın, etibarın və etimadın göstəricisidir. Eyni zamanda, Azərbaycan pandemiya dövründə 30-dan çox beynəlxalq təşkilata və dövlətə maliyyə və humanitar yardım edib.

30 ilə yaxındır ki, Azərbaycan müstəqillik əldə edib və bu dövr ərzində ölkəmiz kifayət qədər uğurlar qazanıb. Hamının qarşısında aciz qaldığı COVID-19 pandemiyasına qarşı mübarizədə Azərbaycan əhəmiyyətli töhfə verib.

Ölkə başçısı tərəfindən Ümumilikdə bütün görüşlər və bu tədbirlərdə səsləndirilən fikirlər vətəndaşımıza da, torpaqlarımızı işğal altında saxlayanlara da çox aydın və mühüm əhəmiyyətli ismarışlardır. Burada açıqca hiss olunan və vətəndaş̧ olaraq qürur duyduğumuz məqamlardan bəzisini fərqləndirmək üçün belə ümumi mənzərəyə baxmaq kifayətdir. Baxın, əgər dövlətimiz ön cəbhəyə yaxın ərazidə müəssisələr açırsa, bu, özgüvəndir, ordumuzun qüdrətinə əminliyin ifadəsidir, gələcək planların bu günə inikasıdır.
Azərbaycanın işğal edilmiş ərazilərində “qondarma” prezident və parlament seçkilərinin keçirilməsini qondarma xunta rejimi və Ermənistan tərəfindən Azərbaycana birbaşa təcavüzün və işğalın davamıdır.
“Azərbaycan Mübarizləri” Partiyasının sədri olaraq bir daha söyləyirəm: “İnanıram ki, ölkədə Cənab Prezident tərəfindən aparılan islahatlar kursu bizə böyük perspektivlər vəd edir və ortada iqtisadiyyatı, ordusu, vətənpərvər gəncliyi, haqq işə inanan əhalisi ilə Azərbaycan var.

Biz, mütləq qalib gələcəyik. Bizim işimiz haqq işidir, bizdə işğalçılardan fərqli olaraq. dövlət-xalq birliyi mövcuddur.

Ağadur Müslümov

“Azərbaycan Mübarizləri” Partiyasının Sədri

 

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı