Bütün maliyyə mənbələrindən əsas kapitala 9 milyard 868,5 milyon manat yönəldilib

2017-ci ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9 milyard 868,5 milyon manat və ya əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 0,1 faiz çox vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, vəsaitin 5 milyard 969,9 milyon manatı neft sektoruna, 3 milyard 898,6 milyon manatı isə qeyri-neft sektoruna yönəldilib, ümumi sərmayənin 72,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

İstifadə olunmuş vəsaitin 78,7 faizi məhsul istehsalı obyektlərinin, 16,0 faizi xidmət sahələri üzrə obyektlərin, 5,3 faizi isə ümumi sahəsi 1 milyon 117,2 min kvadratmetr olan yaşayış evlərinin tikintisinin payına düşür.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 39,0 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 69,8 faiz, bank kreditləri 11,8 faiz, büdcə vəsaitləri 11,8 faiz, əhalinin şəxsi vəsaitləri 4,5 faiz, büdcədənkənar fondların vəsaitləri 1,4 faiz, sair vəsaitlər isə 0,7 faiz təşkil edib.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here