CƏMİYYƏT 2020.05.20 11:30

Bütün ölkədə təhlükəli hava hadisələri ilə bağlı erkən xəbərdarlıq sistemi qurulacaq

34

Bütün ölkədə təhlükəli hava hadisələri ilə bağlı erkən xəbərdarlıq sistemi qurulacaq.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva müsahibəsi zamanı deyib.

Müsahibəni təqdim edirik:

– Azərbaycan hidrometeoroloqları 23 may ekoloqlar gününü hansı uğurlarla qarşılayırlar?

– Belə bir gün ərəfəsində ilin yekunlarına nəzər salaraq, qeyri– ixtiyari geriyə baxmaqla son il ərzində görülən işlərin iki onillikdəki işlərə bərabər olduğunu görürük. Burada heç bir mübaliğə yoxdur. Belə ki, bizim arzularımız həyata keçdi. Bəli, bugünkü gündə heç də bütün hidrometeoroloji xidmətlər ən müasir Dopler radarlarla öyünə bilməz. Dövlət investisiyası hesabına bu il Azərbaycanda 2 belə radar sistemi Şamaxı və Göygöldə quraşdırılıb (qeyd etmək istərdik ki, bu radarların quraşdırılması relyefin mürəkkəbliyi və əlverişsiz hava şəraiti ilə əlaqədar bir çox çətinliklərlə müşayiət olunurdu). 2030-cu ilədək daha 3 müasir radar sisteminin ölkəmizdə quraşdırılması nəzərdə tutulur ki, bu da bütün ölkə ərazisində təhlükəli hava hadisələri ilə bağlı erkən xəbərdarlıq sisteminin əsas həlqəsini təşkil edən radiometeoroloji müşahidələrin aparılmasını tam əhatə edəcək.Qeyd etməliyik ki, yaxın zamanlara qədər buludlar üzərində müşahidələr keçən əsrin 70-ci illərinin istehsalı olan, mənəvi və texniki cəhətdən köhnəlmiş meteoroloji radiolokatorlar vasitəsi ilə həyata keçirilirdi. Bu gün bütün dünyada hidrometeoroloji xidmətin əhəmiyyətini və vacibliyini daha çox anlamağa başlayıblar. Dövlətimiz tərəfindən bizim təşkilatın statusu artırılaraq departamentdən xidmətə çevrilib. Bu bir daha hidrometeorologiya sahəsinə göstərilən yüksək diqqətin göstəricisidir.

– Bu xidmətin əhəmiyyəti nədədir?

Bu gün xalq təsərrüfatının hər-hansı bir sahəsinin inkişafını, hava – iqlim faktorunu nəzərə almadan təsəvvür etmək mümkün deyil. İqlim dəyişmələri ölkələrin davamlı inkişafı üçün əlavə risklər yaradır. Hava ilə bağlı təhlükəli hadisələrin tez-tez təkrarlanması iqtisadiyyata ziyan vurur, insanlar əziyyət çəkir. Bu gün iqtisadiyyatın iqlimdən asılı sahələrində, hidrometeoroloji proqnozlar və xəbərdarlıqlar nəzərə alınmaqla düzgün planlaşdırmanın aparılması, zərərdən yayınmağa, onu minimuma endirməyə, həm də qabaqlayıcı tədbirləri görməklə insan həyatını qorumağa imkan verir. Hazırda qarşımıza 2030-cu ilədək Hidrometeorologiyanın inkişafına dair Dövlət Proqramının hazırlanması ilə bağlı ciddi məsələ qoyulub. Bu proqramın əsas tezisləri ilk növbədə modernləşdirmə, optimallaşdırma, effektivliyin artırılması və keyfiyyət olacaq. İstənilən meteoxidmətin əsasını müşahidə şəbəkəsi təşkil edir. Bu istiqamətdə mərhələli avtomatlaşdırma nəzərdə tutulur. Artıq bu il ölkənin əsas çaylarının üzərindəki hidroloji müşahidə məntəqələrində, bizim meteoxidmətin tarixində ilk dəfə olaraq su sərfi və səviyyəsini ölçən sensorlarla təchiz edilmiş müasir hidroloji avtomat stansiyalar quraşdırılacaq. İqlimin sürətlə dəyişdiyi şəraitdə, su ehtiyatlarının deqradasiyası fonunda çayların sululuğunun dəqiq uçotunun aparılması sudan səmərəli istifadə baxımından əsas olacaqdır.

Hidrometeoroloji məlumatların kənd təsərrüfatı üçün əhəmiyyəti şübhəsiz ki, hamıya bəllidir. Bununla əlaqədar bu il ərzində struktur dəyişikliyi çərçivəsində 30 faizə qədər hidrometeoroloji stansiyaların təyinatı dəyişdirilərək aqrometeoroloji stansiyalara çevriləcək. Əvvəllər onların sayı 5 faizi keçmirdi. Fermer təsərrüfatları aqrometeoroloji icmallarla təmin olunacaq. Bu sahədə Kənd Təsərrüfatı Nazirliyi ilə daha sıx və əlaqələndirilmiş işi qeyd etmək istərdik. Bir neçə kəlmə də bizim fəaliyyətimizin əsasını təşkil edən hava proqnozu barədə. Qlobal iqlim dəyişmələri fonunda müxtəlif transformasiyalar baş verir və atmosferdə qlobal rəqəmli modellərlə təsvir edilməsi çətin olan, proqnozlaşdırılması mümkün olmayan proseslər fiksə olunur. Sinoptik-meteoroloqların leksikonuna yeni anlayışlar daxil olub – isti və soyuq dalğaları. İqlimşünaslığın klassiklərinin kitablarında biz bu terminlərlə rastlaşmırıq. İqlim dəyişmələri ümumdünya problemlərindən biridir. Belə ki, əgər 30 il əvvəl gözlənilən iqlim dəyişmələrindən danışılırdısa, hazırda indiki nəsil bu transformasiya şəraitində yaşayır. Yeni şərait, yeni çağırışlar yaradır. Mümkün təhlükələr barədə erkən xəbərdarlığı yaymaqda məsul olan bir təşkilat kimi meteoxidmətin rolu artmaqdadır. Müasir iqlim çağırışlarına, ekstremal hadisələrə hazırlıq texniki vasitələrin və imkanların daha da təkmilləşdirilməsini zəruri edir. Qarşımızda strateji məsələ qoyulub – bizim xidmətin texniki imkanlarının yaxşılaşdırılması.

– Bu istiqamətdə nə edilib və nə edilməsi planlaşdırılır?

– İlk növbədə strukturun mərhələli optimallaşdırılması prosesi gedir. Müasir şəraitdə öz əhəmiyyətini itirmiş ayrı-ayrı bölmələr ləğv edilib. Fəaliyyətlərinə görə yaxın, bəzi hallarda isə bir-birlərinin funksiyalarını təkrarlayan departamentlər birləşdirilib. Bu ildən Milli Hidrometeorologiya Xidmətinin məsuliyyət dairəsinə o cümlədən hava keyfiyyətinin monitorinqi də verilib. Bu sahədə də bəzi yeniliklər edilib. Ölkə ərazisində havanın keyfiyyətini müşahidə edən 5 onlayn avtomat stansiya quraşdırılıb. Bu xidmətin tərkibində havanın monitorinqini və ölkənin istənilən nöqtəsində ilkin analizi aparmağa imkan verən mobil laboratoriya vardır. Bakı, Neftçala, Qazax və Beyləqandakı laboratoriyalar öz növbəsində beynəlxalq standartlara uyğun olan avadanlıqlarla təchiz edilib. Neftçilərin əməyini və gəmilərin hərəkətinin hidrometeoroloji təhlükəsizliyini təmin edən, ən müasir avadanlıqlarla təchiz edilmiş 4 dəniz hidrometeoroloji stansiya avtomatlaşdırılıb. Yaxın gələcəkdə Xəzər üçün regional xüsusiyyətləri nəzərə alan lokal proqnozlaşdırma modelinin tətbiq edilməsi planlaşdırılır ki, bunun nəticəsində də bizim istehlakçıları dalğaların hündürlüyü və küləyin sürəti barədə daha dəqiq tərtib edilmiş 7 günlük proqnozlarla təmin etmək mümkün olacaq. Belə az bir müddətdə az iş görülməyib, lakin daha çox işlərin görülməsi qarşıda durur. Bütün bu uğurlar Xidmətimizə göstərilən böyük diqqətin nəticəsidir.

Trend

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı