Bölgələrdə Bilik Günü və kino mövsümün açılışı ilə əlaqədar silsilə tədbirlər keçirilib

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi Azərbaycanda yeni dərs ilinin başlanması və kino mövsümün açılışı ilə əlaqədar silsilə tədbirlər keçirib.

Regional idarənin Yevlax, Mingəçevir, Bərdə, Tərtər şəhər və rayonlarındakı musiqi və incəsənət məktəblərində Bilik Günü münasibətilə müxtəlif tədbirlər keçirilib, rəngarəng konsert proqramları təşkil edilib.

İdarənin nümayəndəliklərində kino mövsümünün başlanması ilə əlaqədar filmlərin nümayişinə start verilib. Bərdə rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirin iştirakçıları əvvəlcə retro kino aparatları və ləvazimatlarından ibarət sərgi ilə tanış olublar.

Tədbirdə çıxış edənlər Azərbaycanda kino sənətinin yaranma tarixi və inkişaf yolundan bəhs ediblər. Bildirilib ki, bu ildən etibarən sentyabrın 15-i ölkəmizdə kino mövsümünün başlandığı gün kimi qeyd olunacaq. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmrinə əsasən hər il ölkəmizin paytaxtında və regionlarda kino mövsümünə həmin gündən start veriləcək. Nəzərdə tutulan ekran əsərləri ölkəmizin paytaxtında və regionlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində, mədəniyyət saraylarında, həmçinin film nümayişi üçün müvafiq imkanları olan digər mədəniyyət müəssisələrində göstəriləcək.

Sonra tamaşaçılar Azərbaycanın Milli qəhrəmanları Əliyar Əliyevin və Elman İsmayılovun mənalı həyatı və şərəfli döyüş yolundan bəhs edən filmləri izləyiblər. Bərdə şəhər Heydər Əliyev Mərkəzində isə xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Heydər Əliyev – Azərbaycan mədəniyyətinin hamisi” filmi nümayiş olunub.

Yevlax şəhər Heydər Əliyev sarayında Sabir Rüstəmxanlının “Ölüm zirvəsi” romanının motivləri əsasında, Rövşən Almuradlının rejissorluğu ilə çəkilən “Cavad Xan” filmi göstərilib. Yevlaxlı tamaşaçılar XIX əsrin əvvəllərində rus qoşunlarına qarşı mərdliklə mübarizə apararaq həlak olan Cavad xana həsr olunan filmi böyükmaraqla izləyiblər.

Tərtər rayon Mədəniyyət Mərkəzində isə “Batalyon” filmi nümayiş olunub. Mədəniyyət və Turizm nazirliyinin sifarişi ilə “Yaddaş” studiyasında lentə alınan film Tərtər batalyonunun Qarabağ müharibəsi zamanı keçdiyi şərəfli döyüş yoluna həsr olunub. Tərtər rayon Heydər Əliyev Mərkəzində nümayiş etdirilən filmdə də Azərbaycanın Milli qəhrəmanlarının mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan bəhs olunub.

Regional idarə tərəfindən filmlərin nümayişləri müntəzəm şəkildə davam etdiriləcək.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here