Bölgələrdə uşaq musiqi və incəsənət məktəblərinə metodiki dəstək davam edir

Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin iş planına uyğun olaraq müəssisənin əməkdaşları uşaq musiqi və incəsənət məktəblərinə elmi-metodiki kömək göstərmək məqsədilə Ağdaş və Göyçay rayonlarına ezam olunublar.

Nazirlikdən bildirilib ki, bölgələrdə ardıcıl keçirilən tədbirlərdə həmin rayonların uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagird heyəti iştirak edib. Geniş fikir mübadiləsi ilə keçən tədbirlərdə məktəblər arasında əlaqələrin inkişafı, tədrisin səviyyəsinin yüksəldilməsi məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Metodiki kömək çərçivəsində məktəblərin rəhbərlərinə Elmi-Metodiki Mərkəz tərəfindən keçirilən tədbirlər, görülən və qarşıda duran işlər barədə məlumat verilməklə yanaşı, həm də yeni tədris proqramları və metodiki vəsaitlər təqdim olunub.

Həmçinin mərkəzin iş planına uyğun olaraq Göyçay rayonunda yerləşən mədəniyyət müəssisələrində İKT potensialının istifadəsi ilə bağlı səyyar seminarlar da təşkil olunub.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin sektor müdiri Toğrul Hidayətzadə mədəniyyət müəssisələrində internetdən və “İnternet Explorer” proqramından istifadə qaydaları haqqında ümumi məlumat verib.

Seminar çərçivəsində iştirakçıların İKT və təbliğat sahəsində sualları cavablandırılıb, bu sahəyə aid bəzi tövsiyə və tapşırıqlar verilib.

“Mədəniyyətin təbliğində “Facebook” sosial şəbəkəsinin rolu və təhlükəsiz istifadə qaydaları”, həmçinin “Mədəniyyət müəssisələrində İKT-nin tətbiqi üzrə ilkin biliklər” adlı metodiki vəsaitlər də iştirakçılara təqdim olunub.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here