“Dialoqİnfo” Təhsil Portalında könüllülər üçün təşkil olunan üç aylıq təcrübə proqramı uğurla başa çatdı. Baş redaktor Mübariz Göyüşlü, redaktorlar Toğrul Bayramlı və Rasim Abdurahman tərəfindən davamlı olaraq keçirilən təlimlər öz bəhrəsini verdi. Qeyd edək ki, qiymətləndirmə ilə davam edən proqramı Gülzar Quliyeva, Kəmalə Rəsulova, Fəridə İbrahimli tapşırıqların daimi olaraq yerinə yetirilməsi ilə əlaqədar müvəffəqiyyətlə başa vurdu. Artıq onların hər biri xəbər hazırlama, sayta yerləşdirmə, eyni zamanda məqalə yazma bacarıqlarına sahibdirlər.
Bununla əlaqədar olaraq 21 may tarixində könüllülərin təltif mərasimi keçirildi. Təlimlərdə aktiv iştirak etdikləri, kursu müvəffəqiyyətlə bitirdikləri hər üç könüllü sertfikatla təltif olundular. Tədbirdə baş redaktor Mübariz Göyüşlü, redaktor Toğrul Bayramlı və Türk Evinin sədri Yalçın Sucu çıxış edərək könüllülərə uğurlar arzuladılar. Sonda isə könüllülər proqram başa çatsa belə, saytla əməkdaşlığa davam edəcəklərini və bu işdən məmnun olduqlarını bildirdilər.
