CƏMİYYƏT 2020.10.12 17:48

Ermənistanın Gəncəyə atdığı “SKAD” raketi – Əsl məqsəd nə olub?

26

“SKAD” raketi sovet döründə istehsal olunmuş taktiki ballistik raketdir. İlk istehsal olunmuş versiyasının adı R-11, sonrakı daha inkişaf etdirilmiş variantı isə R-17 “Elbrus” adlanır. “SKAD” adı isə bu raketin NATO kod adıdır və bu ad daha çox istifadə olunur.

Trend-in məlumatına görə, raketin sürəti maksimum 1.7 km/s-dır. “SKAD” raketi ortamənzilli ballistik raketdir və nüvə başlıqlarını da daşıya bilmək iqtidarındadır. Ümumiyyətlə, son dövrlərdə dünyadakı hərbi əməliyyatlara baxsaq görərik ki, 500 mindən artıq sakini olan şəhərə qarşı ballistik və böyük dağıdıcı gücə malik raketin atılması çox nadir hallardan biridir.

Bir çox xüsusiyyətlərinə görə II Dünya müharibəsi zamanı Faşist Almaniyası tərəfindən istehsal olunan V-2 raketinin oxşarıdır. Raketin nüvə başlığının gücü 50 kiloton hesablanıb. “SKAD” raketləri istehsal olunduğu dövrdə belə onun ehtimal olunan yayınma dairəsi 450 metr təşkil edirdi.

Bu o deməkdir ki, hər hansısa nöqtəyə raketi atılanda, o, həmin nöqtədən 450 metr radiusda bir əraziyə düşəcək. Bu, raketdən hərbi hədəfləri məhv etmək üçün istifadədə çətinlik yaradır, dəqiqlik yoxdur, ona görə də, hərbi məqsədlə tətbiqinin heç bir effekti yoxdur.

“SKAD” ilk dəfə 1973-cü il Yom Kippur müharibəsinin sonlarında Misir tərəfindən İsrailə qarşı istifadə olunub, nəticədə 7 nəfər İsrail hərbçisi həlak olmuşdu. Sonuncu dəfə isə 11 oktyabr 2020-ci ildə Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə atılmışdır. Nəticədə 4-ü qadın olmaqla, 9 nəfər həlak olmuş, aralarında uşaqlar olan 35 nəfər yaralanmışdır.

Buradan da belə nəticə çıxarmaq olar ki, Ermənistanın məqsədi məhz dinc əhalini qırmaq olub. Ermənistanın Gəncəni bu cür ağır artilleriyadan atəşə tutmasını vandallıq və barbarlıqdır. Bu onu göstərir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi üçün hər hansı mənəvi, etik qaydalar, dünya sivilizasiyasına xas olan baryerlər yoxdur. Gəncənin raket atəşinə tutulması Azərbaycan xalqına qarşı Xocalı faciəsindən sonra yeni soyqırım aktıdır.

Ermənistanın bu əməli açıq terror və beynəlxalq cinayətdir. Bu təkcə müharibə cinayəti deyil, eyni zamanda insanlıq əleyhinə törədilən ən ağır cinayətdir. Bu hadisələr bir daha göstərdi ki, terroru dövlət siysətinə qaldıran Ermənistan nəinki region, bütün dünya üçün böyük təhlükə yaradır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı