BAXIŞ BUCAĞI 2021.02.27 13:00

Aznavurun “Xocalı dərdi”

52

Azərbaycanlı səfirin Xocalı soyqırımı tədbirindən qeydləri və ya məşhur erməninin Xocalı tədbirinə mane olmaq cəhdi niyə alınmayıb?

Ötən gün Xocalı faciəsinin 29-cu ildönümü Azərbaycanda və bütün dünyada qeyd olundu. Prezident İlham Əliyev öz çıxışında bildirdi ki, artıq dünyanın 10-dan çox ölkəsi Xocalı soyqırımını rəsmən tanıyıb. Hər il dünyanın müxtəlif ölkələrində keçirilən Xocalının anım tədbirlərində minlərlə insan iştirak edir.

Aydın məsələdir ki, dünyada saxta soyqırım iddiaları ilə dəstək almağa çalışan ermənilər hər zaman müxtəlif vasitələrlə Xocalı həqiqətlərinin dünyaya çatdırılmasına mane olub. Hətta dünyaca məşhur erməni müğənnisi, incəsənət xadimi Şarl Aznavur belə Avropada Xocalı tədbirlərinin keçirilməsinə maneə yaratmağa çalışıb. Bununla bağlı Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov xatirəsini paylaşıb.

Səfir yazısında qeyd edir ki, Şarl Aznavur hələ Ermənistanın səfiri olduğu zaman Avropada Xocalı tədbirinin keçirilməsinə mane olmağa çalışıb, ancaq ünlü erməninin bu cəhdi uğursuz olub. Həmin yazını təqdim edirik:

“Xocalı faciəsinin dünya miqyasında tanıdılmasının və soyqırım kimi qəbul edilməsində İƏT Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə Baş koordinatoru kimi Leyla Əliyevanın təşəbbüsü olan “Xocalıya Ədalət“ kampaniyası böyük rol oynayıb. İƏT GF təşəbbüsün həyata keçirilməsində fəal iştirak edib. O dövrdə Forumun baş katibi, sonra sədri kimi yaxşı xatırlayıram ki, təşəbbüs İƏT ölkələrinin gəncliyi tərəfindən geniş dəstək qazandı. Bu dəstəyə arxalanaraq Forumda beynəlxalq müstəvidə, Xocalının soyqırım kimi siyasi-hüquqi qiymət verilməsi istiqamətində bir neçə ilklərə imza atdıq. İlk dəfə İƏT-in 50-dən çox parlamentini birləşdirən Parlament Assambleyası, İƏT Xarici İşlər nazirləri konfransı qəbul etdikləri qətnamələrdə ardıcıl şəkildə Xocalı qətliamını soyqırım kimi tanıdı və onun canilərini hüquqi məsuliyyətə cəlb etməsini tələb etdi.

Yüzlərlə könüllünün iştirakı ilə onlarla konfrans, kütləvi tədbirlər keçirildi, film, kitablar, hətta rep klipi hazırlandı. Bu kampaniyanın milli davamızın məqsədləri baxımından uğurunun ən bariz nümunəsi isə dünya erməniliyinin kampaniyanı, onun təşəbbüskarını hədəfə alması idi. Xüsusilə Avropada və beynəlxalq təşkilatlarda həyata keçirilən aksiyalar erməni lobbisinin ikrah , hiddət və müxtəlif maneələri ilə üzləşirdi.

2010-cu ildə Xocalı soyqırımının dünya tərəfindən soyqırım olaraq tanınmış Srebrenisa və Xolokost kimi insanlığa qarşı cinayətlərlə birgə tədbirdə, həm də ilk dəfə BMT platformasında keçirilən konfransda gündəmə çıxarılmasına nail olduq. Bütün razılıqlar əldə edilmişdi, Xolokost, Ruanda və Srebrenisa soyqırımı mövzularında mütəxəssis və şahidlərdən ibarət məruzəçilərin iştirakı təsdiqlənmişdi.

Tədbirə bir gün qalanda xəbər aldıq ki, Ermənistanın İsveçrədəki o zamankı səfiri, məşhur müğənni Şarl Aznavur bu tədbirin keçirilməsinin qarşısını almaq məqsədilə BMT Cenevrə ofisinin rəhbərinə etiraz məktubu göndərib. Aznavurun nüfuzundan çəkinən BMT rəsmiləri konfransın təşkilatçılarına Xocalını proqramdan çıxarmağı təklif etdilər. Görünür burda İsveçrənin çoxsaylı Fransız dilli icmasında ermənilərin təsiri də rol oynayıb. Aznavurun özünün də etiraf etdiyi kimi “Hətta isveçrədəki erməni mafiyası ( ümum erməni işinə) geniş maliyyə ayırır”.

Tədbirə 1 saat qalmış BMT rəsmiləri ilə keçirdiyimiz görüşdə 57 ölkəni təmsil edən İƏT-in qurumunun təşəbbüsünü 1 ölkənin etirazı ilə ləğv etməyin qəbuledilməz olduğunu bildirdik. İƏT-in BMT qrupundan aldığımız məktubu təqdim etdim. Onlara təklif etdim ki, 100 il bundan əvvəl mücərrəd şəkildə baş vermiş, arxiv sənədləri belə açılmadam “soyqırım” kimi elan edilmiş hadisələri dünyada təbliğ edən səfir Aznavurdan soruşun ki, 20 il əvvəl dünyanın və televiziya kameralarının önündə baş vermiş qətliam haqqında həqiqətlərin danışılmasından niyə qorxur.

Digər soyqırımlar mövzusunda çıxış üçün dəvət edilmiş məruzəçilərdə Xocalı mövzusu proqramdan çıxarılar konfransda iştirakdan imtina edəcəklərini bildirdilər. Beləliklə, tədbirin keçirilməsi mümkün oldu. Xocalı həqiqətlərini və kampaniyanın məqsədlərini də “Xocalıya Ədalətin” Litva təmsilçisi insan haqları sahəsində fəal Eva Lukaşeviç müfəssəl şəkildə təqdim etdi.

Deyilənə görə, həyatının sonunda Aznavur səfiri olduğu Ermənistanı tənqid edib, hətta ölkənin mafiya tərəfindən idarə olunduğunu, bu səbəbdən ölkənin sürətlə boşaldığını etiraf edib.

Bu gün Xocalı soyqırımını yenə anırıq. Amma hər il olduğundan daha fərqli şəraitdə. Aznavurun erməni təəssübkeşliyindən irəli gələrək qarşısını almaq istədiyi həqiqətləri dünya artıq qəbul edir. Ən asası isə rəşadətli ordumuzun, şəhidlərimizin fədakarlığı, millətin birliyi, Ali baş komandanın dəmir yumruq siyasəti hesabına Xocalıların intiqamı alınıb, yaxınlarının və bütün millətimizin qəlbi qismən də olsa rahatlıq tapıb, Xocalıya Ədalət böyük qisimdə bərpa edilib.

Mafiya tərəfindən idarə olunan Ermənistan isə fəlakət içində, Aznavurun öngördüyü böyük köç və xaos astanasındadır. Geniş dünya görüşünə malik şansonye- səfir yaşasaydı etiraf edərdimi ki, bunun daha dərin səbəbi həm də gizlətməyə çalışdığı Xocalı cinayətinin nəticəsidir…

Allah şəhidlərimizə rəhmət eləsin!”

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı