CƏMİYYƏT 2020.03.20 16:55

Dünyaya təqdim edilən daha bir Azərbaycan təcrübəsi

101

Arzuman Abdulkərimov: “Hər bir Azərbaycan vətəndaşı Prezidentin sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna imkan çatdığı qədər dəstək olmalıdır”

Dünyanı ciddi şəkildə təhdid edən və yayıldığı bir neçə ay ərzində minlərlə insanın həyatına son qoyan koronavirus artıq Azərbaycan sərhədlərini də aşıb. Rəsmi məlumatlardan məlum olduğu qədər artıq Azərbaycanda 25 nəfərdə virusa yoluxma halı qeydə alınıb. O cümlədən karantində saxlanılan şəxslər də var. Virusun qeydə alındığı digər ölkələrlə müqayisə etdikdə görərik ki, Azərbaycanda koronavirusa yoluxanların sayı nisbətən azdır. Baxmayaraq ki, ölkəmiz sözügedən virusun geniş yayıldığı 3 ölkədən biri sayılan İran İslam Respublikası ilə həmsərhəddir. Buna baxmayaraq Azərbaycanda koronavirusun yayılması cənub qonşumuzda olduğu kimi geniş miqyasda deyil və ölkə üçün ciddi problemə çevrilməyib. Bu isə heç şübhəsiz ki, zamanında sözügedən təhlükəyə qarşı alınan önləmlə əlaqədardır. Elə əksəriyyət ekspertlər də hesab edirlər ki, öldürücü təsirə malik olan koronavirusun Azərbaycan ərazisində geniş yayılmaması və onun ciddi təhlükə mənbəyinə çevrilməməsi zamanında atılan adekvat, qabaqlayıcı addımlar, tədbirlərlə bağlıdır. “Hilal” Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov qeyd edir ki, hələ virus Çin Xalq Respublikasının sərhədlərini aşmadan öncə Azərbaycanda gözlənilən təhlükəyə qarşı ciddi önləm alınmasına başlanıldı: “Belə ki, cari ilin yanvar ayında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında bu məqsədlə Operativ Qərargah yaradıldı. Yaradılan Operativ Qərargah mövcud vəziyyəti, gözlənilən təhlükəni nəzərə alaraq zamanında vacib qərarlar qəbul etdi ki, məhz həmin qərarların icrası da öz növbəsində koronavirusun ölkəmizdə geniş şəkildə yayılmasının qarşısını aldı. Məsələn, bütün təhsil müəssisələrində tədrisin müvəqqəti dayandırılması, eyni zamanda keçirilməsi nəzərdə tutulan kütləvi tədbirlərin ləğvi, iaşə obyektləri, kafe və restoranlarda axşam saat 9-dan sonra xidmətin qadağan edilməsi zamanında atılan addımlar və virusun ölkəmizdə geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlərdən idi”. İctimai Birlik sədri qeyd edib ki, koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə Azərbaycan dövləti operativ qabaqlayıcı tədbirlərlə yanaşı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, həyata kerçirilən tədbirlərin effektivliyini yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görür: “Bu mənada Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması qeyd etdiyimiz istiqamətdə atılan ən mühüm addımlardan biridir. Fondun məqsədi Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir. Fondun vəsaiti tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə (o cümlədən texnoloji qurğuların, cihazların, avadanlığın, nəqliyyat vasitələrinin, mal və materialların, habelə digər tibbi ləvazimatın alınmasına), xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, nəzarət və monitorinqlərin təşkilinə və həyata keçirilməsinə, tibb sahəsində elmi tədqiqat işlərinin maliyyələşdirilməsinə, tibb sahəsində mütəxəssislərin hazırlanmasına; təbliğat və maarifləndirmə işlərinə; koronavirusla mübarizə istiqamətində həyata keçirilən digər tədbirlərə sərf olunacaq”.

xxx

Arzuman Abdulkərimov onu da qeyd edib ki, həm sözügedən fondun yaradılması, həm də Azərbaycan Prezidentinin Sərəncamına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat vəsaitin ayrılması həm ölkə miqyasında, həm də qlobal mənada ortaya qoyulan, nümayiş edilən bir örnəkdir, çağırışdır: “Yəni, bu bir Azərbaycan təcrübəsidir ki, Cənab Prezident tərəfindən dünyaya təqdim edildi. Bu gün virusa yoluxan əksəriyyət ölkələrdən fərqli olaraq Azərbaycanda belə bir addımın atılması, sözügedən fondun yaradılması həm də onun göstəricisidir ki, Azərbaycan dövləti, xüsusilə də onun prezidenti Cənab İlham Əliyev üçün əsas prioritet vətəndaş məmnunluğu, vətəndaş amilidir. Dövlət başçısının atdığı bütün addımlar, imzaladığı fərman və sərəncamlar kimi, məhz adıçəkilən Fondun yaradılmasının da fonunda vətəndaş amili dayanır. Cənab Prezident üçün Azərbaycan vətəndaşının sağlamlığı, onun rahat yaşaması, sosial müdafisəinin gücləndirilməsi hər zaman prioritet olub və bu gün də bu prinsiplər davam etməkdədir: “Koronavirusla Mübarizəyə Dəstək Fondunnun yaradılmasından bir neçə gün əvvəl “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Sərəncamına əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilməsi bunun əyani sübutudur. Eyni zamanda Nazirlər Kabinetinin digər qərarı ilə koronavirusun yayılmasının qarşısının alınması üçün tibbi ləvazimatların, avadanlıqların, dərman preparatlarının alınmasına və digər xərclərə 10 milyon manat ayrılması, Azərbaycana xaricdən idxal olunduğu nəzərə alınaraq baxillər, steril və qeyri-steril əlcəklər və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların idxalı cari ilin iyun ayının 1-dək idxal gömrük rüsumundan azad edilməsi, qısa dövr ərzində 4 müasir laboratoriya alınıb Azərbaycana gətirilməsi və bununla da ölkədə laboratoriyaların sayının 10-a çatdırılması Azərbaycan dövlətinin əhalinin sağlamlığının, ölkənin təhlükəsizliyinin təmin edilməsindən məqsədyönlü siyasət həyata keçirdiyini ortaya qoyur”. Arzuman Abdulkərimov onu da bildirib ki, hər bir Azərbaycan vətəndaşı Prezidentin sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna imkan çatdığı qədər dəstək olmalıdır: “Siyasi mövqeyindən, tutduğu yoldan, cəmiyyətdəki yeri və rolundan asılı olmayaraq hər birimiz Koronavirusla Mübarizəyə Dəstək Fonduna dəstək olmalı, imkanımız çatdığı qədər ora vəsait ödəməliyik. Çünki sözügedən fondun yaradılması Azərbaycan vətəndaşının sağlam olması, sağlam yaşamasına, koronavirus, eləcə də digər bu kimi öldürücü infeksiyalardan qorunmasına xidmət edir. Hesab edirəm ki, biz də vətəndaş cəmiyyətinin üzvü olaraq bacardığımız qədər Koronavirusla Mübarizəyə Dəstək Fonduna dəstək olmalıyıq”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı