CƏMİYYƏT 2020.10.12 17:34

Ermənistanın Gəncəni atəşə tutması nəticəsində bir əsr yarım yaşı olan pravoslav kilsəsi də zərər görüb

121

Bu gün Gəncəyə səfər edən xarici diplomatlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin, ordusunun vəhşiliyi və vandalizminin şahidi oldular. Düşmənin Gəncəni ağır artilleriyadan atəşə tutması nəticəsində mülki şəxslər arasında ölən və yaralananlar var, tarixi abidələrimizə, o cümlədən bir əsr yarım yaşı olan pravoslav kilsəsinə də zərər dəyib.

Bunu Gəncədə jurnalistlərə açıqlamasında İmamzadə ziyarətgahının mütəvəllisi, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov deyib.

O bildirib ki, qədim Gəncə şəhəri dünyada Nizami, Məshəti kimi böyük şairləri, alimləri, qonaqpərvərliyi və sülhpərvərliyi ilə tanınır: “Ermənistan Xocalıda törətdiyi soyqırımının oxşarını Gəncədə həyata keçirmək istəyir. Atılan raketlər məsum uşaqları, qadınları, yaşlıları hədəf alıb. Son raket zərbəsi nəticəsində 9 dinc sakin həlak oldu, xeyli insan yaralandı, evlərimiz dağıldı”.

Azərbaycanın tolerant ölkə olduğunu vurğulayan Hacı Tahir deyib: “Gəncədə çoxlu kilsələr, məscidlər, sinaqoq və dini mərkəzlər var. Ermənistandan atılan raketlərdən biri Gəncədə IX əsrdən qalma İslam peyğəmbərinin 5-ci nəvəsinin məzarı və ətrafındakı böyük məscidin yanına düşüb və oraya zərər vurub. Bundan başqa, Gəncədə bir əsr yarım yaşı olan pravoslav kilsəsinin də ətrafına raket düşüb və kilsə zərər görüb. Bu da onu göstərir ki, ermənilər heç bir dinə, inanca baxmırlar, onlar üçün müqəddəs heç nə yoxdur”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı