BAXIŞ BUCAĞI 2020.02.28 11:08

Dələduzluğun fəlsəfəsi və dələduzun sosial-psixoloji portreti

125

Sakit Hüseynov,
AMEA Fəlsəfə İnstitutunun Davamlı inkişafın fəlsəfəsi şöbəsinin müdiri,
fəlsəfə elmlər doktoru, professor

I. Dələduzluğun meydana gəlməsinə təsir edən sosial şərait

Bəşər tarixində insanların dələduzluqla bağlı olan davranışına həmişə rast gəlinir. Lakin son dövrlərdə, xüsusən XIX əsrin sonu və XX əsrin əvvəllərindən başlayaraq, insanlar arasında dələduzluq davranışı daha da genişlənmişdir. Bəziləri cəmiyyətdə dələduzluğun XX əsrdən başlayaraq artmasınının səbəbini elm və texnikanın inkişafı ilə əlaqələndirirlər. Ümumiyyətlə, dələduzluq fəaliyyəti irqindən, milliyətindən, dinindən asılı olmayaraq bütün xalqlarda mövcuddur. Faktlar göstərir ki, dələduzluq sosializm sistemi dağıldıqdan sonra keçmiş sovet məkanında daha geniş vüsət almışdır. Cəmiyyətşünas alimlərin fikrincə, hər hansı bir cəmiyyətdə siyasi-iqtisadi quruluş dəyişildikdə, yəni bir siyasi iqtisadi quruluş başqa quruluşla əvəz olunduqda, həmin cəmiyyətdə insanların dələduzluq fəaliyyəti də müəyyən müddətdə daha geniş vüsət alır. Filosoflar bunu insanların uzun müddət öyrəşdikləri siyasi, sosial-iqtisadi və mədəni həyat tərzininin dəyişməsi səbəbi ilə izah edirlər.

Sosioloji müşahidələr göstərir ki, bir çox ölkələrdə olduğu kimi, bizim ölkəmizdə də dələduzluq fəaliyyəti mövcuddur və ayrı-ayrı insanlar müxtəlif səbəblərdən hələ də dələduzların qurbanlarına çevrilməkdədirlər. Qeyd edək ki, respublikamızın sosial-iqtisadi və mədəni cəhətdən inkişaf etdiyi hazırkı dövrdə dələduzların fəaliyyət dairəsi hələ də davam etməkdədir. Doğrudur, son illərdə Prezident İlham Əliyevin göstərişi ilə ölkəmizdə sosial problemlərin həll edilməsinin asanlaşdırılması ilə bağlı mühüm tədbirlər həyata keçirilmişdir. Məsələn, ölkəmizdə “ASAN Xidmət”in yaradılması vətəndaşlarımızın sosial problemlərinin həllində böyük əhəmiyyət kəsb edir. Bundan başqa Prezident İlham Əliyevin son illərdə həyata keçirdiyi uğurlu sosial-iqtisadi islahatlar vətəndaşlarımızın maddi rifahının və sosial problemlərinin həllində mühüm rol oynamaqdadır. Lakin buna baxmayaraq, bəzi sosial problemlərin hələ də mövcud olması cəmiyyətdə dələduzların öz qanunazidd əməllərini davam etdirməsinə müəyyən şərait yaradır. Bunu nəzərə alaraq, cəmiyyətdə dələduzluğun azalması üçün əhali arasında geniş maarifçilik işinin aparılmasına ehtiyac vardır. Məhz cəmiyyətdə dələduzluq davranışından əziyyət çəkənlərin sayının azalması üçün bu cinayət növünün hüquqi, sosial-psixoloji və fəlsəfi mahiyyətinin şərh edilməsini indiki şəraitdə məqsədəuyğun və zəruri hesab edirik.

II. Dələduzluğun hüquqi mahiyyəti

Hər şeydən əvvəl, dələduzluq- cinayət növlərindən biri olduğuna görə, öncə onun hüquqi mahiyyətinə diqqət yetirək. 2015-ci ildə nəşr edilmiş “Azərbaycan Milli Ensiklopediyası” kitabında dələduzluq anlayışı terminoloji cəhətdən aşağıdakı kimi şərh edilmişdir: “Dələduzluq-aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə, yaxud əmlaka olan hüquqlarını əldə etmə. Əmlaka yiyələnmə üsulu kimi (stellionatus) aldatma hələ Qədim Roma qanunvericiliyində məlum idi”. (Bax: Mənbə: Azərbaycan Milli Ensiklopediyası.c.6, çin-dərk. “Azərbaycan Milli Ensklopediyası” Elmi Mərkəzi. B.2015, s.534.) Qeyd edək ki, bütün ölkələrin cinayət qanunvericiliyində dələduzluq cinayət əməli kimi tanınır. Belə ki, “Azərbaycan Milli Ensiklopediyası”ında göstərilir: “Dələduzluq, demək olar ki, bütün ölkələrin cinayət qanunvericiliklərində cinayət əməli kimi tanınır. Özgə əmlakını ələ keçirmə formalarından biri kimi dələduzluqla yanaşı, bir sıra ölkələrin cinayət məcəllələrində dələduzluğun xüsusi növlərinə, məsələn, komputer dələduzluğu (AFR-in CM, §263 a, İsveçrənin CM, m. 147), dələduzluq yolu ilə subsidiya alınması (AFR-ın CM, §264) və s.-ə görə də məsuliyyət müəyyən edilmişdir…

Azərbaycan Respublikasında Cinayət Məcəlləsinin 178-ci maddəsində dələduzluğa görə cinayət məsuliyyəti müəyyən edilmişdir”. (Bax: Mənbə: Azərbaycan Milli Ensiklopediyası.c.6, çin-dərk. “Azərbaycan Milli Ensklopediyası” Elmi Mərkəzi. B.2015, s.535.)

Göstərmək lazımdır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dələduzluğun hüquqi şərhi: “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”-kimi verilmişdir. (Bax: Mənbə: Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. “Hüquq ədəbiyyatı” nəşriyyatı, Bakı, (352), s.153) Maraqlı cəhət ondan ibarətdir ki, Azərbaycanda “dələduz” sözünün rus dilində lüğəti mənası olan “moşennik” sözü xalq arasında daha geniş yayılaraq xeyli populyarlıq qazanıb. Belə ki, “Elm” nəşriyyatı tərəfindən 1975-ci ildə nəşr olunmuş “Russko-Azerbaydjanskiy slovarğ” sözlüyündə “dələduz” sözünün rus dilindəki variantı olan “moşennik” sözünün lüğəti mənası: “fırıldaqçı, hiyləğər, adamaldadan, dələduz, dolandırıcı” (Bax: Mənbə: Russko-Azerbaydjanskiy slovarğ. “Glm”, Bau, 1975, s. 104.) kimi tərcümə olunmuşdur. Buradan göründüyü kimi, “moşennik” sözü rus dilindən Azərbaycan dilinə tərcümədə məna baxımından daha əhatəli şərh edilmişdir. Azərbaycan dilində “dələduz” sözünün şərhinin paralel şəkildə “moşennik” kimi geniş yayılmasının səbəbi, bəlkə də, bununla bağlıdır. Hər halda xalq arasında kiminsə “dələduz” olduğu deyilirsə, insanlar bunu “moşennik” kimi qavrayır. Bunu nəzərə alaraq biz də bu yazıda dələduz və “moşennik” terminlərini yanaşı işlətməyi məqsədəuyğun hesab edirik.

III. Dələduzluğun sosial-psixoloji mahiyyəti

Tədqiqatçıların fikrincə, dələduzluğun sosial-psixoloji mahiyyəti iki keyfiyyətə: hiyləgərliyə və yalançılığa əsaslanır. Çünki dələduz (“moşennik”) həmişə oğru və yalançıdır. Dələduz həmişə özünün yüksək yalançılıq qabiliyyətindən sui-istifadə edərək ətrafdakıların inamını qazanmağa nail ola bilir. Dələduzun davranışında oğurluq və yalançılıq fəaliyyəti bütün insanlar üçün təhqiramiz təsir bağışlayır. Məharətli yalançılıq qabiliyyəti dələduzların xarakterində qeyri-səmimilik, hiyləgərlik, məkrlilik, soyuqqanlılıq, xəyanətkarlıq, namərdlik, şərəfsizlik, həyasızlıq, ləyaqətsizlik, sırtıqlıq, başqalarının hüquqlarını tapdalamaq, yeri gələndə insanlara hədə-qorxu gəlmək və s. kimi mənfi xüsusiyyətlər yaradır. Dələduzlar (“moşennik”lər) öz daxilində yaranan hiyləgərlik və yalançılıqdan doğan (yuxarıda sadalanan) mənfi xüsusiyyətləri ilə çox vaxt özlərini dostluq, qarşılıqlı kömək, xeyirxahlıq, ədalət, mərhəmət və s. kimi bəşəri dəyərlərdən məhrum edirlər. Bu baxımdan öz məkrli planlarını həyata keçirmək üçün fəaliyyətə başlayan dələduzlar öz ətraflarındakı insanlarla səmimi, normal, şəffaf, düzgün və təmannasız münasibət qura bilmirlər. Mənfi xüsusiyyətlərə malik olan peşəkar dələduzlar üçün ətrafdakılarla həqiqi dostluq əlaqələri qurmaq çox çətin olur. Çünki dələduzun daxilində formalaşmış məkr, hiylə, xəyanət, yüksək eqoizm kimi mənfi duyğular ona ətrafdakılarla səmimi münasibətlər qurmağa imkan vermir. Dələduz öz ətrafında özünəməxsus psixoloji mühit yaratdıqdan sonra hamı ilə hər gün dırnaqarası “mehriban” görüşməsinə baxmayaraq, sanki ətrafdakılardan təcrid olunur. Bu mərhələdə dələduzlar daxili aləmlərində öz qurbanlarına qarşı məxfi planlar qurmaqla məşğul olurlar. Bu səbəbdən onlar bu məqamda öz qurbanlarına qarşı daha amansız və daha təhlükəli olurlar.

Hər hansı adi cinayətkar kimi, dələduz (“moşennik”) da öz xüsusiyyətlərinə görə daha eqoist olur, özlərini başqalarından çox yüksək tuturlar. Bəzən onlar özlərini mötəbər şəxslər kimi aparır, hər dəfə təzə kostyum geyinir, bahalı maşında gəzir, tanınmış vəzifəli şəxslərin adından istifadə edir, bəzi vəzifəli şəxslərlə yaxın qohumluq əlaqələri olduğunu ətrafdakılara bəyan edirlər. Dələduzların bu cür davranışı bəzi adamları çaşdırır, bəzilərini şübhələndirir, bəzilərini isə daha çox cəlb edir.

Qeyd edək ki, peşəkar dələduz müəyyən natiqlik istedadına malik olur, ətrafdakıları məharətlə inandırmağa çalışır və buna nail olur. Dələduz bir çox çətin məsələləri həll etməyə qadir olduğunu ətrafdakılara inandırmaq üçün bəzi tanınmış adamların adından sui-istifadə etməyi də bacarır.

Sosioloji müşahidələr göstərir ki, dələduzlar aldatdıqları, maddi və mənəvi zərər vurduqları insanların əvvəlcə tərcümeyi-halını, psixologiyasını, xarakter və xasiyyətini, onların maraq dairəsini öyrənir. Bundan sonra isə onlar haqqında qurduqları məxfi planları yerinə yetirməyə başlayırlar. Peşəkar dələduzlar düzlük, saflıq, qanunlara hörmət, başqasının əmlakına toxunmamaq hissindən çox uzaqdırlar.

IV. Dələduzun əsas psixoloji xüsusiyyətləri

Yuxarıda deyilənləri ümumiləşdirərək, qeyd edək ki, dələduzluq davranışı bir çox xüsusiyyətlərə malikdir. Adamların dələduzların toruna düşməməsi üçün həmin xüsusiyyətləri şərh edək:

1. Qeyd edək ki, dələduzun psixologiyasına daxil olan xüsusiyyətlərdən biri yalançılıqdır. Məqalənin əvvəlində dələduzun (“moşennik”in) yalançılıq xüsusiyyəti haqqında geniş şərh verildiyinə görə onun üzərində geniş dayanmaq istəmirik.

2. Dələduzun şüur və davranışında özünü biruzə verən xüsusiyyətlərdən biri onun tez-tez artistlik etməsi, bir cilddən başqa cildə girməsi və onun tez-tez saxtakarlıq etməsindən ibarətdir. Daha doğrusu, faktlar göstərir ki, yüksək aktyorluq istedadına malik olan dələduz (“moşennik”) bəlağətli və pafoslu çıxışları ilə ətrafdakıların diqqətini özünə cəlb edə bilir, özünü hamıya kömək edən bir xeyriyyəçi, istədiyi adamları vəzifəyə qoya bilən, kimsəsizlərə əl tutan xeyirxah bir adam kimi tanıtmağı bacarır.

3. Məşhur rus hüquqşunas-alimi İ.Y.Foynitski dələduzun formalaşmasında “intellektual vasitə”ni əsas xüsusiyyətlərdən biri hesab etmişdir. Onun fikrinə görə, dələduzluq fəaliyyətində həm nəzəri, həm də praktiki cəhətdən “intellektual vasitələr” müəyyən əhəmiyyət kəsb edir. Başqalarının etibarını qazanmaq, insanları inandırmaq, adamları aldatmaq üçün diqqətlilik, ehtiyatlılıq, intuisiya, hiyləgərlik, ayıqlıq və s. kimi intellektual vasitələr mühüm rol oynayır. Bu baxımdan müşahidələr göstərir ki, dələduzlar öz intellektual səviyyələrinə görə adi insanlardan fərqlənirlər.

4. Yuxarıda göstərilən dələduzluğun psixologiyasının 2-ci və 3-cü xüsusiyyətlərinin birləşməsi 4-cünü – “Tamahkarlıq məqsədi ilə aldatma sənəti”ni doğurur. Dələduzun bu xüsusiyyətlərinin mahiyyəti mənfi olsa da mütəxəssislər tərəfindən təsdiq edilmişdir. Bu xüsusiyyətlər: kreativlik, necə deyərlər, dələduzların həm şüurunda, həm də fəaliyyətində innovasiya xarakterindən ibarətdir.

5. Dələduzluğun digər xüsusiyyəti əxlaqsızlıq hesab olunur. Hər hansı intellektual vasitə qapalılıq və dolaşıqlıq olmasına baxmayaraq, burada dələduzluğun əxlaqsızlığı aydın görünür. Dələduzluğun əxlaqsızlığı amansızlıq, həyasızlıq, vicdansızlıq, rəhmsizlik, xainlik və s. kimi insan varlığının bir çox şər xüsusiyyətlərindən yaranmışdır.

6. Dələduzluğun digər xüsusiyyəti, bütövlükdə bu davranışın cinayət xarakteri daşımasından ibarətdir. Dələduzluq yüksək dərəcəli əxlaqsızlıq olmaqla yanaşı, həm də tamahkarlıq məqsədi ilə, yaxud aldatma yolu ilə başqasına əmlak və maliyyə cəhətdən zərər vurmaq, eyni zamanda insanın fiziki və mənəvi-psixi sağlamlığına ziyan vurmaqdan ibarətdir. Dələduzluq davranışının bu istiqamətini qanunla müşayiət olunan kriminal fəaliyyət adlandırmaq olar.

Beləliklə, yuxarıda qeyd olunan bütün xüsusiyyətləri dələduzluq kompleksi adlandırmaq olar. Qeyd edək ki, dələduzluğun göstərilən keyfiyyət xüsusiyyətləri heç də dələduzluq fəaliyyətinin bütün psixoloji mahiyyətini əks etdirmir. Bu baxımdan biz fəlsəfi və psixoloji cəhətdən dələduzluğun yuxarıda sadalanan bu kompleksinə məkan və zamana uyğun daimi dəyişən, modernləşən, həmişə gözlənilməz və qabaqcadan bilinməyən, xüsusi təhlükəli, məkrli, çoxcəhətli və çoxgörüntülü fenomen kimi yanaşmalıyıq.

V. Hansı xarakterli insanlar dələduzun – (“moşennik”in) toruna düşürlər?

Bəs dələduzların əsas hədəfləri, daha doğrusu, onların qurbanları kimlərdir? Tədqiqatçılar dələduzun (“moşennik”in) aldatdığı adamları (qurbanları) aşağıdakı qruplara bölürlər:

1. Həyatda özlərinin müəyyən sosial məsələlərini asan yolla həll etməyə çalışan və hər şeyə inanan sadəlövh insanlar;

2. Dələduzun bəlağətli, bəzəkli, təmtəraqlı və şirin sözlərinə inanan təmiz qəlbli, mənəvi cəhətdən saf və dürüst insanlar;

3. Zəhmət çəkmədən rahat yolla özlərinə karyera qurmaq istəyən insanlar;

4. Müəyyən vəzifə tutmaq istəyən xəyalpərəst vəzifə düşkünləri;

5. Asan yolla tez bir zamanda varlanmağa meyilli olan tamahkar və müftəxorlar;

6. Yüngülxasiyyətli, avantürist meylli, məcara axtaran, hər şeyə tez inanan və s. bu kimi zəif xarakterli insanlar.

VI. Dələduzlara aldananların psixologiyası

Sosioloji müşahidələr göstərir ki, dələduzlar (“moşennik”lər) öz qurbanlarını seçərək əvvəlcə onlarla ünsiyyət yaradır, onlara sanki mehribanlıq göstərir, sonra isə onların psixologiyasını, xarakterini, maraq dairəsini dərindən öyrənərək onları özlərinə inandırır, sonra isə öz qurbanlarından müxtəlif məqsədlər üçün istifadə edirlər.

Qeyd etmək lazımdır ki, dələduzlara (“moşennik”lərə) aldananların psixologiyasında əsas məsələ inam məsələsidir. Yəni zərərçəkənin psixologiyasında yaranan dəyişiklik dələduza çox asanlıqla inanmaqdır. Zərərçəkən dələduza inanan kimi, onun təsirinə düşür və onun müxtəlif tapşırıqlarını yerinə yetirməyə başlayır. Bundan sonra dələduzlar şikarlarından öz məkrli məqsədləri üçün istifadə etməyə başlayırlar. Məsələn, dələduzlar qurbanlarının bəzilərindən informasiya mənbəyi kimi istifadə edir, bəzilərini məharətlə öz çirkin əməllərinə qoşur, bəzilərindən isə kimlərinsə üzünə durmaq və kimləri isə şantaj etmək üçün istifadə edirlər. Son vaxtlar ən çox yayılmış dələduzluq növlərindən biri – aldatma yolu ilə başqasının əmlakını ələ keçirmə, bir mənzili bir neçə adama satmaq, kimlərdənsə böyük miqdarda borc alıb-qaytarmamaq, kimlərinsə adına banklardan kredit götürüb vaxtında ödəməmək və s. yəni peşəkar dələduzlar öz qurbanlarından öz cinayət məqsədini həyata keçirmək üçün müəyyən vasitə kimi istifadə edirlər.

Güman edirik ki, bu məqaləni oxuyanların əksəriyyəti bundan sonra özləri üçün müəyyən ibrət dərsi götürər bir daha dələduzların şirin yalanlarına, mərkli insanların boğazdan yuxarı dedikləri sözlərə inanmayacaqlar. Digər tərəfdən, hiyləgər, yalançı, namərd, əxlaqsız, eyni zamanda cəmiyyətimizə və dövlətçiliyimizə ziyan vuran peşəkar dələduzların əməllərinə dəstək verən bəzi insanlar da bir daha dələduzların təsiri altına düşməyəcəklər. Yəqin ki, hər hansı bir kollektivdə belə hallar baş verərsə, minlərlə mərd insanlarımız bu cür dələdüzların əməllərinə dözməyərək onların dələduz davranışlarına qarşı mübarizə aparacaqlar. Çünki bu Məcəllə ən azından bu yaşadığımız cəmiyyətin əxlaqi və hər bir insanın vicdan məsələsidir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı