DÜNYA 2020.10.09 21:00

Ermənistan nəyə üstünlük verəcək? – “London Post”

35

Böyük Britaniyanın nüfuzlu “The London Post” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Tahir Tağızadənin Ermənistan-Azərbaycan münaqişəsinə dair məqaləsi dərc olunub.

Axar.az xəbər verir ki, səfir Tahir Tağızadə məqalədə yazır: “Son 10 gün ərzində sosial şəbəkələrdə, həmçinin Britaniya mediasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindəki son vəziyyətlə bağlı böyük məlumat axını baş verib. Bunların arasında hər zaman diqqət çəkən sadə, eyni zamanda çox güclü bir reallıq elementi var: Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik 7 rayonunu işğal edib və həmin ərazilərdə etnik təmizləmə aparıb. BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və tam qeyd-şərtsiz çıxarılmasını tələb edən 1993-cü il tarixli 823, 854, 874, 884 saylı qətnamələri bugünədək yerinə yetirilməyib”.

Səfir Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 1997-ci ildə dərc olunan “Müharibə və ya sülh”: artıq düşünmək vaxtıdır” məqaləsini xatırladaraq bildirir ki, bu, Dağlıq Qarabağ münaqişəsinin başlanğıcından bəri Ermənistanda indiyə qədər yazılan ən məntiqli yazıdır.

Çünki bu məqalədə Ter-Petrosyan status-kvonun davam etdirilməsinin mümkünsüzlüyünü və beynəlxalq normaların üstünlüyünü qəbul edir, qeyri-real hədəflərin və saxta illüziyaların Ermənistanı son nəticədə uçuruma aparacağını qeyd edirdi.

Səfir məqaləsində qeyd edib ki, 2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gələndə çoxları bunu danışıqlar prosesi üçün yeni və konstruktiv bir mərhələnin başlanğıcı kimi qiymətləndirdi. Lakin təəssüflər olsun ki, bu ümidlər Ermənistanın siyasi-hərbi rəhbərliyinin son iki ildə bitməyən təxribat xarakterli hərəkətləri, alovlandırıcı ritorikası və məsuliyyətsiz davranışı səbəbindən şübhə altına alınıb.

Səfir Paşinyanın 2020-ci ilin mayında Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejimin “prezidenti”nin “andiçmə mərasimi” üçün Şuşaya səfəri də daxil olmaqla, həm sözdə, həm də əməldə Ermənistan rəhbərliyi tərəfindən həyata keçirilən təxribatlarının, 2019-cu ilin avqust ayında işğal altındakı Xankəndi şəhərinə etdiyi səfərinin, Ermənistanın müdafiə naziri David Tonoyan tərəfindən 2019-cu ilin martında “yeni ərazilər üçün yeni müharibə” konsepsiyasının tətbiqinin, danışıqlar formatını dəyişdirmək cəhdlərinin və bu kimi digər hərəkətlərin ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan sülh prosesinə zərbə vurduğunu bildirib.

“İyul ayında Azərbaycanla beynəlxalq sərhəddə – Tovuz istiqamətində Azərbaycana qarşı törətdiyi uğursuz təxribatdan sonra sentyabrın 27-də Ermənistan ölkəmizə qarşı növbəti təcavüz aktı törədib. Yaranmış vəziyyət beynəlxalq ictimaiyyətin beynəlxalq norma və prinsiplərin arxasında möhkəm dayanması üçün əsl sınaq anıdır. Ermənistan Azərbaycanın təmas xəttinə yaxın, eləcə də təmas xəttindən kənarda yerləşən mülki əhalisi və infrastrukturunu atəşə tutaraq beynəlxalq humanitar hüququ açıq şəkildə pozur”, – deyən səfir son dövrlər müşahidə olunan bir sıra tendensiyalardan da narahatlığını ifadə edib. O deyib: “Erməni cəmiyyətində artan anti-Azərbaycan meyllərinin şahidi oluruq. Hər gün Rusiyada, Livanda, Yunanıstanda, Suriyada və digər yerlərdə yaşayan erməni əsilli şəxslərin Dağlıq Qarabağa ölkəmizlə mübarizə aparmaq üçün getdiyini əks etdirən xəbərlərə rast gəlirik. ATƏT-in Minsk qrupunun təcrübəsizliyi və həmsədrlik institutu arasında bəzilərinin açıq qərəzliliyinin şahidiyik. Lazımi beynəlxalq təzyiqin olmaması, beynəlxalq hüququn norma və prinsiplərinə riayət əsas götürülmədən səslənən sülh çağırışları ən yaxşı halda faydasızdır və ən pis halda Ermənistanın təxəyyülündəki cəzasızlıq mühitinin davam etməsinə yardımçı olur.

Ermənistanın təcavüzü nəticəsində mülki şəxslər arasında itkilərimizin olmasına baxmayaraq, ölkəmiz bu məsələlərə substantiv şəkildə yanaşmağa hazırdır. Çünki əsas məsələ müharibəni deyil, sülhü qazanmaqdır”.

Son qərarın Ermənistanın olduğunu qeyd edən səfir vurğulayıb: “Görəsən, Ermənistan tərəfi nəyə üstünlük verəcək? Nəhayət, işğala son qoymağa, Cənubi Qafqazda davamlı sülhün, sabitliyin təmin edilməsi ilə öz firavanlığına nail olmağa, yoxsa Ter-Petrosyanın dediyi kimi, uçurumun dibinə aparan milliyyətçi xəyalların arxasında gizlənməyə?”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı