CƏMİYYƏT 2020.11.05 15:41

Ermənistan cinayətkar əməlləri ilə Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz

49

Son 17 il ərzində hərbi potensialımızın təkmilləşdirilməsi hesabına Azərbaycan Ordusunun adı dünya miqyasında güclülər sırasına daxil edilib. Beynəlxalq hərbi ekspertlərin də vurğuladıqları kimi, müdafiə qüdrəti getdikcə artan Silahlı Qüvvələrimizin reytinqinin yüksək səviyyədə olmasını Aprel döyüşləri, Günnüt zəfəri və bu gün Qarabağda gedən savaş nəticəsində 200-dən çox kənd, şəhər və qəsəbənin, həmçinin Murov zirvəsi, Xudafərin körpüsü, habelə bir çox strateji yüksəkliklərin işğaldan azad edilməsi təsdiqləyib. Bu fikirləri AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov bildirib.

O deyib ki, son illərdə Azərbaycanın hərbi sənaye kompleksi də yüksək inkişaf yolu keçib, ordumuzu daxili imkanlar hesabına hərbi texnika və silah-sursatla təchiz etmək istiqamətində mühüm layihələr reallaşdırılıb. Ordumuzun NATO ilə uğurlu əməkdaşlığı da Silahlı Qüvvələrimizin modernləşməsinə və NATO standartlarına uyğunlaşdırılmasına mühüm təsir göstərib.

Dünya hərb tarixində yeni yol və uğur formuluna imza atan Azərbaycan Ordusu bu gün döyüş meydanında az itki verməklə düşmənə milyardlarla dollar dəyərində ziyan vurur, işğalçının minlərlə hərbçisini məhv edir, yağı tapdağındakı ərazilərimizi geri alır.

Emin Bağırov bildirib ki, hazırda döyüş meydanında Azərbaycan əsgərinin qəhrəmanlığı qarşısında aciz qalan və böyük itkilər verərək geri çəkilməyə məcbur olan işğalçı Ermənistan müharibədə uduzduğundan getdikcə azğınlaşır, hirs-hikkəsini cəbhə zonasından kənarda yerləşən kənd və şəhərlərimizin dinc sakinlərinin üzərinə tökür, beynəlxalq konvensiyalarda təsbit olunan müharibə qaydalarını kobud şəkildə pozur. Başqa sözlə, indiyədək mülki əhalimizin yaşadığı məntəqələri atəşə tutan xain düşmən cəbhə xəttindən uzaqda yerləşən şəhərlərə raket zərbələri endirir. Gəncə, Bərdə və Tərtərdəki terror aktları və qadağan olunan silahlarla törədilən digər müharibə cinayətləri erməni vandallığının bariz ifadəsidir. Lakin Azərbaycan xalqının qələbə əzmini azaltmağa və ölkəmizdə sabitliyi pozmağa yönələn bu vəhşi cəhdlər hər dəfə uğursuzluqla nəticələnir.

Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində də işğalçı Ermənistanın xain hücumları, terror əməlləri ilə xalqımızı qorxu, təşviş içində saxlamaq, insanlarımızın ruhunu sarsıtmaq gücündə olmadığını vurğulayıb. Eyni zamanda, Gəncəyə gecə vaxtı edilən iki namərd hücum nəticəsində 30 günahsız insanın, o cümlədən uşaqların öldürüldüyünü diqqətə çatdıraraq deyib: “İkinci atəşkəs elan olunduqdan beş dəqiqə sonra onlar tərəfindən pozulmuşdur və üçüncü atəşkəsi onlar Bərdəyə hücum etməklə pozdular. Beləliklə, bunu edən biz deyildik. Biz nə etməli idik? Onlar bizi öldürdükdə oturub gözləməli idik? Əlbəttə ki, biz cavab verdik və bunu etməyə davam edəcəyik. Onlara atəşkəs təcavüzlərini davam etdirmək, bizim azad etdiyimiz torpaqları geri alıb və yenidən işğal etməyə cəhd etmək üçün lazım idi. Onlar mülki şəxslərə hücum etməklə Azərbaycanda, həmçinin xaos və panika yaratmaq istəyirdilər. Lakin onlar Azərbaycan xalqının ruhunu düzgün hesablaya bilməmişdilər. Bəli, biz bu namərd hücumlardan əziyyət çəkdik. Lakin bu, bizim iradəmizi sındırmadı. Əksinə, bu, bizi daha da güclü etdi”.

Emin Bağırov deyib: “Burada bir məsələyə də diqqət yetirmək istərdim. Ermənistan əhalisi illərdir ki, ac-yalavac yaşayır, iqtisadiyyatı gündən-günə çökür. Xarici borcları getdikcə artır. Vəziyyətin yaxşılaşacağına isə güman yoxdur. Belə şəraitdə ümid ancaq xaricdə yaşayan varlı ermənilərə bəslənilir.

Bir sözlə, Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyi bu ölkəni işğalçılığa, cinayətə, aclığa, səfalətə sürükləyib. Zorla orduya göndərilən gənclər, eləcə də qadınlar, qocalar özgə torpağında ucuz, urvatsız ölümə məhkum edilirlər. Odur ki, erməni döyüşçülər cəbhədə ölkəsinin əyri yollarla əldə etdiyi silahı ataraq, məğlub durumda baş götürüb qaçırlar. Bir hissəsi də bu uğursuzluğun əvəzini cəbhə zonasından yüz kilometrlərlə aralıda yerləşən ərazilərə qadağan olunmuş silahlardan atəş açmaqla, dinc sakinlərimizi qətlə yetirməklə, evləri, infrastrukturu yerlə-yeksan etməklə çıxır”.

Bu ölkə həm də regionda gerçəkləşdirilən qlobal layihələrdən– neft-qaz ixracı marşrutlarından, dəmir yolu xətlərindən, nəqliyyat dəhlizlərindən tamamilə kənardadır. Belə olan təqdirdə bəs faşist xislətli düşmən hansı vəsaitlə müharibə aparır, bu qədər silah-sursatı haradan alır? Əlbəttə, bu sualın cavabı gec-tez tapılacaq və o zaman Ermənistan, eləcə də onun havadarları ədalət mühakiməsi qarşısında dayanmalı olacaqlar.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı