CƏMİYYƏT 2020.03.20 12:27

Əsli Kazımova: “Cənab Prezidentin sərəncamı ölkədəki sabitliyin qorunması və xalqın təhlükəsizliyinin təmin olunmasına xidmət edir”

296

“Bu gün ölkəmizdə dünya ölkələrində xaotik vəziyyətə səbəb olan koronavirus infeksiyasının yayılmasının gücləndirilmiş şəkildə önləyici tədbirlərlə qarşısının alınması ilə bağlı tədbirlər proqramı, birmənalı olaraq, Cənab Prezidentin güclü və mütəşəkkil daxili siyasətinin bəhrəsidir”.

Dialoq.info xəbər verir ki, bunu VOİCEPRESS-ə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının Birinci müavini, iqtisad üzrə fəlsəfə doktoru Əsli Kazımova deyib. Onun sözlərinə görə, Cənab Prezident İlham Əliyevin hər bir sərəncamı birbaşa ölkədəki sabitliyin qorunması və xalqın təhlükəsizliyinin təmin olunmasına xidmət edir:

“Dünya ölkələrini görürük. Hətta çox vaxt Avropaya inteqrasiya deyirdik. Yəni Avropa ölkələrini daha inkişaf etmiş hesab edirdik. Amma koronavirus pandemiyası ilə dünya ölkələrinin ölkədaxili sabitliyin qorunması baxımından heç də güclü siyasi təcrübələrinin olmadığının şahidi olduq. Hətta bir çox Avropa ölkələrində, o cümlədən qardaş Türkiyədə mağazalar bomboş qaldı. İnsanlar panika ilə ərzaq ehtiyyatı etməyə başladı. Bu vəziyyət hazırda da bir çox dövlətlərdə hökm sürür. Amma ölkəmizdə bu kimi vəziyyətin qarşısı alındı. Çünki dövlətimizin daxili sabitliyin qorunması adına güclü siyasi mövqeyi var. İnsanların təhlükəsizliyi adına gərəkli sərəncam və tövsiyyələri ilə 24 saat çalışan dövlət rəhbərimiz var.

Ən ağır gündə, dünya ölkələrində xaotik vəziyyət cərəyan edərkən, Azərbaycan Prezidentinin yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncamı hər şeydən öncə Prezident tərəfindən səhiyyə işçilərinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirilməlidir.

Bildiyimiz kimi koronavirus kimi təhlükəli virusa qarşı başlıca mübarizəni həkimlərimiz və tibb personalımız aparır. Onların belə gərgin şəraitdə fasiləsiz çalışmalarını belə Cənab Prezident diqqətdən kənar qoymadı. Buna görə də, Cənab Prezident İlham Əliyevin yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncamı olduqca mühüm addımdır.

Tibb işçilərinin can təhlükəsizliyinə rəğmən gərgin şəraitidə fasiləsiz çalışmasına görə, dövlət işçilərin əmək haqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilməsi barədə sərəncamı həm dövlətin misilsiz qayğısı, həm cənab Prezidentin bütövlükdə əhalinin təhlükəsizliyinə həssaslığının bariz nümunəsi, həm də, xəstəliyə qarşı mübarizədə motivasiya xarakderi daşıyan bir addımdır”.

Əsli Kazımova eyni zamanda fürsətdən istifadə edib Azərbaycan Sosial Rifah Partiyası adından Azərbaycan xalqına müraciət edərək, hər kəsi ölkədəki sabitliyi və can təhlükəsizliyinin təmin olunması adına evdə qalmağa çağırış edib:

“ASRP bütün xalqı bu ağır günlərdə təmkinli olmağa çağırır. Dövlət rəhbərliyinə güvənin və səbrlə evinizdə mövcud vəziyyətin yekunlaşmasını gözləyin. Dövlətimizin daxili siyasəti çox güclüdür. İnanıram ki, infeksiya geniş vüsət almadan qarşısı tez bir zamanda alınacaqdır!”

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı