ƏDƏBİYYAT 2020.05.18 15:42

Bu gün Laçının işğal günüdür. Mən inanıram millətimə…bir gün mütləq…

96

Qarabağın Azadlıq türküsü

Qurtulmaq istəyirəm tarixin möhnətindən,
Laçının qınağından, Şuşanın töhmətindən.
O dağların kölgəsi bizim arana düşür,
Bu həsrətin günahı yurdsuz qalana düşür.

Getdi uğruna ərlər dərdli vətənə fəda
Səmasında həsrətdir azadlığa şühəda.
Çeşmələrdən qan sızır torpağın nəfəsinə
Torpaqda sızıldayır bağrının öfkəsinə.

Dərd yağır , qüssə yağır zamanın axışından
haqlı bir qınaq baxır dağların baxışından.
Hanı hərarətimiz , hanı şücaətimiz?
Hanı vətən deyilən fəxrə ülviyyətimiz?

Hanı qılıncımızın tarixdəki izzəti,
Hanı əcdadımızın tükənməz əzəməti?
Çindən Romaya kimi yürüyən ordu hanı?
Hanı məğrur şahları ,hanı fatih sultanı?

Hardadır sinəsinə döyən cəsur kişilər,
Nəyi gözləyir onlar, nəyi fikirləşirlər?
Səbr …bu hər fəzilətin başında gələn dəyər
Tək vətən işğalında tələsməyə səsləyər.

Düşmənin təbəssümü torpağına dərd verir
Vətəni güldürməyə canını comərd verir.
Azadlıq istəyirəm cəsarətdən, qüvvətdən
Dərdimə çarə yalnız o şanlı hürriyyət dən.

Haydı comərdlərimiz , haydı ərənlərimiz
Vətənə canlarını qurban deyənlərimiz…
O şanlı torpaqların səsinə nəfəs verin
Azadlıq bayramının ruhuna həfəs verin

Susdurun əhrimanın uzanmış o dilini
Qopardın Qarabağda qana batmış əlini.
İstiqlal bayrağını çəkin səmalarına
Qarabağ …əsir gülüm… Hürlük yaraşır ona

O torpağın haqqıdır bayraq üstdə bir hilal,
Şəhidlərin bəxşişi olsun şanlı İstiqlal!
Qazilərin gözündən sevinc yaşı axsın qoy!
Qarabağ öz xalqına məğrur- məğrur baxsın qoy!

Ey yağının caynağı arasında inləyən!
Ey könlümün səsini göz yaşıyla dinləyən!
Şanlı ,şərəfli torpaq, kişi qeyrətli torpaq
And olsun haqqın olan bir gün sənin olacaq!

Sənin halal haqqındır bayraq üstə bir hilal
Sənsiz haqqı deyildir bu millətin istiqbal!

Rəşad Mahmud
Şair-publisist,Ziyalılar Mərkəzinin İdarə Heyətinin üzvü

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı