CƏMİYYƏT 2020.09.11 07:31

Ceyhun Bayramlıdan Çingiz Abdullayevə sərt cavab

250

Araşdırmaçı-yazar Ceyhun Bayramlı yazıçı Çingiz Abdullayevin son günlər müzakirə mövzusu olan rusdilli məktəblərin bağlanması ilə bağlı açıqlamasına facebook profilində cavab verib. Ceyhun Bayramlının paylaşımını diqqətə çatdırırıq:

Biznes üçün detektivlər yazan yazıçı Çingiz Abdullayev ölkədə rus dilli məktəblərin bağlanmasını istəyənlərə feysbuk hesabında ürəyini boşaldıb. Ömrü boyu öz doğma ana dilini təhrif edə-edə danışan bu yazıçı fikrini onunla əsaslandırıb ki, 1. xaricdəki telekanallarda çoxlu erməni jurnalistlər işləyir, bizimkilərsə yoxdur; 2. Ölkədə xarici dilləri bilən minlərlə insana ehtiyac var; 3. Jurnalistlərimiz də xarici dillərdə yaxşı danışa bilmirlər; 4. Bizim lobbimiz də yoxdur; 5. baxın, Prezidentimiz də ingilis dilini gözəl bildiyinə görə Paşinyanla debatlarda fərqlənirdi…

Əvvəla, Çingiz müəllimə bir sual ünvanlayaq – bu “arqumentlərinizin” rus dilli təhsilə nə aidiyyatı var? Məgər Milli Təhsilimizdə kiminsə əlindən tutub onu xarici dilləri öyrənməyə qoymurlar? Yoxsa Çingiz müəllimin Azərbaycanda orta ümumtəhsil məktəblərində tədris olunan xarici dillərdən xəbəri yoxdur? Sizin bu səthi və dayaz məntiqinizlə, Rusiyanın hansısa telekanalında rus dilində danışa bilən Azərbaycanlı jurnalistlərin olması üçün mütləq Azərbaycanda rus dilli təhsilə meydan verilməli, rus sektorları artırılmalıdır? Qarşısına məqsəd qoyub dil öyrənmək istəyən hər kəs əziyyətini çəkib bir az cibindən pul xərcləsin, özünə bir müəllim tutsun, müvafiq dil kurslarına və söhbət klublarına getsin və istədiyi xarici dili öyrənsin də. İkincisi, Lobbinin nə demək olduğunu məsləhətdir ki, bir daha incələyib öyrənəsiniz, bunun ölkəmizdə rus dilli təhsilə heç bir dəxli yoxdur. Üçüncüsü, Prezident İlham Əliyev ingilis dili sektoruna getməyib, bu dili özü mükəmməl səviyyədə mənimsəyib. Dördüncüsü, jurnalistlərimiz üçün xarici dil kursları təşkil olunarsa, onların böyük qismi həmin dillərə yiyələnə bilər, orta məktəbləri rus dilli etməyə ehtiyac yoxdur.

Çingiz Abdullayev etiraf etsin ki, o, bu çıxışı ilə Azərbaycanda milli təhsilin başına daş salaraq rusdilli təhsilə meydan vermək istəyən və nəticə etibarilə rusbaşlı bir nəsil yetişdirmək istəyənlərdən biri kimi görünür. Milli düşüncə sahibi olan insanlarımızı “cahil” elan edən Çingiz Abdullayev yaxşı olar ki, öncə öz ana dilindəki qüsurları düzəltsin, daha sonra öz çıxışındakı məntiq yükünü bir daha nəzərdən keçirsin və 100 il öncə Azərbaycan ziyalılarının Azərbaycan dilli məktəblər açdırmaq üçün hansı çətinlik və məşəqqətlərə qatlaşdıqlarını, Ana dilində təhsilə nail olmaq üçün hansı əzablı yollardan keçdiklərini yada salıb öz fikirlərindən heç olmasa bir az utansın. Ömrü boyu rus dilində əsərlər yazmış və bununla gözəl bir biznes qurmuş Çingiz Abdullayevin kitab mağazalarında onlarla, bəlkə yüzlərlə adda rus dilində əsəri olduğu halda, Azərbaycan türkcəsində heç 5 dənə də əsərini görmək mümkün deyil. Onu hardasa görsəm, ilk öncə ona xatırladardım ki, Çingiz müəllim, heç olmasa, bu yaşınızda Azərbaycan dilində düz-əməlli danışmağı öyrənin, “GƏLİB” əvəzinə “GYALİBDUR” tələffüz edirsiniz, özünə xalq yazıçısı deyən bəndə feillərin şəkilçi sonluqlarını hər hansı orta məktəb şagirdindən daha mükəmməl istifadə etməyi bacarmalıydı.

Çingiz müəllim, Azərbaycanda rus sektoru Azərbaycanlı balalarının rus dilini öyrənməsi üçün yaradılmayıb, sovet dövründə Azərbaycanda yaşayan rus, molokan, duxobor, baptist, ukrain, yəhudi və digər azsaylı rus dilli əhalinin övladlarının oxuması üçün açılıb. Bu gün də güney Azərbaycanımızda 30 milyona yaxın soydaşımız orta ümumtəhsil məktəblərinin doğma dilimizdə olmasını arzulayır və on illərdir bununla bağlı mübarizə aparır. Sizsə yetişən nəsillərimizi yenidən rus müstəmləkəçiliyinin təsir dairəsinə salmaq üçün əlləşirsiniz. Siz Nizamini, Nəsimini, Füzulini, Xətaini, Vaqifi, Vidadini, Ələsgəri, Axundovu, Mirzə Cəlili hələ də oxumayan Azərbaycan uşaqlarına Dostoyevskini, Tolstoyu oxumağı təbliğ edirsiniz. Özünüzə bir sual verin – siz hansı xalqın ziyalısısınız? Övladını rus sektoruna yazdırmaq üçün təhsil idarələrinin önündə baş yaran və əksəriyyəti milli təhsilin nə demək olduğunu anlamayan valideynləri bəlkə də qınamamaq olar, ancaq uzun illər Azərbaycan (!) Yazıçılar İttifaqının rəhbəri olan Çingiz Abdullayevin bu sayaq rusofilliyinə Rusiyanın imperialist maraqlarına xidmətdən başqa ad vermək mümkün deyil. Yaddaşınız təzələnsin deyə yazıram — Bura nə Rusiya nə də SSRİ deyil, bura AZƏRBAYCANDIR. Və bu ölkədə Milli Təhsil müstəqil Azərbaycanın məxsusi özəlliyidir. Bu özəlliyi beş-üç nəfər rus dilində danışmağı “elitarlıq” zənn edən adamın arzularına görə dəfn edəsi deyilik hər halda. Rus sektorlarının artması Azərbaycan Milli Təhsilinin kürəyinə saplanmış bir Xəncərdir. Bu xəncəri də ancaq Rusiyaya yarınan insanlar mədh edib tərifləyə bilər. Siz də, Çingiz müəllim, özünüz üçün dəqiqləşdirin ki, siz hansı ölkənin xalq yazıçısısınız, Azərbaycanın yoxsa Rusiyanın.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı