ƏSAS SƏHİFƏ

Beynəlxalq loqo müsabiqəsi

1.0K

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) ilə birgə əməkdaşlıq çərçivəsində  “ŞUŞAYA AZADLIQ” beynəlxalq kampaniyasının rəsmi loqosunun müəyyənləşdirilməsi məqsədilə beynəlxalq loqo müsabiqəsi elan edir.

“Şuşaya Azadlıq” beynəlxalq kampaniyası haqqında

“Şuşaya Azadlıq” beynəlxalq kampaniyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsüylə irəli sürülən, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan, 23 ildi işğalda saxlanılan, tarixi, milli, mədəni abidələri dağıdılan, dəyişdirilən qədim Azərbaycan şəhəri, “Qafqazın musiqi beşiyi” adlandırılan Şuşa şəhərinin – zəngin mədəniyyət mərkəzinin işğal həqiqətlərini dünyaya çatdırmağı, Şuşa mədəni irsinə yönələn erməni vandal hərəkətlərinin dayandırılmasını, bu sahədə ədalətin bərpasına xarici ölkələri, onların ictimai fəallarını, vətəndaş cəmiyyəti institutlarını cəlb etməyi nəzərdə tutan bir təbliğat və dəstək kampaniyasıdır.

Loqonun Konsepsiyası

Loqo tarixi Azərbaycan şəhəri, Qarabağ xanlığının mərkəzi olmuş qədim Şuşa şəhərinin çoxəsrli və müxtəlif kaloritli mədəniyyətini, zəngin mədəni irs abidələrini və milli arxitekturasını, təkrarolunmaz təbiətini və təbii-rekreativ resurslarını dünyaya nümunə olacaq, geniş ictimai maraq kəsb edəcək şəkildə tanıtmalı və təbliğ etməlidir. Bununla yanaşı loqoda Şuşa şəhərinin işğal həqiqətləri, onun maddi-mədəni sərvətlərinin dağıdılmasına yönələn erməni vandal hərəkətlərinə etiraz, beynəlxalq dəstək, Şuşa üçün sülh və azadlıq çağırışları kimi məqamlar da öz əksini tapmalıdır.

Müsabiqənin şərtləri

  • Təqdim olunmuş loqo əvvəllər yayımlanmamış olmalı;
  • Bundan öncə yaradılmış loqolara və ya onların komponentlərinə tam uyğun gəlməməli;
  • Loqo rəngli, aydın, səliqəli görünən, böyük ölçülü, “JPG” və ya digər uyğun formatda göndərilməli;
  • Loqotpin hazırlanması üçün proqram seçimi azaddı;
  • Loqonun tərtibatında Konsepsiyanın şərtlərinə əməl edilməli və Konsepsiyanın məzmunu əks etdirilməlidir.

İştirakçılar üçün tələblər və kriteriyalar

Müsabiqədə Azərbaycan Respublikasında və xarici ölkələrdə fəaliyyət fəaliyyət göstərən, yaşayan qeyri-hökumət təşkilatları (QHT), yaradıcı təşkilatlar və fiziki şəxslər iştirak edə bilərlər. Müsabiqədə iştirak üçün yaş və təhsil məhdudiyyəti qoyulmur. Hər bir iştirakçı maksimum 2 loqo versiyası (eskizi) təqdim edə bilər. İştirakçı hüquqi və fiziki şəxslər öz loqo təklif(lər)ini xüsusi “müsabiqəyə qatılmaq üçün ərizə forması” ilə (elana əlavə olunur) birgə 18 mart 2015-ci il tarixdən 16 aprel 2015-ci il tarixədək elektron poçtla ([email protected]), CD diskdə birbaşa və ya poçt vasitəsilə ADTGT-nin ofisinə (Bakı şəh., AZ 1070, Yeni Yasamal 2, ev 2, mən. 82) təqdim etməlidir.

Seçim və loqodan istifadə hüququ

Təqdim olunmuş bütün loqolara 16 – 23 aprel 2015-ci il tarixləri müddətində Şura və ADTGT tərəfindən yaradılmış ekspert-qiymətləndirmə komissiyasında baxılacaq və qiymətləndiriləcəkdir. Orijinallığı komissiya tərəfindən ən yüksək qiymətləndirilən loqo qalib loqo kimi seçiləcək və 28 aprel 2015-ci il tarixdə geniş ictimai təqdimatla elan ediləcəkdir. Seçilmiş loqo “Şuşaya Azadlıq” beynəlxalq kampaniyasının rəsmi loqosu statusunu alacaq və loqodan istifadə hüququ Şuraya və kampaniyaya məxsus olacaqdır.

Mükafatlandırma

Seçilmiş, qalib loqonun müəllifi Şura tərəfindən 2 000 AZN pul mükafatıyla və diplomla mükafatlandırılacaqdır. Ekspert-qiymətləndirmə komissiyası tərəfindən Konsepsiyanın məzmununa və müsabiqənin şərtlərinə uyğun qiymətləndirilən digər maraqlı loqoları təqdim edən 3 şəxsə Şuranın diplomu və hədiyyəsi təqdim olunacaqdır.

LOQO müsabiqəsində iştirak et və qazan!

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı