CƏMİYYƏT 2020.10.09 21:30

Cəlil Xəlilov: Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə heç bir qüvvə mane ola bilməz

36

Dövlətimizin başçısı İlham Əliyev bir neçə dəqiqə öncə Azərbaycan Ordusunun Hadrut qəsəbəsini və bir neçə kəndi erməni işğalçılarından azad etməsi ilə bağlı xoş xəbəri xalqımıza və bütün dünyaya bəyan etdi. Dövlətimizin başçısının bu müraciəti və səsləndirdiyi qətiyyətli bəyanat hər bir azərbaycanlı kimi, veteranlarımızın da sonsuz sevincinə, onlarda böyük ruh yüksəkliyinə səbəb olub.

Bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a açıqlamasında deyib.

Cəlil Xəlilov qeyd edib: “Mən bu böyük, parlaq qələbə münasibətilə bütün xalqımızı, eləcə də bu qələbəni bizə yaşadan şanlı Azərbaycan Ordusunu təbrik edir, cəsur əsgərlərimizə yeni zəfərlər arzulayıram. Əminəm ki, yaxın günlərdə işğal altındakı digər torpaqlarımızın da azad olunması xəbərini eşidəcək, ərazi bütövlüyümüzü tam təmin edəcəyik”.

Dövlətimizin başçısının xalqa müraciətinin bütün dünyaya mühüm mesaj olduğunu vurğulayan ehtiyatda olan polkovnik deyib ki, heç bir qüvvə Azərbaycanın haqq işinə mane ola, onun öz ali məqsədini gerçəkləşdirməsinə və ərazi bütövlüyünü təmin etməsinə mane ola bilməz. Dövlətimiz də, xalqımız da bu məsələdə qətiyyətlidir və bunun qəti qələbə ilə nəticələnəcəyinə heç bir şübhəmiz yoxdur.

“Bu gün döyüş meydanında çoxlu sayda hərbi texnika, cəsəd qoyub qaçan düşmən də anlamalıdır ki, onun xilasının yalnız bir yolu var: işğal altındakı torpaqlarımızı qeyd-şərtsiz tərk etmək. Əks təqdirdə, Ermənistanı daha böyük və sarsıdıcı itkilər gözləyir və heç bir qüvvə düşmən ölkəni bu aqibətdən xilas edə bilməz. Ermənistan məğlubiyyətlə barışmalı, baş verənlərdən dərs çıxarmalıdır”, – deyə polkovnik C.Xəlilov vurğulayıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı