CƏMİYYƏT 2020.10.15 22:30

Gəncədə valideynlərini itirən uşaqlar nəzarətə götürülüb

41

Ermənistan silahlı qüvvələrinin ağır artilleriya atəşi nəticəsində yaralanan mülki şəxslər, yaxınlarını itirən uşaqlar, qadınlar, eyni zamanda Gəncə terrorunda xəsarət alan vətəndaşlar, valideynlərini itirən uşaqlar dövlətin nəzarəti altındadır.
Bunu Azvision.az -a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib. Onun sözlərinə görə, əgər həmin şəxslər yaralıdırsa, onların birinci növbədə sağlamlığının bərpa edilməsi məsələləri həll edilir.

“İkinci təhlükəsizliyi təmin edilir, üçüncü sosial-psixoloji dəstək göstərilir. Bəzilərinin hüquqi sənədləri, şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnaməsi, nikah haqqında şəhadətnaməsi və digər sənədləri itib, onların hüquq çərçivəsində bərpası işləri aparılır. Davamlı olaraq bu sahədə işlər görülür”.

E.Səfərov bildirib ki, əgər uşaqlar valideynlərini itiribsə, onların yaxın qohumlarının sənədləşmə məsələsində iştirakı təşviq ediləcək.

“Heç bir uşaq tək və himayəsiz deyil. Bütün uşaqlara ehtiyacı olan dəstək göstərilir. Bu, hökümət adından edilir, yerli icra hakimiyyətləri və digər dövlət qurumları bu prosesə cəlb edilib. Bəzən sosial şəbəkələrdə vətəndaşlar bildirirlər ki, uşaqları dövlət müəssisəsinə verməyin, övladlığa verin. Övladlığa verilmə prosesi yüngül proses deyil. Övladlığa götürən şəxslərdə məsuliyyət olmalıdır. Bundan əlavə, uşağa psixoloji və sosial dəstək göstərilməlidir. Valideynlərini itirən uşaqlarla bağlı davamlı olaraq reabilitasiya işləri aparılmalıdır. Bu, bir-iki günün işi deyil.

Valideynlərini itirən uşaqlarla iş aparılmalıdır ki, qohumlar tərəfindən himayə və qəyyumluğa götürülsün. Hazırda bu sahədə problemin olduğunu görmürük”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 43 mülki şəxs qətlə yetirilib, 218 nəfər yaralanıb. Bundan başqa, Gəncəyə raket hücumu zamanı üç uşaq hər iki valideynini itirib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı