BAXIŞ BUCAĞI 2021.01.09 18:56

Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır

187

 

Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olun­muş müşavirədə bu gün müstəqil Azərbaycan dövlətinin özünün ən şanlı dövrünü yaşadığını, eyni zamanda, ölkəmizin tarixdə heç vaxt bu qədər güclü olmadığını bildirib. Dövlətimizin başçısı, eyni zamanda, bunun siyasi-iqtisadi, hərbi güc kimi diqqət çəkdiyini , xalq-iqtidar birliyi kimi özünü göstərdiyini vurğulayıb: “Biz bu gücdən istifadə edərək qarşı­mızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik. Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi, demək olar ki, Ermənistan ordusu yoxdur”.

Dövlətimizin başçısının diqqətə çatdırdığı kimi, bu güc-qüdrət sayəsində ordumuz 44 gün davam edən müharibə gedişində möhtəşəm qələbələr qaza­naraq, dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Silahlı Qüvvələrimiz döyüş meydanında Ermənistanın “güclü, məğlubedilməz” ordu mifini darmadağın etdi.

İşğalçı illər idi ki, mülki əhalimizə qarşı törətdiyi müxtəlif təxribatlarla müharibənin ərazisini genişləndirmək, yeni bölgələr tutmaq, tapdaq altında saxlamaq iddiasını da gizlətmirdi. Azərbaycan isə hər dəfə düşmənin təxribatlarına layiqli cavab versə də, bu, ona dərs olmurdu. Lakin Vətən sava­şında səbr kasası daşan Azərbaycan Ermənistana biabırçı məğlubiyyət yaşatdı. Əslində, işğalçı belə bir acı nəticəni gözləmirdi. Çünki Ermənistanın siyasi və hərbi rəhbərliyi ötən 30 il ərzində güclü ordu mifini yaradaraq əhalini aldadırdı. Bu mifi Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə darmadağın etdi və Ermənistanın qoruyub saxladığı status-kvo və təmas xəttini tamamilə dağıtdı.

Beləliklə, Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı son 17 ildə həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş mey­danında təcəssümünü tapdı. Ordumuz düşmənin uzun illər ərzində qurduğu, keçilməz hesab edilən müdafiə xətlərini qəhrəmanlıqla yardı, Ermənistanın hava hücumundan müdafiə sistemi və hərbi hava qüvvələrinı sıradan çıxartdı. İşğalçı qüvvələrə ağır zərbələr endirdi, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikasını məhv etdi.

Azərbaycanın işğal altında olan ərazisinin böyük bir hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı ra­yonları, Şuşa şəhəri, Hadrut qəsəbəsi, ümumiyyətlə, 300-ə yaxın yaşayış məntəqəsi düşməndən təmizləndi. Nəhayət, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti ilə idarə etdiyi Silahlı Qüvvələrin zəfər yü­rüşü siyasi müstəvidə qazanılan qələbə ilə yekunlaşdı.

Bu müharibədə Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməyəcəyini, iflasa məhkum olduğunu anlaya düşmən məğlubiyyətini etiraf etmək məcburiyyətində qaldı. Nəticədə noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanat 30 ildən artıq davam edən münaqişəyə, Azərbaycan torpaqlarının işğalına son qoydu, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yönələn fəaliyyətin yeni formatını şərtləndirdi. Bəyanatın müddəalarına uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların dayandı­rılması elan edildi. Bu il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları mərhələ-mərhələ Azərbaycan Respubli­kasına qaytarılması qərara alındı.

Dövlətimizin başçısı müşavirədə daha sonra deyib ki, bu Qələbə bütün dünyaya bizim sözümüzlə əməlimiz ara­sında heç bir fərq olmadığını sübut etdi: “Mən demişdim ki, tarixi Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq. Mən demiş­dim ki, heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Mən demiş­dim ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq. Demişdim ki, biz bu məsələni istənilən yolla həll edəcəyik və etdik, bütün təzyiqlərə, təhdidlərə baxmayaraq. Baxmayaraq ki, dünyada kifayət qədər güclü erməni lobbisi var. Dünyada bir çox aparıcı dövlətlər Ermənistanı dəstəkləyir və müharibə dövründə biz bunu açıq-aş­kar görürdük, bəzi ölkələr bunu gizlədə bilmirdilər. Bu dəstək Ermənistana nə verdi? Heç nə. Bizim gücümüz, iradəmiz qarşısında bu dəstək sıfıra bərabər oldu. Hər kəs gördü ki, bizi heç kim və heç nə dayandıra bilməz…”.

Bəli, Vətən müharibəsindəki möhtəşəm qələbə Azərbaycan Pre­zidenti cənab İlham Əliyevin uzun illər ərzində apardığı xarici və daxili siyasətin, ordu quruculuğu sahəsində fədakar fəaliyyətinin, beynəlxalq aləmdə həyata keçirdiyi uğurlu diplomatiyanın məntiqi nəticəsidir.

Azərbaycan Prezidenti, Ali Baş Ko­mandan cənab İlham Əliyevin dönməz iradəsi, müasir silah və sursatla təmin edilmiş Azərbaycan Ordusunun rəşadəti, Azərbaycan xalqının Ali Baş Komandanımız və Ordumuz ətrafında yumruq kimi birləşməsi Azərbaycan xalqına belə bir tarixi qələbə sevincini bəxş edən əsas amil oldu.

Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsini parlaq qələbə ilə başa çatdırmasını şərtləndirən digər bir neçə amili də diqqətə çatdırmaq istərdim. Bunlara döyüş hazırlığının bütün tələblərini yerinə yetirmək üçün şərait yaradılması, irimiqyaslı təlimlərin keçirilməsi, ordunun Ali Baş Komanda­nın diqqəti və səyi nəticəsində müasir silahlarla silahlandırılması, artilleriya və aviasiyanın, eləcə də digər sahələrin inkişaf etdirilməsi daxil edilə bilər.

Azərbaycan Silahlı Qüvvələrinin texniki üstünlükləri işğal olun­muş ərazilərdə düşmənin mühüm obyektlərini darmadağın etməyə imkan verdi. Müharibənin gedişi ərzində bunun dəfələrlə şahidi olduq.

Orduda şəxsi heyətin ruh yüksəkliyini xüsusi qeyd etməliyik. Bu baxımdan Azərbaycan Silahlı Qüvvələri təkcə silah və müasir texnika gücünə yox, həm də yüksək döyüş ruhu, vətənpərvərlik nümunəsi ilə möhtəşəm qələbəni reallaşdırdı. Əsgər və zabitlərimizin fiziki və qəhrəmanlıq gücü hesabına Şuşanın işğaldan azad edilməsi bunun bariz ifadəsidir.

Azərbaycan Ordusunun 44 günlük müharibə zamanı müasir texnologiya­lar əsasında hazırlanmış silahlardan istifadə edərək həyata keçirdiyi hücum taktikası dünya praktikasında ilk oldu – Silahlı Qüvvələrimizin hücum taktikası hərbi mütəxəssislər tərəfindən XXI əsrdə aparılacaq müharibələrin modeli kimi qəbul edildi.

Emin BAĞIROV,
AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı