CƏMİYYƏT 2020.06.06 16:38

“Azərbaycan naminə alyans partiyasının sədri” Abutalıb Səmədov: Prezident İlham Əliyev Hakimiyyətdə olduğu müddətdə regionların inkişafına mühüm əhəmiyyətli addımlar atıb

65

Hakimiyyətdə olduğu müddətdə regionların inkişafına mühüm əhəmiyyət verən Prezident İlham Əliyev 2020-ci il iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idmançısı qarşısında çıxış etdi.

Azərbaycanda dağıdıcı qüvvələri, beşinci kolonu fəallaşdırmağa, insanların həssas nöqtələrinə toxunmaqla əhalini hakimiyyətə qarşı qaldırmağa yönələn təxribatla-Qondarma Dağlıq Qarabağ xunta rejimində keçirilən prezident və parlament seçkiləri ilə- bağlı proqram xarakterli fikirlər söyləyən dövlət başçısı olduqca vacib məqamlara toxundu. Seçkiləri “şou” və “təlxəklər tamaşası” adlandıran Prezidentimiz dünyanın heç bir dövlətinin illərdir keçirilən “məzhəkə oyununun” nəticələrini qəbul etmədiklərini, hətta münaqişənin həlli üçün vasitəçilik edən ATƏT-in Minsk qrupu həmsədrləri – Amerika, Fransa, Rusiyanın qondarma xunta rejimində keçirilən seçkiləri və nəticələrini tanımadıqlarını bildirdiklərini” xatırlatdı. Eyni zamanda Avropa İttifaqının, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, bütün aparıcı beynəlxalq təşkilatların bu seçkiləri qınadığını, məsələyə təkcə Avropa Şurasının münasibət bildirmədiyini bəyan edən İ.Əliyev bu susqunluğun səbəbləri üzərində ətraflı dayandı:

“Avropa Şurasının susmağının səbəbi bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən, demokratiyadan və beynəlxalq hüquqdan söhbət gedə bilər! Avropa Şurası qitədə yüz illərdir formalaşan bəşəri və insani dəyərləri diqqətə almadan xunta rejiminin, işğalçının, Xocalıda Azərbaycanın mülki əhalisinə qarşı soyqırım edən, narkotik və silah qaçaqmalçılığı mərkəzi olan qondarma qurumun demokratik dəyərləri kobud şəkildə pozmasına səssiz qaldı”.

Prezident İlham Əliyev Azərbaycan ictimaiyyətinin Avropa Şurasının anti-Azərbaycan mövqedə olduğunu gördüyünü və bu təşkilatda hökm sürən anti-Azərbaycan meyillərinin kökündə azərbaycanafobiyanın, islamafobiyanın dayandığını, dövlətimizə ünvanlanmış bütün ittihamların təməlində məhz bu amillərin olduğunu bildirərək elə Avropa dövlətlərinin özlərində polis zorakılığının, nümayişçilərə qarşı tətbiq edilən gücün, nümayişçilərin öldürülməsinin, onların gözlərinin çıxarılmasının, kütləvi surətdə həbslərin, jurnalistlərin döyülməsinin, həbs edilməsinin müşahidə edildiyini ifadə etdi:

“Açsınlar gözlərini, baxsınlar və utansınlar ki, susublar. Nəyə görə? Çünki güclü dövlətlərdən qorxurlar. Hesab edirlər ki, bu, məsələnin insan haqlarının qorunmasına aidiyyəti yoxdur. …Azərbaycanı tənqid eləmək üçün ən kiçik fürsətdən belə yararlanmağa çalışan AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Roger Qey bu məsələdə indiyədək qəribə səssizlik nümayiş etdirdilər. Göründüyü kimi, qərəz və kin yuvası olan AŞPA bir daha mötəbər olmağı bacarmadı”.
Qondarma seçkilərə bağlı bu cür prinsipsizlik nümayiş etdirən Avropa Şurasına qarşı “ana müxalifətin” heç bir münasibət bildirməməsi onların antidövlət, antixalq mahiyyətini bir daha ortaya qoymaqla göstərdi ki, bu qüvvələr yalnız nəyin bahasına olursa olsun hakimiyyətə gəlmək barədə düşünürlər və bu yolda xalqımıza qarşı düşmən mövqe tutanlarla belə əməkdaşlığa hazırdırlar.

Qeyd edək ki, qondarma Dağlıq Qarabağ xunta rejimində prezident və parlament seçkilərinin COVID-19 koronavirus pandemiyasının geniş yayıldığı bir zamanda keçirilməsinə nə demokratiyanı bayraq edən Qərb dövlətləri, nə də AŞPA səslərini çıxarmadı. Hətta BBC seçkilərlə bağlı xəbərləri “Koronavirusun ortasında seçkilər” kimi manşetə çıxardaraq bunun bir “cəsarət nümunəsi” kimi təqdim etməyə çalışdı. Qondarma Dağlıq Qarabağ xunta rejimində prezident və parlament seçkiləri zamanı insan həyatına bu qədər ucuz dəyər verilməsi, bütün dünya koronavirus pandemiyasına qarşı ümumi mübarizə edərkən xunta rejiminin pandemiyaya qarşı gərəkli önləyici tədbirləri almaması da diqqətdən kənarda qalmamalıdır.

Azərbaycan və Ermənistanın eyni tarixlərdə Avropa Şurasına üzv olduqlarını və bərabər bir sıra öhdəliklər götürdüklərini vurğulayan Prezident İlham Əliyev, Ermənistandan fərqli olaraq Azərbaycanın götürdüyü öhdəliklər sadiq qalmasına baxmayaraq, bu iki ölkəyə münasibətdə AŞ-nın ikili standartlarda siyasət həyata keçirdiyini xatırladaraq son vaxtlar Avropa Şurasının Parlament Assambleyasının Azərbaycana qarşı nifrət aşıladığını deyib və təbii ki, mahiyyət etibarilə azərbaycanafobiyanı özündə ehtiva edən mövqeyi diqqətindən yayınmayıb:

“Son vaxtlar Avropa Şurası Parlament Assambleyası tamamilə nüfuzdan düşən bir quruma çevrilib, AŞPA məhz Azərbaycanın hesabına özünə reytinq yığmağa çalışır və heç kəsə sirr deyil ki, AŞPA-da son illər aparılan müzakirələr ədalətli deyil, demokratik dəyərlər və insan haqları kobud şəkildə pozulur, sönük keçir.”.

AŞPA-nın fəaliyyətinin bəşəri dəyərlərlə və beynəlxalq hüququn prinsipləri ilə üst-üstə düşmədiyini, ikili standartlar nümunəsinə rast gəldiyini qeyd edən Prezident İlham Əliyev belə davam edib:
“AŞPA ikili standartların ən geniş vüsət aldığı regional platformadır və təəssüf ki, Azərbaycan bu yanaşmanın əsas hədəflərindən biri olmaqda hələ də davam edir. Təxminən 20 ildir ki, siyasi sifariş icra edən bir sıra şəxslər AŞPA tribunasından ölkəmizə qarşı əsassız tənqidlər və böhtan səsləndirmək üçün istifadə etməyə cəhd edirlər.

Bu gün biz dünyanın demokratiyanın beşiyi sayılan ölkələrində Hollivud filmlərini xatırladan polis qəddarlığının, zorakılığının, insanların polis tərəfindən döyülməsinin, təhqir edilməsinin, insanların üstünə itlər göndərilməsinin, atlarla əzilməsinin şahidi oluruq. Lakin Azərbaycanda kiçik bir çırtmaya dərhal reaksiya verən AŞ və Qərbin bəzi dairələri bu kimi hallara göz yumur və səsini belə çıxarmağa cəsarət etmir”.

Prezident İlham Əliyev AŞPA-nın Azərbaycana yönəlik siyasətində siyasi məhbuslar məsələsinin haqsız və əsassız olaraq hər zaman gündəliyə gətirməsi məsələsinə də münasibət bildirib:
“Azərbaycana qarşı AŞPA-da antipatiyanın daha da güclənməsinin səbəblərindən biri şübhəsiz ki 2013-cü ildə Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı qondarma hesabatının səsvermə ilə rədd edilməsi dayanır. Bu məğlubiyyətdən sonra anti-Azərbaycan qüvvələri daha da quduzlaşdılar. Revanş hissi ilə yaşayan həmin qüvvələr ilk növbədə ölkəmizdə keçirilən mühüm tədbirlər ərəfəsində və zamanı Azərbaycanı qaralamağa başladılar. Bunun kampaniya olduğu və kimlərsə tərəfindən idarə edildiyi aydın şəkildə dərhal sezilirdi.

Ölkəmizə qarşı ciddi nəsə edə bilməyən qüvvələr mifik “Azərbaycan landromatı” söhbətini ortaya atdılar. Bir anlıq təsəvvür edək ki, guya bu iddialar doğrudur. Onda belə çıxır ki, AŞPA-da olan deputatlar, siyasətçilər pula satılmış prinsipsiz və əqidəsiz tülüngülərdir. Bəs onda bu satılmış siyasətçi və deputatlar hansı əsasla insan hüquqları və dəyərlərdən danışırlar?!”

AŞPA-nın cari ilin 9 fevral tarixində keçirilən parlament seçkiləri ilə bağlı qərəzli və ədalətsiz münasibəti də Prezident İlham Əliyevin nitqində yer alıb:

“AŞPA-nın Azərbaycanda keçirilmiş parlament seçkilərinə münasibəti qəbuledilməz idi. Bütün seçki prosesini, atılan addımları, tərəqqini kənara qoyaraq diqqəti bir neçə nəfərin üzərinə cəmləmək və Azərbaycana qarşı iftiralar atmaq sırf qərəzdən xəbər verir. Bu mənada, 2020-ci il yanvarın 30-da AŞPA-da Azərbaycanla bağlı qəbul edilmiş qətnamənin məzmunu bir yana, vaxtı da suallar doğurdu.”
AŞPA-Azərbaycan münasibətlərini təhlil edən Prezident İlham Əliyev onun AŞPA-dakı Azərbaycan nümayəndəliyinə rəhbərlik etdiyi dövrdə-2005-ci ildə qəbul edilmiş “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə” adlı 1416 (2005) saylı qətnamənin çox yüksək əhəmiyyətə malik sənəd olduğunu xatırladaraq bu sənəd əsasında yaradılmılş Dağlıq Qarabağ münaqişəsi üzrə alt-komitə Ermənistan nümayəndə heyətinin qeyri-konstruktiv yanaşması ilə fəaliyyətini dayandırmasını vurğulayaraq dedi:

“Bu xüsusda, AŞPA tərəfindən qeyd edilən qətnamənin icrası istiqamətində qətiyyətin və Ermənistanın sərgilədiyi bu mövqeyə görə sərt qınanmasının şahidi olmamışıq. Azərbaycanda məişət zəminində baş vermiş ürək getməsinə belə reaksiya verən AŞPA nəyə görə öz qərarına Ermənistan tərəfindən məhəl qoyulmamasına reaksiya vermir.”

AŞPA-nın qərəzli, ədalətsiz və beynəlxalq hüququ nəzərə almadan qarayaxma kampaniyasının Azərbaycanın siyasi iradəsindən döndərə bilməyəcəyini, doğru və qanuni bildiyi yoldan uzaqlaşdırmayacağını qeyd edən Prezident İlham Əliyev deyib:

“AŞPA-da bəziləri Ermənistan, erməni lobbisi və islamofobların apardıqları qatı anti-Azərbaycan kampaniyası ilə ölkəmizi öz yolundan döndərmək mümkünsüzdür. Azərbaycanda siyasi məhbuslarla bağlı qəbul edilmiş son qətnamə heç bir əhəmiyyət kəsb etmir və bu qətnamənin Azərbaycan üçün dəyəri bir kağız parçasından artıq deyil. Azərbaycan orada səslənən uydurma ittihamların heç birini qəbul etmir. Azərbaycanla hədə, şantaj dilində danışmaq olmaz. Azərbaycan AŞPA-nın qərəzli qətnamələrinin heç birini icra etməyəcəkdir. AŞPA isə bundan sonra da Azərbaycanla bütün körpüləri yandırmaq siyasətini davam etdirmək istəyirsə, bu onun öz seçimidir.”

Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra iqtisadi, siyasi uğurlar qazandığını, pandemiya dövründə qəbul etdiyi doğru qərarlar və istər vətəndaşlarına, istərsə də digər dövlətlərə göstərdiyi humanitar yardımlar və başqa müvəffəqiyyətləri göstərmək baxımından aşağıdakı abzas xüsusi əhəmiyyət daşıyır:

“30 ilə yaxındır ki Azərbaycan müstəqillik əldə edib və bu dövr ərzində ölkəmiz kifayət qədər uğurlar qazanıb. Hamının qarşısında aciz qaldığı COVID-19 pandemiyasına qarşı mübarizədə Azərbaycan əhəmiyyətli töhfə verib. Multilateralizmin can verdiyi bir şəraitdə Azərbaycan çoxtərəfli diplomatiyanın vacibliyini və zəruriliyini uzunmüddətli müstəqillik tarixi olan dövlətlərə nümayiş etdirə bildi. Pandemiya dövründə belə Azərbaycanı ağ-qara ekrandan izləməyə vərdiş edən AŞPA və Qərbin bəzi dairələrinin bir daha qərəzinin canlı şahidi olduq.”

Prezident İlham Əliyev şəxsi təşəbbüsü ilə pandemiya dövründə Türk Şurasının və Qoşulmama Hərəkatının fövqəladə zirvə görüşləri bu görüşlərin nəticələri barədə danışıb və çıxışında bu məsələlərə də yer verib. Bu məsələlər də geniş şəkildə gündəmə gətirilməlidir.

Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Xəzər hövzəsindəki enerji resurslarının dünya bazarlarına çıxarılması, Avropanın enerji tələbatının qarşılanmasında mühüm yerə sahib olması, həyata keçirdiyi beynəlxalq infrastruktur layihələri və digər işlər sayəsində dövlətimizin dünyada artıq “orta miqyaslı” (middle power) ölkə kimi tanındığını qeyd edən dövlət başçımız bəyan etdi ki:
“Ərazisinin kiçik olmasına baxmayaraq, Azərbaycan apardığı uğurlu xarici siyasətlə, bəşəriyyətə sülh və davamlı inkişaf bəxş edən dəyərləri təbliğ etməklə beynəlxalq sistemin təhlükəsizliyi və sabitliyinə mühüm töhfə verir. Eyni zamanda, uğurlu regional enerji və infrastruktur layihələri ilə Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyinə və davamlı inkişafına töhfə verir. Azərbaycan dəfələrlə Rusiya və NATO arasında dialoqun aparılmasında dəfələrlə vasitəçi kimi çıxış etmişdir. Bütün bunlar ölkəmizin nüfuzundan xəbər verir ki, bu da öz növbəsində azərbaycanafobiya qüvvələri narahat etməyə bilməz”.

Xalqımıza və dövlətimizə qarşı yönələn qəsdlərin artdığı dövrdə siyasi partiyaların əsas vəzifəsi bu cəhdlərin qarşısının alınmasında əlindən gələni etmək və bu mübarizədə prezident İlham Əliyevin yanında yer almaqdır.

Abutalıb Səmədov

Azərbaycan Naminə Alyans partiyasının sədri.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı