ELM VƏ TƏHSİL

“Böyük nümayəndə heyətimizin Türkiyəyə səfəri gözlənilir”

263

Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin təlim-tərbiyə işləri üzrə direktor müavini Nicat Göyüşlü ilə müsahibə

– Nicat müəllim, İnşaat Kolleci hansı üstünlükləri ilə seçilir?

  • Əvvəlcə onu deyim ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində İnşaat Kolleci cəmi 10 ildir fəaliyət göstərir. Yeri gəlmişək qeyd etmək lazımdır ki, biz ötən il Kollecimizin 10 yaşını qeyd etdik. Kollec bu müddət ərzində həm pedaqoji kollektivin ən keyfiyyətli hala gətirilməsi, həm tələbə kontingentinin, həm də maddi texniki bazanın güclənməsi üçün çalışıb. Sadəcə olaraq bu prinsip indi daha sürətlə aparılır. Biz usanmadan gecə-gündüz səylə çalışırıq ki, tələbələrimiz şəffaf mühitdə, yaxşı şəraitdə təhsil alsınlar. İnşaat Kolleci bir çox amillərlə yanaşı profil fərqliliyinə görə də seçilir. Düşünürəm ki, nə qədər yaşayış var, o qədər tikinti var, nə qədər də tikinti var, bir o qədər inşaatçı kadrlara ehtiyac duyulacaq.

– Kollecdə müəllim-tələbə münasibəti necə tənzimlənir?

  • Son dövrlər Kollecdə bu sahədə də kifayət qədər işlərin aparıldığını vurğulaya bilərəm. Müəllim-tələbə münasibətlərinin ən yaxşı formaya gətirilməsi üçün müntəzəm olaraq, müvafiq tədbirlər görür, polemikalar təşkil edirik. Müəllimlərlə birgə ekskursiyalar, müxtəlif tipli səfərlər reallaşdırılır ki, bu da tələbələrə müəllimlərlə ünsiyyətin dar, məhdud çərçivədən kənara çıxmasına yardımçı olur. Həm Tələbə Gənclər Təşkilatı, həm də Tələbə Həmkarlar Təşkilatının üzvləri bu işdə bizə çox yaxından kömək edirlər. Müəllimlərimizin də yüksək əxlaqi keyfiyyətləri, mədəni davranışları tələbələrlə ünsiyyəti asanlaşdırır, onların arasında səmimiyyətin inkişafına təkan verir.

– Sessiya yenicə yekunlaşıb. Tələbələriniz imtahanların ağırlığından, keçirilmə formasından şikayətçi olurlar?

  • Əlbəttə, imtahanlara yaxşı hazırlaşmayan tələbələr də tapılır ki, onlar üçün nə etsən azdır. Bütövlükdə götürdükdə isə bizdə narazılığa səbəb olacaq hər hansı neqativ hal yaşanmayıb. İmtahanlar iki qaydada – həm test, həm də monitoriq üsulu ilə aparılır. Asan olduğuna görə tələbələr adətən test üsullu imtahan formasına üstünlük verirlər. Əsasən şikayətçi olduqları mövzu da məhz bu səpkidə üzə çıxır. Əksəriyyət təşkil edən tələbə çalışır ki, bütün imtahanları testlə versin. Bütün bunlara baxmayaraq, biz elə düşünürük ki, mühəndisi sahədə olan fənlərin imtahanları, yəni daha aydın şəkildə desək, ixtisas fənləri monitorinq üsullu imtahanla qiymətləndirilməlidir. Çünki həm də onların öz fikirlərini ifadə etmə bacarıqları inkişaf etdirilməlidir deyə düşünürük. Əsas məqsədlərimizdən biri də əmək bazarının artan tələblərinə uyğun kadr hazırlığı aparmaqdır. Bu ona görə vacibdir ki, kollecimizin məzunu olan tələbələr buranı bitirdikdən sonra ixtisasları üzrə iş tapa bilsinlər.

Bir məlumatı da xüsusi qeyd edim ki, bu yaxınlarda Azərbaycan Memarlıq və İnşaat Universitetinin rəhbərliyi, daha dəqiq desək, rektorumuz, professor Gülçöhrə xanım Məmmədova çox böyük bir humanist addım ataraq, sessiyanın sonunda bir kəsri yaranmış tələbələrə ikinci dəfə şans tanıdı və əksər tələbə yenidən imtahan verərək dərs ilinin birinci hissəsini uğurla bitirdi. Bu addım Kollecimizin tələbələri tərəfindən də xüsusi sevinc və minnətdarlıq hissi ilə qarşılandı. Ona görə də hesab etmirəm ki, hansısa tələbə biliyindən aşağı qiymət aldığını düşünərək narazı qalsın.

– Tələbələrinizin hansı uğurları var?

Kollecimizdə dizayn ixtisasında oxuyan tələbələrin hazırladıqları əl işləri, çəkdikləri rəsmlər müxtəlif sərgilərdə sərgilənir, hətta tələbələr öz əl işlərini təşkil olunan satış yarmarkalarına çıxaracaq səviyyədə peşəkarcasına əsərlər yaradırlar. Elə yeri gəlmişkən deyim ki, bu yaxınlarda iki tələbəmiz “Hyatt Recens” oteldə təşkil olunan bu tipli yarmarkada iştirak edirdi. Tələbələrimiz təşkil olunan brey-rinq yarışlarında tez-tez üstün yerlər tutaraq hər birimizi sevindirirlər.

Bundan başqa bizim tələbələrdən ibarət rəqs qrupumuz, yaxşı nəticələr əldə etmiş idmançılarımız var. Qeyd etməliyəm ki, 2015-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin yaradılmasının 40 ili tamam oldu. Bu münasibətlə təşkil olunan universitetlərarası güləş yarışında İnşaat Kollecinin III kurs tələbəsi Əmrah Bəxtiyarov qalib gələrək ən yüksək pilləyə qalxdı. Futzal komandamız da fakültələrarası yarışların mükafatçısı oldu.

– Kollecin texniki təminatı hansı səviyyədədir?

  • Demək olar ki, bizim təhsil ocağı ən son texnoloji avadanlıqlarla təchiz edilib. Son iki-üç həftədə müasir standartlara cavab verəcək şəkildə təmir olunmuş əvvəlcə Kimya, onun ardınca isə Fizika laboratoriyaları istifadəyə verildi. Bütün sinif otaqları təmir edilib, istilik sistemi, partalar, lövhələr yenilənib. Komputer otağı da ən yaxşı şəkildə tələbələrimizin ixtiyarındadır. Bundan sonra da maddi texniki bazanın yaxşılaşdırılması üçün çoxsaylı işlərin görülməsini planlaşdırmışıq.

– Bildiyiniz kimi, tələbə təqaüdləri ilə bağlı yeni qaydalar tətbiq olunur. Siz bunu necə izah edərdiniz?

  • Düşünürəm ki, bu yeniliyin tətbiqi tələbələrimiz arasında daha çox rəqabəti artıracaq, onların daha da yaxşı oxumalarını şərtləndirəcək. Bundan əlavə deyək ki, hansısa tələbə yanlış kodlaşdırmadan və ya stresdən TQDK imtahanlarında yaxşı nəticə göstərə bilmir və balı ödənişli əsaslarla təhsil alma formasına çatır. Praktikada tez-tez qarşılaşdığımız məqamdır ki, yüksək balla qəbul olunan tələbə semsetr imtahanlarında ödənişli əsaslarla təhsil alan tələbədən aşağı nəticə göstərir, amma buna baxmayaraq onun üçün hansısa stimulverici hal nəzərdə tutulmur. İndi isə tamamilə fərqli olacaq. Təhsilalma formasından asılı olmayaraq, ümumi orta müvəffəqiyyət göstəricisinə görə ən yaxşı nəticə göstərən tələbələr ən yüksəkdən aşağıya doğru qurupdakı dövlət sifarişli tələbələrin sayı gözlənilməklə təqaüd alacaqlar.

– Gənclərin hərtərəfli maarifləndirilməsi üçün nə kimi işlər görürsünüz?

-Yalnız təhsil verməklə işi bitmiş hesab etmək olmaz. Biz də cənab prezidentimiz İlham Əliyevin imzaladığı təhsilin inkişafı üzrə dövlət strategiyasına uyğun olaraq şəxsiyyətyönümlü kadr hazırlığını əsas prioritet istiqamət götürmüşük. Bu baxımdan da vaxtaşırı vətənpərvərlik ruhunun yüksəldilməsi baxımından tədbirlər təşkil edirik. Ötən semstrdə “Nakomaniyaya yox deyək”, “Gənclər zərərli vərdişlərə qarşı”, “Talessemiya nədir?” adlı maarifləndirici tədbirlərimiz, görüşlərimiz olub. Azərbaycan tarixinin daha dərindən öyrənilməsi üçün müvafiq seminarlar, bilik yarışları, debatlar təşkil edirik.

– Hansı işləri görməyi planlaşdırırsınız?

-Əvvəlcə, onu deyim ki, beynəlxalq əlaqələr qurmaq üzərində işlər aparırıq. Bu yaxınlarda Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən və Ulu Öndər Heydər Əliyevin adını daşıyan peşə liseyi ilə danışıqlar apardıq. Türkiyə Təhsil Nazirliyi və Azərbaycanın Türkiyədəki Səfirliyi İnşaat Kolleci ilə Heydər Əliyev adına peşə liseyinin qardaş məktəb olmasını uyğun bilib. Yaxın zamanlarda bizdən böyük nümayəndə heyətinin Türkiyəyə səfər etməsi gözlənilir.

Bundan başqa kollecimizin internet saytı işlənib hazırlanır ki, bu da istifdəyə veriləndən sonra valideynlər belə övladlarının gündəlik hansı nəticələr göstərdiklərini evlərindən kənara çıxmadan izləyə biləcəklər.

Bir məqamı da qeyd edim ki, qarşıda 29 illik ömründə və 11 illik yaradıcılıq dövründə Azərbaycan poeziyasında nəhəng əsərləri ilə adını tarixin şanlı səhifələrinə yazdıran Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş gecə keçiriləcək. Gecədə millət vəkilləri, xalq şairi Nəriman Həsənzadə, xalq artisti Rasim Balayev, əməkdar artislər Mətanət İsgəndərli, Eyyub Yaqubov, Ruhəngiz Allahverdiyeva, Kəmalə Rəhimli və başqaları iştirak edəkcək. Bütün bu işlərin görülməsi isə yalnız bir məqsədə xidmət edir: hərtərəfli kadr hazırlığı.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı