BAXIŞ BUCAĞI 2020.10.26 18:17

Azərbaycan öz haqq savaşında qalibdir

237

Sentyabrın 27-dən etibarən Azərbaycanın başladığı əks hücum, eyni zamanda informasiya müharibəsi öz əməli nəticəsini verməkdədir. Birmənalı olaraq əsas məqsədimiz torpaqlarımızın işğaldan tam olaraq azad olunmasıdır. Əlbəttə, erməni tərəfi döyüş meydanında aldığı ağır məğlubiyyətin əvəzini Azərbaycanın dinc əhalinin yaşadığı şəhər və rayonlardan çıxmaq istəyir. Belə ki, Ermənistanın törətmiş olduğu terror aktı nəticəsində Gəncə şəhərinə dəymiş zərər və insan tələfatı onlarla aparıcı dünya kanalları və mətbu orqanları tərəfindən yayımlandı. Dünya ictimaiyyəti bir daha Ermənistan dövlətinin cinayət əməllərinin, vəhşliyinin şahidi oldu. Vaşinqton post, Nyu-York Tayms, Eurasianet və digər ABŞ xəbər saytarında müxtəlif aspektlərdə məqalələr dərc edildi. Türkiyə mətbuatı burada həmişəki kimi obyektivliyi və müntəzəm şəkildə xəbər yaymaqla birinci oldu. Lakin Azərbaycanın haqq səsini düzgün çatdıran qərb ölkələrinin jurnalistləri ermənilər tərəfindən təhdid və təhqir edilməkdədir. Fransada fəaliyyət göstərən TF1 kanalının xanım müxbirinə çəkdiyi video-reportaja görə ermənilər tərəfindən edilən ölüm təhdidi buna misaldır. Jurnalist Lizeron Budul evdən çıxmır və psixoloji gərginlik keçirir. Əslində xanım erməni terrorunun qurbanıdır. Bu psixoloji terrorun nümunəsidir. Yəqin L. Budul bunun fərqindəndir və erməni xislətinə tam agah olur. Biz isə burada şübhəsiz ki, o xanım jurnalisti və onun kimi ədalətli mövqe nümayiş etdirən əcnəbi KİV əməkdaşlarını müdafiə etməli və qorumalıyıq. Onlar bizim haqq səsimizin carçılarıdırlar.

Bugün siyasi mənzərə onu deməyə əsas verir ki, artıq heç nə 1990-ci illərdəki kimi deyil. Son 20 il ərzində Azərbaycanın beynəlxalq media ilə əməkdaşlıq səviyyəsi xeyli güclənmişdir. Ordumuz isə qüvvətli, cəsur və peşəkarlaşmışdır. Vurğulanmalıdır ki, bütün bu siyasətin ssenaristi ümumilli liderimiz Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyevdir. Dünən ABŞ-ın FOX TV kanalına müsahibə verən Ali Baş Komandan ermənilərin yalan xəbərlərini növbəti dəfə ifşa etdi, Amerika ictimaiyyətinə real vəziyyəti təhlil etdi. Birinci Qarabağ müharibəsi başlayanda o dövrdəki siyasi rəhbərlik tərəfindən xarici mediaya belə səlis və dolğun müsahibələr verilsəydi, indiki siyasi mənzərə bəlkə də başqa cür olardı.

Nikol Paşinyana gəlincə, onun dünyadakı imici siyasətçi kimi deyil, daha çox jurnalist fəaliyyətindən ibarətdir. Bundan əlavə, o, bu günə qədər ki, açıqlamaları və bütün fəaliyyəti ilə bir Soros məhsulu olduğunu sübut edib. Bundan əlavə, ikinci Qarabağ müharibəsi başlayan zaman onun qeyri-adekvat çıxışları, işğalçı mövqeyi və heç bir ümidverici fikirləri də olmadı. Hərdən jestləri ilə gülüş obyektinə çevrildiyindən də yəqin xəbəri var. ABŞ, Ukrayna, Rusiya, Türkiyə, Pakistan, İsrail ekspertləri və dövlət xadimlərinin bu barədə müsahibələri dərc olundu. 1990-cı illərdən fərqli olaraq bu dəfə alovlanmış müharibə dünyaya səs saldı. Bunun səbəbləri var: 25 ildən artıq əsası qoyulmuş dayanıqlı diplomatiya, iqtisadi göstəricilərin bu illər ərzində sürətlə artması, Azərbaycanın aparıcı dünya ölkələri arasında yaratdığı güvənli tərəfdaşlıq imici və Avropa ilə enerji layihələrin müsbət nəticələri.

Elə bir siyasi-hərbi məqama çatmışıq ki, həm diplomatiya sahəsində, həm də düzgün dövlət siyasəti nəticəsində əhəmiyyətli pilləyə yüksəlmişik. Biz dünyada susqunluq nümunəsinin 30 il şahidi olduq. 30 il ərzində BMT Təhlükəsizlik Şurasının Liviya və Suriya nümunəsində anında reaksiyasını gördük. Lakin Qarabağ məsələsində bu belə deyil.

Vurğulanmalıdır ki, bu illər ərzində vətənpərvərlik ideologiyasının güclənməsində qurumlar və dövlət xadimlərinin də rolu danılmazdır. Lakin ən böyük rol ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyevin payına düşür. Düşünülmüş doğru milli ideya strategiyası və onun tətbiqi cəmiyyətimizin milli kimliyinin formalaşmasına təsir etmiş və psixoloji cəhətdən gücləndirmişdir. Bunun nəticəsidir ki, milli həmrəylik formalaşır və hamı Ali Baş Komandanın ətrafında birləşir.

Həqiqət budur ki, Azərbaycan öz haqq yolundadır və düşməndən işğalda olan torpaqlarımızı azad edir. Ali Baş komandan İlham Əliyev bu vətən savaşında fəaliyyətini böyük uğurla davam edir. Əlbəttə ki, hamımız sevincli və qururluyuq. Çünki təxminən 30 ilin necə də nəticəsiz gəlib keçdiyinin şahidiyik. Buna görə də, çox məyusluq keçirirdik. İndi isə insanlar yolda, nəqliyyatda, evdə gülür, sevinir və fəxarət hissi keçirir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların xatirəsi bizim üçün hər zaman əziz və dəyərlidir.

Bir sözlə, bu gün xalqımız rəşadətli ordumuzun irəliləməsini, Ali Baş Komandanın rəhbərlik etdiyi prosesi hər an izləyir, bütün gündəliyini bu xəbərlərə bağlayır. Hamı bir nəfər kimi, Qarabağ Azərbaycandır, deyir ! Hamı bir nəfər kimi, Azərbaycanın öz haqq savaşında artıq qalib olduğuna əmindir.

Gülsel Səfərova
siyasi analitik

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı