CƏMİYYƏT 2020.07.31 12:45

Azərbaycan Vətəndaş Hərəkatı İranı birmənalı dəstək verməyə çağırdı

191

Bir neçə həftədir ki, Azərbaycan-Ermənistan  sərhəddinin Tovuz rayonu istiqamətində, o cümlədən işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda Ermənistanın təcavüzü nəticəsində hərbi gərginlik yaşanır. Mütərəqqi beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzünü pisləyir, buna qarşı etiraz bəyanatları və açıqlamaları yayır. Beynəlxalq hüququn pozulmasına qarşı olan, Azərbaycanın BMT tərəfindən tanınan sərhədlərinə və ərazi bütövlüyünə hörmət göstərən ölkələr, beynəlxalq təşkilatlar rəsmi Bakıya dəstək nümayiş etdirirlər.

Hər zaman Azərbaycanın haqq işinə dəstək verən, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən, Ermənistanın təcavüzünü pisləyən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) bu dəfə də ənənəsinə sadiq qalaraq beynəlxalq hüququn, ədalətin yanında yer aldı. Təəssüf ki, bir sıra İslam dövlətləri İƏT-in bu fəaliyyətində birmənalı şəkildə iştirak etmədilər, hətta bəziləri işğalçı Ermənistana dəstək verdi. Əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycan dövləti  isə haqlı olaraq qardaş İslam ölkələrindən birmənalı mövqe və dəstək gözləyirdi. Çünki Azərbaycan daim İƏT-in İslam ölkələrinə dəstək tədbirlərində fəal iştirak edib.

Belə gərgin məqamlarda qonşu dövlətlərin davranışı çox önəmli olur. Tarixi, mədəni, ictimai, sosial, siyasi, iqtisadi və s. sahələrdə bir-birinə çox yaxın və bağlı olan Azərbaycanla İranın bir-birinə qarşılıqlı dəstəyi çox önəmlidir. Hər iki ölkənin geniş quru sərhəddinin olması, İranda çoxsaylı soydaşımızın yaşaması, İranla mehriban qonşuluq münasibətlərinin saxlanmasında maraqlı olan Azərbaycanın öz ərazisindən İrana qarşı istifadəyə icazə verməməsi deməyə əsas verir ki, hazırkı mürəkkəb şəraitdə rəsmi Tehranın müsəlman qonşusunu birmənalı dəstəkləməsi lazım idi. Lakin bir sıra kiçik məqamlar istisna olmaqla, təəssüf ki, Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı zamanı biz yaxın qonşumuzun nəinki birmənalı dəstəyini  görmədik, əksinə Tehrandakı Ermənistan səfirliyinin qarşısında aksiya keçirən, tarix boyu İranın inkişafına xidmət etmiş soydaşlarımızın həbsi xəbərini eşitdik. Bu, cəmiyyətimizdə dərin təəssüf və üzüntü ilə qarşılandı. Azərbaycan Vətəndaş Hərəkatı olaraq bu hadisələrdən təəssüfləndiyimizi bildirir, həbs olunan soydaşlarımızın tezliklə azad olunacağına ümid edir, İranı Azərbaycanın haqq işini birmənalı dəstəkləməyə çağırır, iki dost və qonşu dövlət arasında anlaşılmazlıqların aradan qaldırılması, vətəndaşlarımız arasında münasibətlərin qarşılıqlı etimad müstəvisində daha da yaxşılaşdırılması üçün tərəfimizdən bütün addımları atmağa hazır olduğumuzu bəyan edirik.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı