ƏSAS SƏHİFƏ

“Gənc Yazar” layihəsi: “AİLƏ İNSTİTUTU -GENEFONDUMUZUN DAŞIYICISI KİMİ”

1.3K

Müəllif: Möhsümova Gülnar

MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRƏ SÖY

KƏNƏN

AZƏRBAYCAN XALQININ AİLƏ İNSTİTUTU

-GENEFONDUMUZUN DAŞIYICISI KİMİ

Bir millətin  öz kimliyini,milli mənliyini,milli-mənəvi dəyərlərini qoruması-bu dəyərləri tanıması,onlara sahib çıxması,mənimsəməsi ilə mümkündür.                                                    Görkəmli pedaqoq Ə.Həşimovun dili ilə desək:”Təkcə bu günü deyil,sabahı-gələcəyi dərk etmək və qiymətləndirmək nöqteyi-nəzərindən də keçmişi yaxşı bilmək lazımdır.Çünki keçmiş,bu günlə olduğu kimi gələcəklə də sıx əlaqədardır.Bu gün dünənin,sabah isə bu günün bətnindən doğulduğuna görə,bu gündə dünənin,sabahda isə bu günün izləri olur.Bir çox məsələlərdə gələcək üçün zəmin təşkil edən bu günün ağıllı,qabaqcıl fikirləri keçmişin mütərəqqi irsi ilə sıx əlaqədardır.Həmin irs bu gün də insanın ağlına,zəkasına qida və qüvvət verir,eyni zamanda gələcək üçün perspektivləri daha yaxşı aydınlaşdırmaqda,tərbiyənin daha düzgün üsul və vasitələrini tapmaqda ona yardım göstərir.Odur ki,gənc nəsil gələcəyə daha inamla yiyələnmək üçün yaşlı nəslin tərbiyə sahəsindəki keçmiş və indiki müsbət irsini,fikir və ideyalarını dərindən bilməli və yaradıcılıqda inkişaf etdirməlidir”.

İnsan ilk təcrübəyə,davranış qaydalarına,bir sözlə ilkin bacarıqlara ailədə yiyələnir və onun ilk dəfə ailədə əldə etdiyi,qazandığı mənəvi dəyərlər,əxlaqi prinsiplər,adət-ənənələrə bağlı qayda-qanunlara dair müşahidə və təcrübələri onu ömrü boyunca öz təsiri altında saxlayır.

AİLƏ-cəmiyyətin kiçik modelidir.Ailə ictimai həyatın mədəni səviyyəsinin yüksəldilməsi və inkişafı sahəsində müstəsna rola malikdir.Çünki ailə xalqımızın qoruyucusu,genefondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayır.

Hər bir xalq özünün milli-mənəvi dəyərləri,adət-ənənələri ilə yaşayır və tanınır.Odur ki,bu adətçiliyin qorunub gələcək nəsillərə ötürülməsi mühüm əhəmiyyətə malikdir.Azərbaycan dövləti ailənin inkişafı,cəmiyyətdə onun yerinin möhkəmləndirilməsi ilə əlaqədar ardıcıl tədbirlər həyata keçirir,ailənin müdafiəsini və ailəyə dövlət qayğısını təmin edir.

Xalqımıza görə hər cür xoşbəxtliyin açarı AİLƏdir.AİLƏ-cəmiyyətin əsas iqtisadi və sosial özəyidir.Morqanın təbirincə desək, “Ailə fəal ünsürdür,o,heç vaxt dəyişməz qalmır.Cəmiyyət  aşağı pillədən yüksək pilləyə doğru inkişaf etdikcə,o da aşağı formadan yüksək formaya keçir”.

Zaman bizi həyat yoldaşı,ömür-gün yoldaşı seçmək azadlığı ilə sınayır.Azadlıq gənc oğlan və qızlardan özlərinə xüsusi inam və məsuliyyət tələb edir.Xalqımızın dahi mütəfəkkiri M.S.Ordubadi yazırdı:”Ailəni 2nəfər naşı və həyata təzəcə atılan,eyni zamanda bir-birini sevən adam qurmağa məcburdur.Onlar elə adamlardırki,şəxsiyyətcə,şəkilcə,zövq və maraq cəhətcə də bir-birinə oxşamırlar.Onların uyuşması üçün,ümumi dil tapması üçün istinad edə biləcəyi yeganə bir vasitə varsa,o da sevgidir.Bunun üçün onlar nə cür hərəkət edirlərsə etsinlər,sevginin ləkələnməsinə,bu istinadgahın laxlamasına imkan verməməlidirlər”.

AİLƏ BİNADIR,ONUN ƏZƏLDƏN

GƏRƏK DÜZ QOYULA TƏMƏL DAŞLARI.

GƏNCLƏR,EYVANINIZ GÜNƏŞƏ BAXSIN,

GÜLSÜN ÜZÜNÜZƏ EŞQİN BAHARI!

Tarixin bütün dönəmlərində və dünyanın hər yerində cəmiyyətlərin təməl müəssisəsi ailə hesab olunmuşdur.Ailə müqəddəs sayılmış,bu müqəddəsliyin əsas səbəbi isə cəmiyyətin həyatında nizam-intizam və davamlılığın təmin olunmasından irəli gəlmişdir.

Cəmiyyətin,dövlətin formalaşması və inkişafında ailə mühüm vasitədir.Fiziki və mənəvi cəhətdən sağlam ailə,sağlam cəmiyyətin,güclü dövlətin özülüdür.Ailə nə qədər möhkəm olarsa,cəmiyyətdə də o qədər yüksək insani keyfiyyətlərə malik şəxsiyyətlər formalaşmış olar.

AİLƏ cəmiyyətin ayrılmaz tərkib hissələrindən biridir.Tarixi prosesin enişli-yoxuşlu yollarında cəmiyyət sosial-iqtisadi cəhətdən inkişaf etdikcə,ailə də inkişaf etmiş,keyfiyyətcə yeni xüsusiyyətlər kəsb etmişdir.

AİLƏ…Analı-atalı,bacılı-qardaşlı,oğullu-qızlı dünyamız…Bu möcüzəli dünya həmişəyaşar hisslərdən hörülüb,həmin hisslərin sehrində insanlar ata qanı,ana südü ilə doğmalaşırlar.

AİLƏ kiçik qrupdur.Kiçik qruplar üçün səciyyəvi olan başlıca xüsusiyyətlər ailəyə də aiddir.Lakin ailənin özünəməxsus xüsusiyyətləri vardır ki,ta qədim zamanlardan bu xüsusiyyətlər ailənin əsas özülünü təşkil edir.Belə ki,ailə dedikdə,bir-birilə məişət birliyi və qarşılıqlı məsuliyyət hissiylə bağlı olan adamların nikaha və ya qan qohumluğuna əsaslanan birliyi nəzərdə tutulur.Bu tərifdən ailəni səciyyələndirən xüsusiyyətlər meydana çıxırki,bunlara məişət birliyi,qarşılıqlı məsuliyyət,nikah və qan qohumluğu daxildir.Ailə üzvləri bir-birinin sağlamlığı və xoşbəxtliyi üçün qarşılıqlı məsuliyyət daşıyırlar.

Ər-arvadın qarşılıqlı münasibətləri hüquqi cəhətdən nikahla müəyyən olunur.Nikahın bir neçə forması mövcuddur:

MONOQAM-təknikahlıq

POLİQAM-çoxarvadlıq

POLİANDRİK-çoxərlik

Hazırda dünya ölkələrinin böyük əksəriyyətində,eləcə də Azərbaycan Respublikasında qanunla yalnız monoqam ailə tanınır.Monoqam ailədə nikah bir kişi ilə bir qadın arasında bağlanır.

AİLƏnin özünəməxsus ömür-gün yolu var.Bu enişli-yoxuşlu yolun müxtəlif mərhələlərini fərqləndirmək olar:

-NİKAHIN BAĞLANMASI

-İLK UŞAĞIN DOĞULMASI

-SONUNCU UŞAĞIN DOĞULMASI

-SONUNCU UŞAĞIN AİLƏ QURMASI

-ƏRİN VƏ YA ARVADIN VƏFAT ETMƏSİ.

Bu mərhələlərin hər birinin öz xüsusiyyətləri var.İlk uşağın doğulması ilə ailənin həyatında mahiyyətcə yeni mərhələ başlayır.Bu mərhələ valideynlik mərhələsi adlanır.Uşaqlar Azərbaycan ailəsinin effektiv,emosional mərkəzini təşkil edir.Ata-ana öz həyatının mənasını uşaqların xoşbəxtliyində axtarır,öz ömürlərini övladlarının gələcək həyatına həsr edirlər.

AİLƏnin özünəməxsus funksiyaları və ya vəzifələri vardırki,bunlara təsərrüfat-iqtisadi,nəsilartırma,tərbiyə və emosionallığı aid etmək olar.Ailənin funksiyaları bir tərəfdən,ailənin cəmiyyətlə,digər tərəfdən,şəxsiyyətlə qarşılıqlı əlaqələrini sistemli şəkildə əks etdirir.

Ailənin funksiyaları qarşılıqlı əlaqədədir.Onlar hər şeydən əvvəl,ailənin sosial mahiyyətini əks etdirir.Ailənin funksiyaları ictimai-tarixi xarakter daşıyır.Bu funksiyaların məzmunu ilk növbədə sosial amillərlə-ailəyə cəmiyyət tərəfindən verilən tələblər,ailə hüququ və əxlaqı,mədəni normalar,cəmiyyətin ailəyə göstərdiyi real yardım və s. ilə müəyyən olunur.

Ailənin təsərrüfat-iqtisadi funksiyası onun həyatının  müxtəlif  tərəflərini-ailə təsərrüfatını,ailə büdcəsini,əmək mühitini,evdə kişi və qadın əməyinin xüsusiyyətlərini,uşaqların vəzifələrini və s. əhatə edir.

Ailənin nəsilartırma funksiyası onun həyatının mühüm bir hissəsini-uşaqların doğulması sahəsini əhatə edir.Ata-ananın xoşbəxtliyi,ev-eşiyin bar-bərəkəti uşaqlarla  bağlıdır.

Ailənin tərbiyə funksiyası onun nəsilartırma funksiyası ilə qarşılıqlı əlaqədədir.Ana və ata ilk tərbiyəçi hesab olunur,övladlarının gələcək həyatlarındakı mövqelərində bilavasitə rol oynayırlar.

Ev-eşik,doğma adamlar insan üçün sağlamlaşdırıcı mühitdir.Ailənin emosional funksiyası dedikdə bu cəhət nəzərə alınır.İşdən yorğun halda evə gələn valideyn dərd-sərini,kədərini ailədə unudur.Ana,ata və uşaqların ünsiyyəti,onların istirahəti üçün mənəvi-psixoloji şəraitin yaradılması,asudə vaxtın səmərəli təşkili-ailənin emosional funksiyası müxtəlif yollarla belə həyata keçirilir.

Dünyanın hər hansı bir nöqtəsində,hər hansı bir bucağında böyüyüb inkişaf edən uşaqlar bir-birinə bənzəyirlər,lakin onları tərbiyə edən valideynlər bir-birindən fərqlənirlər.Çünki onlar sahib olduqları cəmiyyətin adət-ənənələrini,milli xüsusiyyət və xarakterlərini daşıyırlar.Milli dəyərlərin daşıyıcısı olan valideynlər bu dəyərləri böyüyən uşaqlarına öyrədir və son nəticədə onu cəmiyyətin bir parçası halına gətirirlər.

Adət-ənənələrimizə dayanan AİLƏ-cəmiyyətimizin,xalqımızın önəmli dayaqlarından biri hesab edilir.İctimai həyatın digər sahələrində milli adət-ənənələrin əksəriyyəti qadağan olunsada,ailə mühitində onlar qorunmuş və gələcək nəslə ötürülmüşdür.Ümumiyyətlə,türk milləti tarixən qadağalara,yasaqlara baxmayaraq milli mənliyini qorumuş,soy kökünə,adət-ənənəsinə böyük hörmət və ehtiram bəsləmişdir.Demək olarki,bütün dinlər və cəmiyyətin qanunları adam öldürməyi,oğurluq etməyi günah və qadağan hesab etmişdir.Amma doğruluq,düzgünlük,qonaqpərvərlik,halallıq,insanlara hörmət,qayğı,sevgi hissi bəsləmək kimi insani keyfiyyətlər uşaqlara qanun gücüylə deyil,milli-mənəvi dəyərlərin,adət-ənənələrin vasitəsilə aşılana bilər.

Ulu öndərimiz Heydər Əliyev deyirdi:”Həyatda uğurla yaşamaq üçün xalqımızın,millətimizin milli-mənəvi dəyərlərinə sadiq olmaq,bu milli-mənəvi dəyərləri birləşdirib müasir həyat tərzi keçirmək lazımdır”.

Cəmiyyətimizin ailə sistemində ata-anaya adət və ənənələrlə müəyyən edilən tərbiyə etmə səlahiyyətləri verilmişdir.Ən qədim qəbilələrdən ən inkişafetmiş cəmiyyətlərə qədər bütün toplumların əxlaq sistemləri insanlar üçün tək məqsəd qoyur:özünə,ailəsinə,millətinə zərərli olan davranışlardan uzaq olmaq!

Azərbaycanın böyük dahilərindən olan F.Köçərli yazırdı:”Ailədə düzgün tərbiyə almayan uşaq yalnız özü üçün deyil,xalq üçün,ətrafdakılar üçün də ictimai zərərli bir qüvvəyə çevrilir”.

İslam dinində uşaqların ailə tərbiyəsinə ciddi fikir verilir.İslamda uşaqların tərbiyəsində ananın rolu yüksək qiymətləndirilir,qizları lap körpə vaxtlarından analıq vəzifəsinə layiq bir şəkildə yetişdirmək tövsiyə olunur:”Ana bir məktəbdir,onu(qız uşaqlarını)analıq məktəbi üçün yetişdirsən,yaxşı kökləri olan bir xalq yetişdirmiş olarsan”.

Həzrəti Məhəmməd Peyğəmbər(s.ə.s.)uşaqlara yaxşı tərbiyə verib gözəl əxlaq öyrətməyi valideynlərin boynuna düşən ən mühüm məsələlərdən biri hesab edirdi.O,buyururdu:”Övladlarınıza yaxşılıq edib ədəb və əxlaqını gözəlləşdirin.Onlara elm öyrənməyi əmr edin,yazmağı,üzməyi,ox atmağı öyrədin;onları halal yeməklə yedirdin.Uşaqları sevin,onlara mərhəmət göstərin,söz verdikdə yerinə yetirin”.

 

Ailə tərbiyəsində valideynlərin şəxsi nümunəsi uşaqlara verilən öyüd-nəsihətdən daha təsirlidir.Azərbaycanın dahi mütəfəkkiri Firidun bəy Köçərli yazırdı:”…uşaq xasiyyəti hər şeyi yaxşı-yaman tövsiyələrə və nəsihətlərə yox,əksərən əmsalə racib olmayla görür.Ailədə bu yaxşı-yaman nümunələri görən uşaq bilaixtiyar hökm fərma olan mənəviyyatı əks salır.Əgər uşaq öz ailəsində səadət,zəhməti sevmək,adamlara məhəbbət,itaət və ifayi vəzifə görürsə,özü də bu xüsusiyyətləri dərk edir.Əgər bunların əksinə olaraq uşaq ailəsində xudpəsəndlik,tənbəllik,qabalıq müşahidə edərsə,özü də qaba,xudpəsənd,tənbəl olub,heyəti-ictimaiyyətin nəinki faydasız,bəlkə müzür bir fərdi olur”.

 

SULAR GƏLƏR GÖL OLAR,

ŞAXTA VURAR GÜL SOLAR,

MƏRD İGİDİN BALASI

ÖZÜ KİMİ MƏRD OLAR.

 

DƏRD ƏLİNDƏN YANDI DAĞ,

GETMƏZ SİNƏMDƏN BU DAĞ,

ANA GƏZƏN AĞACDA

QIZ GƏZƏR BUDAQ-BUDAQ.

Milli-mənəvi dəyərlərə söykənən,ailə mədəniyyətini nümayiş etdirən xüsusiyyətlərdən biri də böyüklərə hörmətdir.Uşaqlarda böyüklərə hörmət etmək kimi xarakterik xüsusiyyətlərin formalaşmasında ailə üzvlərinin bir-biri ilə ünsiyyəti böyük əhəmiyyət kəsb edir.Onlar evin böyüklərinə,baba-nənəyə hörmət etməyi öz valideynlərindən görüb öyrənirlər.Ailə içərisində babaya bir ağsaqqal kimi,nənəyə bir ağbirçək kimi hörmət edən,onları dünyagörmüş,təcrübəli bir ailə üzvü kimi dinləyən,yeri gəldikdə onların təcrübələrindən faydalanan,hər bir işdə bir böyük kimi məsləhətlərini alan ata və ana bu davranışları ilə uşaqlara nümunə olmaqdadırlar.

Uşaqların gələcəyi müəyyən dərəcədə valideynlərdən,onların verdiyi tərbiyədən asılı olur.Bu həqiqəti yaxşı bilən Sədi Şirazi məsləhət görürdü:

OĞLUNA BİLİK VER,SEVDİR ZƏHMƏTİ,

QOY OLSUN KAMALI,AĞLI,SƏNƏTİ.

Valideynlərindən düzgün tərbiyə alan övladlar da öz ata-analarını daim uca tuturlar.Xaqani Şirvaninin öz valideynlərinə olan münasibəti nəsillərə örnək ola bilər.O,ata-anası ilə əlaqədar yazırdı:

YANDIRMAQ İSTƏRKƏN QƏLBİMDƏ ÇIRAQ

QƏLBİNİ MUM ETDİ,SÖZLƏRİNİ YAĞ…

ODUR,BİL,BÖYÜYÜM,YOL GÖSTƏRƏNİM,

TƏRBİYƏ VERƏNİM-ONLARDIR MƏNİM.

Xalqımızın bu günə qədər yaşayan adət-ənənələri əcdadlarımızın                              övlad tərbiyəsində istifadə etdikləri bir vasitə olmuşdur.Sosial həyatda qanun qədər güclü hökmə malik adət-ənənələr uşaqların tərbiyəsində,onların kamil bir insan kimi yetişməsində,yüksək mənəviyyata sahib,xalq üçün,millət üçün xeyirli bir övlad kimi formalaşmasında müstəsna əhəmiyyətə malikdir.

Məşhur rus yazıçısı Oleq Volkov “Zülmətdə” əsərində sürgündə olan azərbaycanlılarla görüşündən bəhs edir:”Bu adamların timsalında mən özümə məlum olmayan özgür bir dünyanı kəşf etdim:öz müstəqilliyini,ənənəvi baxışlarını və əcdadlarının adət-ənənələrini var qüvvəsi ilə qoruyub saxlamağa çalışan kiçik bir xalqın dünyasını.Sonralar Solovkidə azərbaycanlılarla qonşu düşəndə gördüm ki,onlar necə dərin övlad məhəbbətilə ağsaqqalların qeydinə qalırlar,göz qoyurlar ki, süfrə başında kiminsə payı o birisindən əskik olmasın”.

Mütərəqqi xarakter daşıyan,özünün ideyası,məzmunu,forması ilə fərqlənən adət-ənənələrimiz  gənc nəsildə bir çox müsbət keyfiyyətlərin formalaşmasına,cəmiyyətin sağlamlığına böyük təsir göstərir.

Türk adət-ənənəsinə görə ailədə uşaqların inkişafı baxımından tədbirlər,mərasimlər keçirilərmiş.Ta qədimlərdən bu mərasimlər içərisində ən önəmlisi istər qız,istərsə də oğlan övlad üçün olsun,onların ova çıxmaq,qılınc oynatmaq,at minmək bacarıqlarını,qazandığı bilikləri,qısacası,tərbiyə edilib yetişdiyini isbat etdiyi günlərdə keçirilir.Dədə Qorqudun dili ilə desək:”Atdan ayğır,dəvədən buğranın kəsilib təpə kimi ət yığılıb toy edilən günlər bu günlərdir”.Xalqımız içərisində mövcud olan bu adət-ənənələr bir həqiqəti açıqlayır:millətimiz bir ailə üçün uşaq sahibi olmaqdan daha çox onları gələcək problemləri həll edə biləcək insanlar olaraq yetişdirməyə daha çox önəm verimişlər.

Xalqımızın uzun əsrlərdən bəri,100illər boyunca öz varlığını qoruması-müdrik ataların,ulu babaların yolunu davam etdirməsi,tarixin hər səhifəsində ailəni müqəddəs hesab etməsi,namusu,şərəfi,isməti,təmiz və saf insan münasibətlərini yüksık qiymətləndirərək bu keyfiyyətləri göz bəbəyi kimi qorumasına bağlıdır.Bütün bunların nəticəsidir ki,Azərbaycan ailəsi xalqın özünəməxsus adət-ənənələrini,milli-mənəvi dəyərlərini nəsildən-nəslə ötürərək onu yad ünsürlərdən qoruya bilmişdir.

Milli-mənəvi dəyərlərə söykənən Azərbaycan xalqının ailə institutu genefondumuzun daşıyıcısı olmaqla bərabər dövlətimizin sarsılmaz sütunu hesab olunur.Bu sütunların qorunaraq gələcək nəsillərə olduğu kimi çatdırılmasında ailənin,xüsusilə gənc ailələrin rolu böyükdür.Bu gün yeni ailə quranlar,eləcədə gənc ailələr yaxşı bilməlidirlərki,ailələrində milli-mədəni,mənəvi mühit formalaşdırmaqla yanaşı,uşaqları Vətənə layiqli vətəndaş,fiziki və mənəvi cəhətdən sağlam,yaradıcı əməyə can atan insan kimi böyütməlidirlər.Gənc ailələr həmişə bizim milli adət-ənənələrimizi özündə qoruyub saxlayan uzunömürlü ailələrdən örnək götürüb ailələrinin davamlılığını qorumalıdırlar.

Uşaqları Vətən,Torpaq namusu çəkən bir şəxsiyyət kimi yetişdirmək hər bir ailənin,valideynin borcudur.

Vətən torpaqlarımızın 20%-nin işğal altında olduğu bir dövrdə uşaqların adət-ənənələrimizə görə müəyyən edilən keyfiyyətlərdə;vətənpərvər,vətən təəssübü çəkən,yeri gəldikdə Vətən torpağının bir qarışı,bir daşı üçün canını,qanını qurban verəcək ruhda tərbiyə olunmasına çalışmalıyıq!



Yarışmada olan məqaləni bəyəndiniz? Bəyəndiyiniz təqdirdə aşağıdakı Twitter, Facebook Google+ düymələri vasitəsi ilə bəyənərək və paylaşaraq səs verə bilərsiniz.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı