CƏMİYYƏT 2020.01.14 19:58

Cənub bölgəsində pulsuz hüquqi yardım göstəriləcək

49

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Prezident İlham Əliyevin ötən il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslərə ödənişsiz hüquqi xidmətlərin göstərilməsini davam etdirir.

Vəkillər Kollegiyasından verilən məlumata görə, silsilə tədbirlər çərçivəsində yanvarın 18-də saat 10:00-13:00-dək Bakı şəhəri 8 və 10 saylı Vəkil büroları tərəfindən Lerik rayon Mədəniyyət Mərkəzində Lerik və ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardımın göstərilməsi nəzərdə tutulub.

Xatırladaq ki, dövlətimizin başçısının Sərəncamına əsasən, Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlərin göstərilməsi tövsiyə edilib. Bu tövsiyənin icrası ilə əlaqədar müvafiq tədbirlər respublikanın digər regionlarında da müntəzəm olaraq təşkil olunacaq.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı