MEDİA VƏ QHT 2021.01.20 00:05

Azərbaycan Vətəndaş Hərəkatı

5.2K

Azərbaycan Vətəndaş Hərəkatını yaradılması ilə bağlı ilk təşəbbüslər 2009 və 2010-cu il tarixlərində olub. Qurumun fəaliyyəti 2017-ci ildən aktivləşib. 14 aprel 2019-cu ildə Hərəkatın Təşəbbüs Qrupu yaradılıb. 11 yanvar 2020-ci ildə Hərəkat iki qeyri-hökumət təşkilatı və bir nəfər alim tərəfindən təsis edilib və Məclisin ilk toplantısı keçirilib, İdarə Heyəti üzvləri (Hacı Həsənov, Azər Həsənsoy, Mübariz Göyüşlü, Anar Turan, Vüsal Hətəmov, Aydın Allahverdiyev, Anar Nəsibov) seçilib. İdarə Heyətinin ilk iclasında İcraçı Direktor (Mübariz Göyüşlü) seçilib.

Hərəkatın məqsədi Azərbaycan vətəndaşlarının ictimai tərəqqiyə, dövlətçiliyin möhkəmlənməsinə, qanunun aliliyinin təmin edilməsinə yönəlmiş fəallığını dəstəkləmək, onu daha da artırmaq, Azərbaycan dövlətinin siyasətini təbliğ etmək, milli-mənəvi və ümumbəşəri dəyərləri qorumaq, həmçinin vətəndaş cəmiyyətinin inkişafına nail olmaqdır. Məqsədə nail olmaq üçün Hərəkat ümummilli məsələlərlə bağlı müxtəlif sorğular, müşahidələr və təhlillər aparmağı, mütəxəssislərin rəy və təkliflərini toplamağı, müvafiq məlumat bazası yaratmağı, Hərəkatın məqsəd və prinsiplərini dəstəkləyən fərd, qrup və təşkilatlarla ortaq mövqedən çıxış edərək birgə layihələr həyata keçirməyi, elmi-praktik konfranslar, simpoziumlar, forumlar, dəyirmi masalar təşkil etməyi, təkliflər hazırlayaraq aidiyyatı qurumlara təqdim etmək vəzifəsini öhdəsinə götürür.

2 oktyabr 2019-cu il tarixdə Hərəkat üzvləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla (Türkiyə Prezidenti Ərdoğanın BMT-də Qarabağala bağlı çıxışına görə təşəkkür məktubu təqdim etmək üçün); 24 oktyabr 2019-cu ildə AMEA Tarix İnstitutunun direktoru, akademik, millət vəkili Yaqub Mahmudovla (qarşılıqlı əməkdaşlıq üçün); 19 dekabr 2019-cu ildə Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərovla və üzvlərilə (təhsillə bağlı təkliflər paketini təqdim etmək üçün); 5 mart 2020-ci ildə Azərbaycan-Türkiyə İşadamları Birliyinin sədri Cemal Yanğınla (qarşlıqlı əməkdaşlıq üçün); 17 iyun 2020-ci il tarixdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovla (qarşılıqlı əməkdaşlıq üçün) görüşlər keçirib.

Görülmüş digər işlər:

  1. 7 sentyabr 2017-ci il. Hərəkatın üzvü olan QHT-lər tərəfindən “Qida təhlükəsizliyi üzrə İşçi Qrupu” yaradılıb.
  2. 2 oktyabr 2017-ci il. 22 sentyabr tarixində bir qrup Türkiyə vətəndaşının Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərinə qarşı Hərəkatın üzvü olan QHT-lərin təşəbbüsü ilə 14 ictimai birlik tərəfindən etiraz Bəyanatı qəbul edilib.
  3. 25 noyabr 2017-ci il. Hərəkatın üzvü olan QHT-lərin təşəbbüsü və təşkilatçılığı ilə bir qrup QHT təmsilçisinin, media nümayəndəsinin Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfəri təşkil olunub.
  4. 17 fevral 2018-ci il. Hərəkatın üzvü olan QHT-lərin təşəbbüsü və təşkilatçılığı ilə Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın Afrin bölgəsinə 20 yanvar 2018-ci il tarixində başladılmış “Zeytun Budağı” hərəkatına dəstək Bəyanatı qəbul edilib.
  5. 15 sentyabr 2018-ci il. Hərəkatın üzvü olan QHT-lərin təşəbbüsü ilə 15 sentyabr 1918-ci il tarixində Bakı şəhərinin erməni daşnak-rus bolşevik qüvvələrindən azad etməsinin 100-cü ildönümü münasibətilə Bəyanat qəbul edilib.
  6. 3 oktyabr 2018-ci il. Hərəkatın üzvü olan QHT-lərin təşkilatçılığı ilə Türk Dövlətlərinin Birliyi Günü – Dünya Türklərinin Həmrəylik Günü münasibətilə tədbir keçirilib.
  7. 6 oktyabr 2018-ci il. Hərəkatın üzvü olan QHT-lərin təşkilatçılığı ilə Qazax rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə tədbir keçirilib.
  8. 9 noyabr 2018-ci il. Hərəkatın üzvü olan QHT-lərin təşkilatçılığı və Dialoq TV-nin informasiya dəstəyi ilə 9 Noyabr Dövlət Bayrağı günü münasibətilə günün birinci yarısında Yasamal parkında, günün ikinci yarısında isə Park Bulvarda flaşmob aksiya təşkil olunub.
  9. 6 dekabr 2018-ci il. Hərəkatın üzvü olan QHT-lərin təşkilatçılığı ilə Azərbaycanda Atatürk Mərkəzində “Qloballaşan dünya və Azərbaycan dili” mövzusunda konfrans keçirilib.
  10. 18 dekabr 2018-ci il. Hərəkatın üzvü olan QHT-lərin təşkilatçılığı, ADPU-nun təşkilati dəstəyilə “Qloballaşan dünya və Azərbaycan dili” mövzusunda elmi-praktik konfrans keçirilib.
  11. 22 dekabr 2018-ci il. Hərəkatın üzvü olan QHT-lərin təşkilatçılığı ilə Astara rayonunda Aprel şəhidi Pəncəli Teymurovun məzarı ziyarət olunub.
  12. 27 dekabr 2018-ci il. Hərəkatın üzvü olan QHT-lərin təşkilatçılığı ilə ölkənin 30-a yaxın aparıcı QHT-ləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Bəyanat ünvanlayıblar.
  13. 26 yanvar 2019-cu il. Hərəkatın üzvü olan QHT-lərin təşkilatçılığı ilə Qusar rayonunda Milli qəhrəman Çingiz Qurbanovun məzarı ziyarət olunub.
  14. 9 mart 2019-cu ildə Hərəkatın üzvləri olan QHT-lərin təşkilatçılığı ilə Gürcüstanın Tiflis şəhərində “Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında ictimai təşkilatların rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.
  15. 27 aprel 2019-cu ildə Hərəkatın üzvü olan QHT-lərin təşkilatçılığı ilə “İslam qardaşlıq dinidir” mövzusunda konfrans keçirilib.
  16. 11 may 2019-cu il tarixdə Hərəkat üzvləri Ağstafa rayonu ərzisində, Azərbaycanla-Gürcüstan arasındakı Keşikçidağ dövlət tarixi mədəni qoruğuna yürüş ediblər.
  17. 4 iyun 2019-cu il tarixdə Hərəkatın qzvü olan QHT-lərin təşkilatçılığı ilə “Ölkədə həyata keçirilən islahatlar: çətinliklər və perspektivlər” mövzusunda konfrans keçirilib.
  18. 12-13 oktyabr 2019-cu ildə Hərəkat üzvləri Dağıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təmsilçiləri ilə görüşüblər. Görüşdə Cəmiyyətin sədri Tacəddin Sultanov, İdarə Heyətinin sədri Muradxan Rabadanov, üzvləri – Dünya İqtisadiyyatı İnstitutunun rektoru Sevil Sadıqova, Dağıstanın sabiq iqtisadiyyat naziri Sergey Pepxayev, Dərbənd şəhərinin deputatı Süsən Mirzəxanova, Dərbənd şəhər admnistrasiyasının katibi Zümriyə Salehova, professor Gülçöhrə Seyidova, Dərbənd şəhər kollecinin direktoru Həmzəbəy Sadıqov, Dərbənd şəhərinin sabiq başçısı Hüseynbala Hüseynov iştirak ediblər. Hərəkat üzvləri eyni zamanda Dağıstan Dövlət Universitetinin Dərbənd filialında elmi katib Ramis Həşimovla da görüşüblər.
  19. 16 noyabr 2019-cu il tarixdə Hərəkat “Dərbənd” xeyriyyə ictimai birliyi ilə əməkdaşlıq haqqında Memorandum imzalayıb.
  20. 3 fevral 2020-ci il tarixdə Hərəkat 9 fevral 2020-ci il tarixdə Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə bağlı BƏYANAT vermişdir.
  21. 4 mart 2020-ci il tarixdə Hərəkat Suriyadakı son durum haqqında, Türkiyənin keçirdiyi “Bahar qalxanı” əməliyyatına dəstək olaraq BƏYANAT vermişdir.
  22. 18 iyun 2020-ci il tarixdə Hərəkat 15 iyun 2020-ci ildə axşam saatlarında Rusiya Federasiyasının Azərbaycan Respublikası ilə sərhədinin Dağıstanın Qullar qəsəbəsi ərazisinə düşən hissəsində Azərbaycan vətəndaşları ilə yerli polis və güc strukturları arasında baş vermiş xoşagəlməz insidentlə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın rəhbərliyinə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinə Müraciət eqəbul etmişdir.
  23. 24 iyun 2020-ci ildə Hərəkatın təşkilatçılığı ilə “Ordumuz qürurumuzdur” başlıqlı onlayn formatda beynəlxalq videokonfrans keçirilib. Tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Ukrayna, Gürcüstandan da ehtiyatda olan azərbaycanlı hərbiçilər, alimlər, jurnalistlər, ictimai xadimlər, diaspor təşkilatı rəhbərləri, gənc fəallar və digər şəxslər iştirak etmişlər. Tədbirdə AVH İdarə Heyətinin üzvü, AMEA Tarix İnstitutunun şöbə müdiri Hacı Həsənov; tarix elmləri doktoru, hərb tarixinin araşdırıcısı Mehman Süleymanov; ADPU-nun müəllimi, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov; Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, istefada olan polkovnik Əzizağa Qənizadə; ABŞ-dan tarixçi-alim, Azrəbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş Saleh Kazımov; Heydər Əliyev adına Ali Hərbi Məktəbin müəllimi, ehtiyatda olan polkovnik-leytenant Vüqar Əliyev; Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi Əfqan Vəliyev; Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı; Qarabağ Qazisi Ədalət Məhərrəmov; Azərbaycan Hərb Tarixi Muzeyinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Gülşən Hüseynova; Milli QHT Forumunun prezidenti Rauf Zeyni; Ukraynanın Krivoy-Roq şəhərindəki Azərbaycan disapor təşkilatının sədri Kəmaləddin Ağayev, Qazi İslam Əzimov, AVH-nin İdarə Heyətinin üzvləri Aydın Allahverdiyev, Mübariz Göyüşlü, Vüsal Hətəmov, Məclis üzvü Ceyhun Bayramlı, Qarabağ Qazisi, ehtiyatda olan zabit, Tarix Araşdırmaları Qurumunun həmtəsisçisi Bəşir Əliz, ekoloq-yazar Vüsal İbrahimli, AVH təmsilçiləri Asim Kazımlı, Anar Atakişiyev və başqaları mövzuyla bağlı çıxışlar etmiş, maraqlı təkliflər səsləndirmişlər. Sonda konfrans iştirakçıları bu cür tədbirlərin müntəzəm keçirilməsinin, Orduya ictimai dəstəyin gücləndirilməsinin vacibliyini bir daha vurğulamışlar.
  24. 18 iyul 2020-ci ildə Hərəkatın təşkilatçılığı ilə “Mövcud ictimai-siyasi vəziyyətdə vətəndaş cəmiyyətinin vəzifəsi” mövzusunda onlayn beynəlxalq konfrans keçirib. Toplantıya Azərbaycanla yanaşı, Türkiyə, ABŞ, Gürcüstan, Macarıstan, Almaniya, Ukrayna kimi ölkələrdən də alimlər, ictimai xadimlər, müəllimlər, jurnalistlər, araşdırmaçılar, gənclər, idmançılar və digər şəxslər qatılıb. Tədbirdə AVH-nin İdarə Heyətinin üzvü Mübariz Göyüşlü; AVH-in İdarə Heyətinin üzvü, əməkdar idman ustası Azər Həsənsoy; Türkiyənin İstanbul Üsküdar Universitetinin professoru, sosioloq Əbülfəz Süleymanlı; tanınmış təhsil eksperti, Əməkdar müəllim Almaz Həsrət; ABŞ-ın Texas Universitetinin doktorantı Hüseyn Abdulla; Türkiyənin Kocaeli Türk Ocaqlarının başqanı Yücel Alpay Demir; fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli; Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi Əfqan Vəliyev; AVH İdarə Heyətinin üzvü, tarixçi alim Hacı Həsənov; Ukraynanın Krivoy Roq şəhərindəki Azərbaycan diaspor təşkilatının sədri Kəmaləddin Ağayev; Bakı şəhəri 126 saylı orta məktəbin tarix müəllimi, “Tərəqqi” medalı mükafatçısı Şirincan Məmmədli; “Birlik” jurnalının baş redaktoru İlqar İlkin; Gürcüstandan tədbirə qoşulan “Uğur” jurnalının baş redaktoru, Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Dərnəyinin təmsilçisi Hacı Bəkiroğlu; Macarıstandan tədbirə qoşulan edumap.az saytının baş redaktoru Rasim Abdurahmanov; AVH-nin Məclis üzvü, tarixçi alim Taleh Cəfərov; Almaniyadan toplantıya qatılan Səddam Türksoy; AVH İdarə Heyətinin üzvü, araşdırmaçı-jurnalist Anar Turan; AVH İdarə Heyətinin üzvü, təhsil eksperti Aydın Allahverdiyev; AVH İdarə Heyətinin üzvü, şərqşünas-politoloq Vüsal Hətəmov; AMEA Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşı, gənc alim Emin Bağırov; AVH-nin Məclis üzvü, hüquqşunas Fərman Salmanlı; AVH-nin Məclis üzvləri Bəşir Ələz, Asim Kazımlı, ekoloq-jurnalist Vüsal İbrahimli çıxış ediblər.
  25. 31 iyul 2020-ci ildə Hərəkat Azərbaycan-Ermənistan sərhəddinin Tovuz rayonu istiqamətində, o cümlədən işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda Ermənistanın təcavüzü nəticəsində yaşanan hərbi gərginliklə bağlı İran İslam Respublikasının birmənalı mövqe göstərməsini, Azərbaycanı dəstəkləməsini tələb edən Bəyanat qəbul etmişdir.
  26. 24 oktyabr 2020-ci il tarixdə Hərəkat 27 sentyabr 2020-ci ildə başlayan, 44 gün davam edən II Qarabağ müharibəsi ilə bağlı Orduya və Ali Baş Komandana dəstək bəyanatı vermişdir.
  27. 6 dekabr 2020-ci ildə Hərəkat Kəlbəcər rayonundakı Xudavəng monastırında erməni keşişlərinin törəydiyi təxribatla bağlı Bəyanat qəbul etmişdir.
  28. 20 dekabr 2020-ci ildə Azərbaycan Vətəndaş Hərəkatı (AVH) “Azərbaycan diasporunun bu günü və sabahı” mövzusunda zoom proqramı üzərindən onlayn beynəlxalq konfrans keçirib. AVH İdarə Heyətinin üzvü Azər Həsənsoy; AVH İdarə Heyətinin üzvü, siyasi şərhçi Mübariz Göyüşlü; Ukrayna Azərbaycanlıları Radasının Dnepr təşkilatının sədri Eldar Tağıyev; QALA Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov; Türkiyədə Çağdaş Azərbaycan Dərnəyinin sədr müavini Mürtəza Karaçanta; Antalya-Azərbaycan Mədəniyyət və Həmrəylik Mərkəzinin sədr müavini Ceyran Səttarova; Qazaxıstanın Nursultan şəhərindən tələbələr Raya Salahlı və Nihal Kərəmova; ABŞ-da fəaliyyət göstərən Azərbaycan Birliyi təşkilatının prezidenti Fərhad Ələkbərzadə; ABŞ-da San-Fransisko şəhərində yaşayan Saleh Kazımov; Hollandiya Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli; Türkiyədə yaşayan jurnalist Oktay Hacımusalı; Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi ictimai birliyinin sədri Fuad Hüseynzadə; Rusiyada, Moskva vilayətində fəaliyyət göstərən Nicat İlyas; Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının sədri Emin Rüstəmov; Polşadakı Azərbaycan diasporunun rəhbərlərindən olan Saleh Sabili; Ukraynanın Krivoy-Roq şəhərindəki Azərbaycan diaspor rəhbəri Kəmaləddin Ağayev; AMEA-nın əməkdaşı Pərviz Qasımov; AVH-nin Məclis üzvü, tarixçi alim Taleh Cəfərov; Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı İlqar Məcidli; AVH-nin İdarə Heyətinin üzvü, tarixçi alim Hacı Həsənov; Antalya-Azərbaycan Mədəniyyət və Həmrəylik Mərkəzinin üzvü, Kanal B-nin “Sizə salam gətirmişəm” proqramının rejissoru və aparıcısı Sevil Çakar; Mərkəzin baş katibi Yusif Sadıqov; Mərkəzin üzvü, sənətçi Vüsalə Alıçı; Türkiyədən tələbələr Sürəyya Qasimi, Əli Həmzəzadə; Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Dərnəyinin sədri Musa Hacıyev; AVH-nin İdarə Heyətinin üzvü Aydın Allahverdiyev; Məclis üzvləri Fərman Salmanlı, Elçin Xalidbəyli, Ceyhun Bayramlı, Azər Sərxanoğlu, Asim Kazımlı, Türkiyənin Sakarya Universitetinin doktorantı Allahverdi Mehdiyev; İstanbuldan Adil Hüseynov; Polşanın Varşava şəhərindən Kamal Babayev iştrak və çıxış ediblər. Yekunda bu cür tədbirlərin davamlı olaraq keçirilməsi, müxtəlif problemlərin və məsələlərin müntəzəm şəkildə müzakirəyə çıxarılması, gələcəkdə fəaliyyətlərin koordinasiyasının həyata keçirilməsi qərarlaşdırılıb.

 

HƏRƏKATın ƏSASNAMƏsi

Təsdiq edilib: 11 yanvar 2020-cu il

Tarix üzrə fəlsəfə doktoru                  ______________  Hacı Həsənov

“Müasir İnkişaf” İctimai
Birliyinin sədri                                     _____________  Mübariz Göyüşlü

Milli  Dəyərələrin Tədqiqi
Mərkəzi” İctimai Birliyinin sədri     ______________  Azər Həsənsoy

 

                                                   1. Ümumi müddəalar

1.1., “Müasir İnkişaf” İctimai Birliyi, “Milli  Dəyərələrin Tədqiqatları Mərkəzi” İctimai Birliyi, Hacı Nuru oğlu  Həsənov (bundan sonra təsisçilər) Azərbaycan Vətəndaş Hərəkatını (bundan sonra ismin müvafiq hallarında Hərəkat) təsis edirlər.

1.2. Hərəkat Azərbaycan Respublikasının Qanunvericiliyi əsasında fəaliyyət göstərən və bu Əsasnamədə müəyyən olunmuş məqsəd və prinsipləri rəhbər tutan şəxslərin ümumi maraqlar əsasında yaranmış könüllü birliyidir.

1.3. Hərəkat öz fəaliyyətini iş bölgüsü əsasında və Fəaliyyət Proqramı üzərində qurur.

2. Hərəkatın məqsədi fəaliyyət istiqamətləri

2.1. Hərəkatın məqsədi Azərbaycan vətəndaşlarının ictimai tərəqqiyə, dövlətçiliyin möhkəmlənməsinə, qanunun aliliyinin təmin edilməsinə yönəlmiş fəallığını dəstəkləmək, onu daha da artırmaq, Azərbaycan dövlətinin siyasətini təbliğ etmək, milli-mənəvi və ümumbəşəri dəyərləri qorumaq, həmçinin vətəndaş cəmiyyətinin inkişafına nail olmaqdır.

2.2. Məqsədə nail olmaq üçün Hərəkat ümummilli məsələlərlə bağlı müxtəlif sorğular, müşahidələr və təhlillər aparmağı, mütəxəssislərin rəy və təkliflərini toplamağı, müvafiq məlumat bazası yaratmağı, Hərəkatın məqsəd və prinsiplərini dəstəkləyən fərd, qrup və təşkilatlarla ortaq mövqedən çıxış edərək birgə layihələr həyata keçirməyi, elmi-praktik konfranslar, simpoziumlar, forumlar, dəyirmi masalar təşkil etməyi, təkliflər hazırlayaraq aidiyyatı qurumlara təqdim etmək vəzifəsini öhdəsinə götürür.

3. Hərəkatın strukturu və idarə olunması

 3.1. Hərəkatın Ali seçkili orqanı ildə bir dəfə çağırılan Məclisdir.

3.1.1. Hərəkatın bütün üzvləri Məclisin təbii üzvləridir;

3.1.2. Məclis öz üzvləri arasından İdarə Heyəti üzvlərini seçir, İdarə Heyətinin hesabatını dinləyir;

3.1.3. Məclisin növbədənkənar toplantısı İdarə Heyətinin qərarı ilə çağırıla bilər.

3.2. Məclisin toplantıları arasındakı dövrdə Hərəkatın daimi idarəetmə orqanı İdarə          Heyətidir.

3.2.1. Təsisçilərin Məclis üzvləri arasından təqdim etdiyi bir nəfər təmsilçi İdarə Heyətinin təbii üzvüdür;

3.2.2. İdarə Heyətinin iclasları ayda bir dəfədən az olmayaraq çağırılır;

3.2.3. İdarə Heyətinin iclaslarının keçirilmə vaxtı, yeri, gündəliyi barədə İH üzvlərinə ən azı 5 gün öncədən məlumat verilməlidir;

3.2.4. İdarə Heyətinin iclasları onun üzvlərinin üçdə ikisi iştirak etdikdə keçirilə bilər;

3.2.5. İdarə Heyətinin növbədənkənar toplantısı onun üzvlərinin üçdə birinin təşəbbüsü ilə çağırıla bilər;

3.2.6. İdarə Heyəti fəaliyyət istiqamətləri ilə bağlı üzvlər üçün tövsiyyə xarakteri daşıyan, yeni üzvlərin qəbul edilməsi və ya üzvlükdən çıxarılması, Hərakatın dövri və gündəlik planlarının təsdiqi, üzvlərin təklifləri, üzvlük haqqının miqdarı, Məclisin çağırılması barədə, həmçinin, Hərəkatın cari fəaliyyəti ilə bağlı digər qərarlar qəbul edir;

3.2.7. Məclisin çağırılma tarixi, yeri, gündəliyi barədə üzvlərə ən azı 7 iş günü öncədən məlumat verilməlidir;

3.2.8. İdarə Heyətinin qərarları sadə səs çoxlugu ilə qəbul edilir.

3.3. İdarə Heyətinin iclaslarına Sədr başçılıq edir.

3.3.1. İclaslara Sədrlik soyadlarının əlifba sırasına uyğun olaraq, növbə ilə üç aylıq müddət ərzində İdarə Heyəti üzvləri tərəfindən həyata keçirilir;

3.3.2. Sədr iclasın təşkilinə, onun gündəliyinin formalaşdırılmasına, gündəlikdəki məsələlərin həlli ilə bağlı təkliflərin hazırlanmasına, sədrliyi dövründə Hərəkatın keçirdiyi tədbirlər barədə üzvləri məlumatlandırmağa məsuldur.

3.4. Hərəkatın cari fəaliyyətini İdarə Heyəti üzvləri arasından bir il müddətinə seçilən İcraçı Direktor həyata keçirir:

3.4.1. İcraçı direktor:

– Kargüzarlıq işlərinin aparılmasını, media və digər qurumlarla əlaqələrin qurulmasını təmin edir;

– İdarə Heyətinin və Məclin iclaslarının protokollarını tərtib edir, İdarə Heyətində təsdiq olunmuş mətndə media və ictimaiyyət üçün məlumatlar hazırlayır və paylaşır;

– Üzvlük haqlarının toplanmasına nəzarət edir və İdarə Heyətinin qərarı ilə Hərakatın fəaliyyəti üçün xərcləyir, bu barədə İdarə Heyətinin və Məclisin iclaslarında hesabat verir.

3.4.2. İcraçı Direktor vəzifəsini icra edə bilmədikdə və ya etmədikdə növbəti dəfə seçilmir, yaxud İdarə Heyəti tərəfindən müddətdən əvvəl fəaliyyətinə xitam verilir.

4. Hərəkata üzvlük

 4.1. Hərəkatın məqsəd və prinsiplərini dəstəkləyən, bu Əsasnaməni qəbul edən, Hərəkatın işində fəal iştirak etməyə hazır olan istənilən şəxs onun üzvü ola bilər.

4.2. Hərəkata yeni üzvlər, təsisçilərdən və  ya  üzvlərdən birinin tövsiyyəsi əsasında İdarə Heyəti tərəfindən sadə səs çoxluğu ilə qəbul edilir.

4.3. Hərəkata üzvlük fərdidir.

4.4. Hərəkatın üzvü olan şəxslər maddi və hüquqi müstəqilliklərini saxlayırlar.

4.5. Hərakatın üzvü digər hərəkatların üzvü ola bilməz.

4.6. Hərəkat üzvü öz təşəbbüsü ilə, yaxud, Hərəkatın Əsasnaməsinə, məqsəd və prinsiplərinə zidd fəaliyyət göstərdiyi, onun fəaliyyətinə heç bir dəstək vermədiyi halda İdarə Heyətinin qərarı ilə üzvlükdən çıxarılır.

5. Hərəkat üzvlərinin hüquqları

 5.1. Hərəkat üzvləri aşağıdakı hüquqlara malikdirlər:

5.1.1. Hərəkatın idarə edilməsində, İdarə Heyətinin iclaslarında (səsvermə hüququ olmadan) iştirak etmək;

5.1.2. Hərəkatın imkanlarından istifadə etmək;

5.1.3. Hərəkatın fəaliyyəti və tədbirlər proqramı ilə bağlı İdarə Heyətindən məlumat almaq, fəaliyyətinin Hərəkata aid olan hissəsi haqqında onları məlumatlandırmaq;

5.1.4. İdarə Heyətinə təkliflər vermək;

5.1.5. Hərəkatdan metodiki, hüquqi, məsləhət xarakterli və digər növ yardım almaq;

5.1.6. Digər qurumlara sərbəst şəkildə üzv olmaq;

5.1.7. Hərakatın seçkili orqanlarına seçmək və seçilmək;

5.1.8. Xəbərdarlıq etməklə istədiyi vaxt Hərəkatdan çıxmaq.

5.2. Hərəkatın üzvü, fəaliyyəti bu Əsasnaməyə və Hərəkatın prinsiplərinə zidd olmayan ictimai birliklərə, koalisiya, qrup və partiyalara üzv ola bilər.

6. Hərəkat üzvlərinin vəzifələri

 6.1. Hərəkat üzvlərinin aşağıdakı vəzifələri vardır:

6.1.1. Fəaliyyətinin Hərəkata aid olan istiqaməti barədə İdarə Heyətinə və Məclisə hesabat vermək;

6.1.2. İdarə Heyətinin və Məclisin qərarlarını yerinə yetirmək;

6.1.3. Məclisin və ya İdarə Heyətinin qərarı olmadan Hərəkatın fəaliyyətinə dair məlumatları yaymamaq;

6.1.4. Ehtiyac yarandığı halda Hərəkatın üzvlərinə məşvərətçi, metodiki, hüquqi və başqa bu kimi yardımlar etmək;

6.1.5. Hərəkatın nüfuzuna zərər vura biləcək fəaliyyətlə məşğul olmamaq;

6.1.6. Azərbaycan Respublikasının qanunlarına və bu Əsasnamənin müddəalarına riayət etmək.

6.2. İdarə Heyəti səlahiyyət vermədiyi halda Hərəkat üzvünün qurumun adından bəyanat vermək və ya çıxış etmək hüququ yoxdur

6.3. Hərakatın üzvü Hərakatın fəaliyyətində davamlı olaraq iştirak etmədikdə və ya bu Əsasnamənin təblərini pozduqda İdarə Heyətinin qərarı ilə üzvlükdən xaric edilir.

7. Yekun müddəalar

 7.1. Bu Əsasnamə təsisçilər tərəfindən imzalandıqdan sonra qüvvəyə minir.

7.2. Əsasnamənin əsli təsisçilərdə saxlanılır, tələb olunduqda digər üzvlərə surəti təqdim edilir.

7.3. Protokolların əsli İcraçı Direktorda saxlanılır, tələb olunduqda təsisçilərə və digər üzvlərə onun surəti təqdim edilir.

7.4. Hərəkat yalnız təsisçilərin yekdil qərarı ilə ləgv edilə, struktur və idarəetmə forması, məqsəd və vəzifələri dəyişdirilə bilər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı