ƏSAS SƏHİFƏ

Dartıcı (alt) paltarların daxili orqanlara təsiri

715

Dartıcı (alt) paltarların daxili orqanlara təsiri Geyim mədəniyyəti hər bir kəs üçün vacib şərtlərdən biridir. Məhz insan haqqında ilk təəssürat onun geyimindən, səliqəsindən yaranır. Belə bir deyim də var ki, insanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar. Əgər geyimlə ağıl müsbət mənada həmahəng olursa, bir-birini tamamlayırsa bu yaxşı göstəricidir. Ancaq geyimin mahiyyəti təkcə bununla bitmir. Mütəxəssislər deyirlər ki, geyimin həm də insan sağlamlığına birbaşa təsiri var. Müasir dövrdə xüsusilə gənclər dəbin tələblərinə uyğun olmaq üçün, yaxud daha arıq görünməyə görə dar paltarlara üstünlük verirlər. İlk növbədə onu qeyd etmək lazımdır ki, dar paltarlar normal qan dövranını pozur, ginekoloji və onurğa sütunu problemlərinə səbəb olur. Bel kəmərlə həddindən artıq sıxılıbsa çanaq orqanlarında limfanın və qanın dövranı ləngiyir. Bundan əlavə siz uzun zaman oturmağa məcbur olursunuzsa qarın boşluğu orqanlarına öz işini görmək daha da çətinləşir. Bunun nəticəsi olaraq bağırsaq xəstəlikləri kəskinləşir, qıcqırma əmələ gəlir. Qadınlarda dar şalvar, o cümlədən dar alt paltarı qinekoloji xəstəliklərin kəskinləşməsinə və inkişafına, yumurtalıq xərçənginə səbəb ola bilər. Kişilərdə isə dar şalvar geyinmək potensiya ilə bağlı problemlər yarada bilər. Məlum olduğu kimi kişi yumurtalıqlarının normal fəaliyyəti üçün aşağı temperatur şəraiti olmalıdır. Dar şalvar geyinərkən kişi yumurtalıqları bədənə daha çox sıxılır və temperatur yüksəlir. Yaxşı olar ki, vaxtaşırı kəmərinizi boşaldasınız və dar, xüsusən də sintetik şalvarlardan imtina edəsiniz. Korsetlər qaraciyəri, mədəaltı vəzini və öd kisəsini sıxır və bu orqanlarda durgunluq hallarına gətirir. Bu cür geyimlər gündəlik istifadə üçün yaramır. Mütəxəssislərin fikrinə görə orqanların daima sıxılması toxumaların və hüceyrələrin cırlaşmasına səbəb ola bilər. Bəzən elə düşünülür ki, onurğanın boyun nahiyəsində, əllərdə və çiyinlərdə ağrılar yalnız oturaq iş zamanı yaranır. Bu cür ağrılara dar büshalterlər də səbəb ola bilər. Çiyinbağlar çiyindən ələ qədər gələn siniri sıxaraq onu travmaya məruz qoyur. Mütəxəssislər hesab edirlər ki, məhz çiyinbağlara ğörə bəzi qadınlar əllərin keyləşməsini, barmaqlarda arabir sancmalar hiss edirlər. Dar büshalterlər ağciyərlərə də ziyandır və yaxşı nəfəs almağa imkan vermir. Qanın dayanması zaman keçdikcə süd vəziləri xəstəliklərinə, məsələn mastopatiyaya səbəb ola bilər. Ən yaxşısı kətan parçadan büshalter seçməkdir, o, təri hopdurur və hava dövranını pozmur. Kişilərə qalstuklarını çox bərk sıxmaq, köynəklərinin yuxarı düymələrini bağlamaq məsləhət deyil, çünki bu zaman qanın beyinə axını çətinləşir. Ateroskleroz zamanı beyinin qanla təchizatı zəif olduqda bu xüsusən təhlükəlidir. Dar yaxalıq beyinin işinə mane olduğuna görə sağlam kişilərin iş qabiliyyətində də öz əksini tapa bilər. Həmçinin dar ayaqqabı geyinmək də insan sağlamlığının düşmənidir. Dar ayaqqabı damarların varikoz genişlənməsinə, barmaqların əyilməsinə, döyənəklərin əmələ gəlməsinə səbəb ola bilər. Əgər ayaqqabı dar olmaqla yanaşı həm də hündürdabandırs a o zaman onurğa və diz oynaqları ilə problemlərin yaranmasını da gözləyin. “Gözəllik ondur, doqquzu dondur” deyimi bir həqiqətdir. Amma daha böyük bir həqiqət də var ki, ən böyük gözəllik insanın sağlamlığıdır. Odur ki, sağlamlığınız naminə dar geyimlərdən imtina edib daha rahat paltarlara üstünlük verərək həm sağlamlığınızı, həm də gözəlliyinizi qoruyun.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı