CƏMİYYƏT 2020.09.17 13:24

Dağlıq Qarabağ ətrafında xalqımızın bilmədiyi ciddi proseslər gedir

17

“Tofiq Yaqublunun azad edilməsində maraqlıyıq. Ümid edirəm ki, bu gün apelyasiya məhkəməsi Tofiq Yaqublu məsələsini ciddi araşdıracaq və cəmiyyəti razı salacaq qərar qəbul edəcək”.

Bu barədə millət vəkili Razi Nurullayev özünün sosial şəbəkə hesabında yazıb.

“Tofiq Yaqublunun ətrafında yaranan səs-küy, məhkəmə instansiyasının cəmiyyəti narazı salan qərar qəbul etməsi birinci növbədə siyasi qüvvələr arasında çəkişməni, dartışmanı və ittiham-əsaslı mülahizələri dərinləşdirib. Bu lazım deyildi. Niyə?

Bu gün Dağlıq-Qarabağ ətrafında xalqımızın bilmədiyi ciddi proseslər gedir və belə bir məqamda bütün siyasi qüvvələrin, bütün vətəndaşların və bütün fərqli fikirlərin həmrəyliyinə ehtiyac yaranıb. Bu gün hər kəs Qarabağ üçün canından keçməyə, siyasi ambisyasından geri çəkilməyə, büdcəni oğurlamaqdan çəkinməyə və dürüst məmur əxlaqı ortaya qoymağa hazır olmalıdır. Kim etmirsə, bizdən deyil!”, – deyə deputat bildirib.

R.Nurullayev qeyd edib ki,həbslə, qorxu yaratmaqla, güc göstərməklə nə tənqidi azaltmaq, nə söyüşü dayandırmaq, nə də etirazları səngitmək olur: “Bu zaman keçib, indi yeni formata, yeni yanaşmaya və yeni dialoqa ehtiyac var. Dediklərim həm hökumət daxilində köhnə kustar üsullarla hakimiyyətə yarınmaq və faydalanmaq yolunu tutanlara, həm də xaricdə rahat kreslolarda oturub kameralar qarşısında kin-küdurət, nifrət və qanlı inqilablara çağırış edənlərədir”.

Köhnə sovet, bolşevik təfəkkürünü yenidən ölkəyə gətirmək və tətbiq etməyin dövlətçiliyə təhdid olduğunu vurğulayan millət vəkili bildirib ki, hökumət daxilində bu siyasətə dəstək verənlər onların dövlətə, Prezidentə xidmət etmədiyini, əksinə ziyan vurmaqla məşğul olduqlarını anlamalıdırlar.

“Barışmaz müxalif qüvvə adı altında xalqa demokratik mübarizə əvəzinə, söyüş, təhqir və şəxsiyyəti alçaltma dərsi keçənlər də bizdən deyil. Onlar da hakimiyyət daxilində sabotaj yolu tutanlarla bərabər, Azərbaycan insanlarının ləyaqətli yaşayışına, öz taleyinə sahib çıxmasına maneçilik edənlər və düşmən kəsilənlərdir. Hər bir siyasi mübarizənin sonunda aydın görünən bir yol olmalıdır. Siyasət uşaq oyuncağı deyil ki, onunla oynayasan, o saat kimi mürəkkəb bir mexanizmdir ki, gərək başı çıxanlar qurdalasın, həvəskarlar və naşılar yox”, – deyə deputat qeyd edib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı