Gəncə Dövlət Universiteti yeni tədris ilinə son 10 ilin ən yüksək nailiyyətləri ilə başlayıb

Respublikamızın bütün təhsil müəssisələrində olduğu kimi, Gəncə Dövlət Universitetində də Bilik gününün həyəcanı yaşanıb.

Gəncə Dövlət Universitetinin ikinci tədris korpusunda keçirilən tədbirdə ali təhsil müəssisəsinin rektoru professor Yusif Yusibov, universitetin professor-müəllim heyəti, tələbələr, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri açan Yusif Yusibov ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, son zamanlar ali təhsilin inkişafı istiqamətində tətbiq edilən çoxsaylı yeniliklərdən, əldə olunan uğurlardan danışıb.

O bildirib ki, son üç ildə Gəncə Dövlət Universitetinin inkişafı yüksək nailiyyətlərlə şərtlənib. Belə ki, universitetdə təhsil-tədris prosesində keyfiyyətin yüksəldilməsi üçün ali təhsil müəssisəsinin infrastrukturu yaxşılaşdırılıb, maddi texniki və tədris bazası möhkəmləndirilib. Universitetin normativlər toplusu təkmilləşdirilib, bacarıqlı kadrlarla təminatın səviyyəsi yüksəldilib. Bunun üçün dünyanın qabaqcıl universitetləri ilə əməkdaşlıq müqavilələri imzalanıb, qarşılıqlı əlaqələr yaradılıb, beynəlxalq konfranslarda, elm və təhsil layihələrində iştirak təmin edilib, professor-müəllim və tələbələrin akademik mobillik proqramlarına qoşulması sürətləndirilib. Universitetdə aparılan elmi tədqiqat işlərinin dünya səviyyəsində rəqabətqabiliyyətliliyini təmin etmək və alınan nəticələrin sənayeyə tətbiqinə nail olmaq üçün yeni laboratoriyalar qurulub, elm və təhsil təşəbbüslərinin kommersiyalaşdırılmasına nail olmaq üçün innovasiyalar departamenti fəaliyyətə başlayıb.

Rektor bildirib ki, bu il Gəncə Dövlət Universitetinə ayrılan qəbul planı yüz faiz dolub. Bununla da respublikamızın qərb regionunda ən böyük ali təhsil müəssisəsi 2017-2018-ci tədris ilinə son 10 ildə qazandığı ən yüksək nailiyyətlərlə başlayıb. Hazırda Gəncə Dövlət Universitetində 5 min 418 tələbə təhsil alır. Bu il universitetin bakalavr səviyyəsinə 1404 nəfər, magistratura səviyyəsinə isə 216 nəfər daxil olub.

Son illər universitetə yüksək qəbul göstəriciləri ilə daxil olan tələbələrin sayının çoxaldığını deyən rektor bunu ali təhsil müəssisəsində tətbiq edilən yeniliklər və universitetin gənclər arasında nüfuzunun artması ilə əlaqələndirib.

Rektor qeyd edib ki, bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 500-dən artıq bal toplayan 60 nəfər, 600-dən yüksək bal toplayan 15 gənc Gəncə Dövlət Universitetinin müvafiq ixtisaslarını seçib.

Yusif Yusifov əminliyini ifadə edib ki, 6 minə yaxın tələbəni, 550 nəfərdən çox professor-müəllim heyətini ətrafında birləşdirən, eləcə də bir çox müsbət ənənə və nailiyyətlərlə təmsil olunan 80 yaşlı ali təhsil müəssisəsi bundan sonra da ölkəmizdə bilikli və bacarıqlı kadrların hazırlanmasına töhfələr verəcək.

Sonda ən yüksək balla universitetə qəbul olunan tələbələrə hədiyyələr verilib.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here