Beynəlxalq ictimaiyyətin, eləcə də ATƏT-in Minsk Qrupunun Gəncə hadisələrinə və Azərbaycanın digər ərazilərində mülki əhalinin raket atəşinə tutulmasına biganə qalması bu hadisəyə obyektiv hüquqi-siyasi qiymət verməməsi, Ermənistana təzyiq göstərməməsi nəticə etibarilə terrorçu dövləti və terrorçuluğu dəstəkləməyə xidmət edir.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, erməni cəlladlarının Gəncədə törətdikləri qanlı hadisələr hüquqi baxımından cinayət, beynəlxalq hüquq normaları baxımından isə terror hadisəsidir.

İ.Həbibbəyli əlavə edib ki, Ermənistanın terrorçu dövlət olması yeni üzə çıxmayıb. Bütün XX əsr boyu Ermənistanın 1905-1907-ci, 1918-1920-ci və 1946-1948-ci, nəhayət, 1988-1990-cı illərin hadisələri zamanı da məqsədlərinə çatmaq üçün istifadə etdiyi əsas silah terrordur:

“Dağlıq Qarabağ ərazisində, o cümlədən Xocalıda da Ermənistanın törətdiyi qanlı cinayətlərin yalnız bir adı vardır: Terrorçuluq! Son günlərdə erməni vandallarının Gəncə şəhərində törətdiyi vəhşiliklər də erməni terrorçuluğunun növbəti davamıdır. Bu, insanlığa sığmayan qanlı terror hadisələrinə görə ilk növbədə Ermənistanın Baş naziri Nikol Paşinyan və onun ətrafındakı cinayətkar xunta məmurlar dəstəsi cavabdehdirlər. Hesab edirəm ki, Paşinyan və onun cinayətkar dəstəsi beynəlxalq məhkəmə qarşısında müttəhim kürsüsündə oturub cavab verməlidirlər”.