DÜNYA 2020.12.05 10:12

“Ermənistan hakimiyyəti müharibənin olması üçün hər şeyi etdi” – Koçaryan

38

Ermənistan rəhbərliyi ehtiyatsız hərəkətləri və açıqlamaları ilə Qarabağda müharibəni yaxınlaşdırmaq üçün hər şeyi etdi. Bunu Ermənistanın sabiq prezidenti Robert Koçaryan “5-ci kanal”a müsahibəsində bildirib.
“Hakimiyyət müharibənin qaçılmaz olması üçün hər şeyi etdi. Birincisi, danışıqlar prosesi dalana dirəndi və bu, qəsdən edildi. Hətta ATƏT-in Minsk Qrupu həmsədrləri belə nə baş verdiyini anlamadılar. Erməni tərəfi danışıqlar prosesini çıxılmaz vəziyyətə gətirmək üçün müxtəlif fəndlərə əl atdı. Belə təəssürat var idi ki, Ermənistan danışıqları dalana gətirmək üçün bildiyi hər şeyi edir. Müharibə danışıqların Ermənistan tərəfindən pozulduğuna heç kimin şübhəsi qalmadığı anda başladı. Maneələr yarandı, erməni tərəfinin günahı ucbatından hər şey uğursuz oldu”, – deyə eks-prezident vurğulayıb.

Koçaryanın fikrincə, Paşinyanın Qarabağa dair bəyanatları, məsələni ərazi bütövlüyünə sürükləməsi onunla nəticələndi ki, heç bir ölkə müharibəyə başlayan Azərbaycanı qınamadı.

Keçmiş prezident, həmçinin Ermənistanın baş nazirini bütün bu səhvlərin birbaşa günahkarı hesab edir. Onun fikrincə, hər şey erməni tərəfinin iyul ayında Tavuş sərhəd qarşıdurmasına səbəb olması ilə başladı. Bir ay əvvəl Baş qərargah rəisinin Ermənistanın müharibəyə hazır olmadığını bildirdiyini nəzərə alsaq, bu, ölümcül bir səhv idi.

“Bu hadisənin əhəmiyyətini şişirtmək, 70 əsgərə medal vermək, həm Azərbaycanı, həm də Türkiyəni məğlub etdiyimizi söyləmək, təxribat deyilsə, onda nədir?”.

Koçaryan, eyni zamanda keçmiş müdafiə naziri David Tonoyanın “yeni ərazilər üçün yeni müharibə” ilə bağlı açıqlamalarını da tənqid edib: “Əslində nazirin ağzından Azərbaycana qarşı elə bir təhdid səsləndirdik ki, bu təhlükəni aradan qaldırmanın ən qısa yolu müharibə idi. Rəhbərliyin “Artsax” (Qarabağ-red) səmalarını düşmən pilotsuz təyyarələrinə bağlaya bilməməsi başqa bir səhvdir. Dövlət məmurlarına bonus olaraq 120 milyon dollar vermək əvəzinə, bir neçə müasir müdafiə avadanlığı alına bilərdi”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı