ƏSAS SƏHİFƏ

“Gənc Yazar” layihəsi: “Əgər indi yaşayırsansa deməli, yaşamalısan!”

1.1K

Müəllif: Əliyeva Arzu

Əgər indi yaşayırsansa deməli, yaşamalısan!

“Siz bu yazını oxuyanda mən artıq bu dünyadan köçəcəm. Atama-anama deyin ki, çox ağlamasınlar”.Bax burda stop! Bu nə deməkdi axı? Dünyanın hər yerində intihar edənlərin böyük əksəriyyəti intihar qabağı belə məzmunlu məktub yazırlar. Düzdü, yazmayanları da az deyil. Belə baxanda bunun elə bir önəmi də yoxdur. Əsas odur ki, intihar cəhdi “uğurla” həyata keçirilsin. Ola bilər bəzilərimiz bu dünyadan doymuşuq, ola bilər bəzilərimizin sevdikləri belə qalmayıb yaşamaq üçün və ola bilər ki yaşamaq hələ yaşamaq demək deyil.. Amma.. İnsanların ölüsü də, dirisi də və hətta intihar həddinə çatıb ölüm-qalım arasında çarpışanlar da bu dünyaya, nədənsə, zalım deyirlər. Sanki “getdikləri” o biri dünya mülayimdir və hər şey orada “yağ kimi”dir. Hələ indiyədək heç kəs oraların “yağ kimi” olduğunu bu tərəfin adamlarına çatdırmayıb. Niyə? Yəqin ya vaxtları olmayıb, ya da istəkləri 🙂 Nə isə. Belə dərinliklərə daxil olmaq üçün hələ insana mükəmməl ağıl verilməyib. Verilsəydi, indi insanlar səhər yeməyini burada, günorta yeməyini isə orada yeyib, axşam da qayıdardılar “Torqovı”ya gəzməyə. Necə də maraqlı bir gəzinti alınardı, elə deyilmi?!

Fikir verirsinizsə intihar edənlərin əksəriyyəti gənclərdir. Hansı ki gələcəklərindən xəbərləri belə olmayan gənclər dünyadan canını qurtarmaq üçün özlərini atırlar, asırlar ya da zəhərləyirlər. Bəzilərində alınmır və daha da pis vəziyyətdə bu zalım dünyada yaşamağa davam edirlər, bəzilərində isə alınır, amma onların orda necə yaşadıqlarından bizim xəbərimiz yoxdur.

Vaxt varıydı ki, intihar edənlərin hamısı bu dünyanı çox sevərdilər, həm də bu dünyada yaşayan, nəfəs alan hər şeyi. Bəzən nəfəs almayan əşyalar da o qəbildən olan insanların sevgi trayektoriyasına daxil olurmuş. Bunu elə-belə, təsadüfi yazmıram, çünki bilirəm ki, intihar həddinə çatan insanların hamısında nəsə, adi insanlara bəlli olmayan qəribəliklər olur. Saatlarla göy çəmənlikdə uzanıb göy səmaya baxanları, muzeylərdə asılan cansız peyzajlara və yaxud dağ başında dayanıb uzun dərələrin görünməyən səmtinə baxanları azmı görmüsünüz?! Görmüşük və hətta o “hərəkətləri” bəlkə də artıqlaması ilə elə bizim özümüz də etmişik. Ancaq intihar etməmişik. Ancaq öz həyatımdan bilirəm ki, insanların, demək olar ki, hamısı həyatında heç olmasa, bir dəfə intihar etmək həddinə çatır. Bəlkə iki dəfə, üç dəfə.. Çatırlar, ancaq çoxlarının, elə mənim özüm də daxil olmaqla son anda intihar etməyə cürətimiz yetərli olmur. Cürətimiz çatmırsa, deməli, hələ biz başımızı və başımızın içində gizlənən ağlımızı itirməmişik. Görəsən, ağlı itənlər intihar edirlər, yoxsa bunun üçün cəmiyyətdə xüsusi bir statusun olmalıdı? Mən deməyəcəm yaşamaq üçün o qədər səbəb var ki.. Yaxud deməyəcəm sevdiklərini düşün.. Deməyəcəm hər şey düzələcək, yaxşı olacaq.. Sadəcə bir şeyi xatırlatmaq istəyirəm. Bu cana qıymaq sənin işin deyil! Hər şeyin öz zamanı var. Əgər indi yaşayırsansa deməli yaşamalısan. Bəlkə bu gün yaşayırsan amma sabah artıq ölüm günündü? Nə bilmək olar? Ona görə bu günü bu gün kimi, sabahı isə sabah kimi yaşamaq lazım. Əgər ölüm üçün kifayət qədər səbəbin varsa, yaşamaq üçün də sənə kifayət qədər səbir verilib..

 



Yarışmada olan məqaləni bəyəndiniz? Bəyəndiyiniz təqdirdə aşağıdakı Twitter, Facebook Google+ düymələri vasitəsi ilə bəyənərək və paylaşaraq səs verə bilərsiniz.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı