DÜNYA 2020.11.21 15:00

“Fransanın qərəzli mövqeyi təəssüf doğurur” – Səfir

31

Ermənistandan “Le Figaro Magazine” jurnalı üçün reportaj hazırlayan jurnalist Silvən Tesson “France İnter” televiziya kanalında yayımlanan verilişdə Ermənistan-Azərbaycan münaqişəsini qərəzli şəkildə şərh edib. Silvən Tesson “kilsənin böyük qızı” Fransadan pravoslav ermənilər üçün dəstək istəyərək deyib: “Biz ölkəmizin xristian köklərinə sahib olduğunu unutmamalıyıq”. Özünü şeytan dünyasında strateq hesab edən S.Tesson Qarabağ münaqişəsinə dini don geyindirməyə çalışaraq diqqəti Ermənistanın işğalçılıq siyasətindən yayındırmağa cəhd göstərir. Bu fikirləri Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev jurnalist Nikola Boya verdiyi və bu ölkədə fəaliyyət göstərən “Monde Afrique” portalında dərc olunmuş “Qarabağ bizim Elzas-Lotaringiyadır!” sərlövhəli müsahibəsində söyləyib. Fransa mətbuatının və jurnalistlərinin münaqişə ilə bağlı qərəzli mövqeyinə etirazını bildirən səfir deyib ki, onlar nə üçün yalnız Türkiyənin Azərbaycana siyasi dəstəyindən yazırlar? Axı Azərbaycan öz Ordusunu İsraildən, Rusiyadan və digər ölkələrdən aldığı hərbi texnika ilə gücləndirib. Nəyə görə Ermənistanı pulsuz silahlandıran ölkələr barədə heç nə yazılmır? Fransanın və fransız mətbuatının qərəzli mövqeyi təəssüf doğurur. Bu cür münasibət beynəlxalq hüquqa etinasızlıqdan başqa bir şey deyil. Müsahibədə bildirir ki, S.Tesson Qarabağın tarixindən bəhs edərkən də faktları təhrif edir və bununla da ermənipərəst mövqeyini bir daha göstərir. Halbuki, bütün dünya bilir ki, Qarabağın yuxarı və aşağı hissələri tarixi Azərbaycan torpaqlarıdır. Səfir oxuculara Ermənistanın Azərbaycana hərbi müdaxiləsinin səbəbləri və ağır nəticələri barədə də məlumat verib. Diplomat Fransa mətbuatında tez-tez rast gəlinən guya Azərbaycan tərəfində “muzdlular”ın döyüşdüyü barədə fikirləri də qətiyyətlə pisləyərək soruşub: “Deyin görək uydurduğunuz muzdlular neçə nəfər idi? Haradan gəlmişdilər? Hansı motivasiya ilə gəlmişdilər?”. bu suallara cavab tapa bilməyəcəksiniz, çünki belə bir şey olmayıb. Bəs nə üçün xaricdə yaşayan ermənilərin Qarabağa gedərək döyüşmələri barədə S.Tesson heç nə danışmadı? Bu məsələnin üstündən həmişə olduğu kimi, bu dəfə də sükutla keçdi. BMT Təhlükəsizlik Şurasının qətnamələrini, digər beynəlxalq qurumların qərar və qətnamələrini xatırladan səfir R.Mustafayev qeyd edib ki, əslində Azərbaycan həmin qərar və qətnamələri təkbaşına döyüş meydanında icra edib. Axı bu qərarları Fransanın da həmsədr olduğu ATƏT-in Minsk qrupu icra etməli idi. Bu, bir yana qalsın, heç olmasa, öz ərazi bütövlüyünü bərpa edən Azərbaycana münasibətdə bitərəf qalmalı idi.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı