ƏSAS SƏHİFƏ

“Gənc Yazar” layihəsi: “Aleksandr”

803

Müəllif: Müşfiq Şükürlü

Aleksandr

 

Mənim bir dostum var. Aleksandr. Xanımı başqa bir kişini sevir. Və Aleksandra gizlin- gizlin məktublar yazır. Nə vaxt, necə  yazır, bilmirəm. Ancaq Aleksandr gün gələcək bu məktubları oxuyacaq. O vaxt Aleksandr saqqal da saxlayacaq, sarımtıl tüklərinin üstünə ağ tüklər də yayılacaq. Və oxuyacaq: “ Mən aşiq bir qadınam, Aleksandr”. Aleksandrı dəli- divanə sevən, ara- sıra ondan inciyib- küsən və Aleksandrdan çox- çox cavan olan bu gözəl, sarışın qadın nədənsə başqa bir kişini də sevir. Və heç bunun nə demək olduğunu mən də anlamıram. “ Sənin gözlərində nisgilli küləklər əsir, mənim Aleksandrım”. Bunları da oxuyacaq. Ancaq Aleksandr, elə bil, həmişə – lap uşaqlıqdan hüzünlü, parça- parça bir ürək gəzdirib köksündə. Amma köməyə ehtiyacı olan, sahibsiz bir adamla qarşılaşdımı, elə o saat həmin nigaran gözlər parıldayır. Ürəyinin bir küncünə yığılıb gizlənmiş xoşbəxtlik, elə bil,çiçək açır. Allahdan da qarşısına bu cür adamlar tez- tez çıxır.

Mən Aleksandrla tanış olanda yeni evlənmişdi. Hələ qızları da yoxuydu. Kafenin ən sakit yerini seçmişdi. Ətrafı səssiz, seyrək idi. Yox. Bu yeni abzasdakılar mənim istədiklərimdir. Olsun ki, o sakit təbiətli adamdır, ancaq biz onunla heç vaxt görüşməmişik. Belə bir şey yoxdur. Heç rejissorun da belə bir fikri olmayıb, çox güman. Nəysə. Əslində mən Aleksandrla bağlı bütün cümlələrə öz görmək istədiklərimi, yaxud gördüklərimi də qatmışam. Mənim xəyallarım reallığı heç vaxt incitməz, ya da başqasının xəyallarını. Axı Aleksandr mənim dostumdur.

Mən hüzünlü adamları sevirəm. Bunu kiminsə  gözlərindən oxumaq lazımdır. Yox, mən pıspısaları sevmirəm. Gərək ki, üzündə yorğun, təmiz, xalis və kövrək təbəssüm olsun.  Və həmişə tək ağlasın. Tək. Mənim, həqiqətən, acıyla və hüzünlə ağlayan qürurlu insanlardan xoşum gəlir. Daha doğrusu, həmin vəziyyətdən, situasiyadan. Pıspısalar isə mısmırıqlarını sallamaqdan savayı heç nə bacarmırlar. Yəni, bu işdə.. və bu, onlarda ancaq bacarıqdır. Gözlərindən, sifətlərindən, dodaqlarından yalançı əzab- əziyyət, təklik- tənhalıq yağan bu qaraçıları( bəli, mən onları qaraçı adlandırıram) bir azcıq incitmək, üzlərinə, ürəklərinə qəşəng bir söz ilişdirmək, ya da heç buna ehtiyac yoxdur, yanlışlıqla, tamam haqlı ola biləcəyiniz bir vəziyyətdə mədəniyyətsizlik etmək olar, onlara qarşı xudmani bir kobudluq. Əvəzində bilirsiz nə olacaq? Səsləri durduğunuz yeri başdan- başa bürüyəcək. Həyasızlıqları o qədər şiddətli olacaq ki, həmin o qəmli, qüssəli burundan, ağızdan kiçik bir nişanə də qalmayacaq. Hələ bir az çəkingən və utanacaqsınızsa, tez uzaqlaşıb qaçacaqsınız oradan… Nəysə. Mənim hüzünlü adamlardan xoşum gəlir. Onların bütün teatr həngamələrindən uzaq, təbii baxışları, davranışları və gözləri. Bunlar kifayətdir. Mən açığı kövrələn adam deyiləm, bir az da qalınam. Səbəbi də odur ki, heç kəsə inanmıram. Amma hüzünlü adam gördümmü, dayana bilmirəm. Gözlərimin kənarları nəmlənir. Yaşdır, yəqin, bu. Ancaq ağlamaram heç vaxt.

  • Almaz, səni çox sevirəm.

Uşaqlıqdan bəri ilk dəfə bu vaxt ağlamışdım. Sarı hörüklərinə necə məftun olmuşdum, Allah bilir. “ Sev məni”, – dedim. Bu hüzünlü qadın məni sevdi. Həmişə nələrsə fikirləşirdi. Bax Aleksandr kimi, elə bil, gözlərinin arxasında, baxışlarının üzdüyü dəryada nəsə sirli, anlaşılmaz bir dünya varıydı. Mən buna görə sevmişdim onu. Ancaq tanış olduğumuz gün lap qəribəydi. Onda hüzünlü görünməmişdi mənə. Daha doğrusu, mən qoxularla sevirdim. Bu haqda eşitmisiz bəlkə? İnsan qoxularla sevir. Yəni, başlayanda belə olur. Bilmirəm bu nə qədər əhəmiyyətlidir, ancaq başlanğıcdakı parçalar sonradan bütünün, tamın varlığında qalır. Nəysə, bu qalsın belə. Onun sinəsinin qoxusu hələ burnumdan getməyib və həmişə alma yeyəndə nədənsə bunu xatırlayıram. Heç alma da qoxmurdu… Nəysə, danışacam bunu, hələ ki dayanın. Deməli, mən bu sözləri deyəndə onun otuz üç yaşı varıydı. Amma elə cavan qalmışdı ki. Üzü dolu, ətliydi, ancaq kök- filan deyildi. Sadəcə, qəşəng idi. Əri çoxdan ölmüşdü. Dediyinə görə müharibədə. Uşaqlarını isə uşaq evinə qoymuşdu. İki qızı varıydı. Böyüyü elə özü kimi sarışın, susqun, bal kimi şirin idi. Gözləri də axıb gedirdi, lap uzaqlara. Anası kimi. Bu balaca yaşında nə xəyallar qururdu ki axı o? Neçə yaşı olardı, heç bunu da xatırlamıram. On, ya da on bir. Mən sarsaq adam deyiləm. Ancaq Almaz qanımda, damarlarımda gəzirdi. Neyləməliydim?.. Uşaqlarını isə oynaşları ucbatından uşaq evinə aparmışdı.  Əxlaqsız qadın idi. Mən neçənci sevgilisiydim, bilmirəm. Həmin illərdə işə yeni girmişdim. Müəllimlikdən nə pul qazanacam? Ancaq şagirdlərimi çox sevirdim. Məktəbin lap qızğın vaxtında, uşaqlara, dərsə, şagirdlərimə və işimə yeni həvəslənmişkən Almazla tanış oldum. Və bu tanışlıq normal eşq macərası deyildi. Bir az, ya da tamamilə fərqliydi. Axı əxlaqsız qadınla nə eşq macərası? Ancaq o əsl seviləcək qadın idi. Hamıdan, hamıdan fərqliydi.. və. Və heç nə. Həyat danışmaq üçün bundan artıq imkan vermir. Görünməyən və şikayət olunan bir məfhum üçün faydasız ittihamlar…

Metroda binanın yeddinci mərtəbəsindən özümü atırdım. Vaqonun içindəyəm və hansısa stansiyaya gedirəm. Səs- küy yavaş- yavaş artır və həmin qulaqboğucu səsin lap gur məqamında xəyallar çulğayır məni. Lap rahatlayıram. Gözlərim yumulu ayaq üstə dayanmışam, kürəklərimi də, belimi də vaqonun qapılarına söykəmişəm. Və binanın yeddinci mərtəbəsində eyvanda dayandığımı görürəm. Bu çox təbiidir, çünki bayaq metroya girərkən, yəni vaqonun içinə addımımı atanda durduğum yerlə – həmin mərmər platforma ilə vaqon arasındakı boşluq o qədər böyük göründü ki, əvvəlcə ayağımı atmaqdan da çəkindim. Elə bil, qaranlıq çuxuruydu aşağı, relslər də nəhəng, parıltılı bədheybətə oğxşayırdı. Yanımdakı kök, ağır kişinin ora düşəcəyindən əmin idim. Ancaq necə oldusa, hər şey dağılıb getdi. Ya da əvvəlki vəziyyətinə qayıtdı. Məndə belə hallar tez- tez olur. Xəstəlikdir, deyəsən. Bilmirəm. Vaqonun içindəyəm və indi binadan tullanıram. Gecə vaxtıdır. Yeddinci mərtəbə olduğunu düşünürəm, ancaq deyəsən lap aşağı mərtəbələrdəyəm, çünki aşağıda yoldan keçən adamları rahat görürəm. Küçə elektrik fənərlərinin işığında qırmızı- narıncı dayazlığa bürünüb. Yoldan başının ucu, keçəli işıldayan yekəpər kişi və onun qoluna girib az qalsın sinəsinə yapışmış, saçı sapsarı rənglənmiş, həmçinin həyat yoldaşına heç yaraşmayan qadın keçir. Bu qoşa cütlük mənim diqqətimi çəkmir. Və elə bil, küçə lap boşdu. Bütün həyat mənə rəngsiz və soyuq görünür. Gözlərimi yumuram. Bir azdan atlanacam. Lap daş qaldırmanın üzərinə də çıxıram.Və əvvəlcə xəyallarımı qururam. İlk öncə anam gələcəkdi meyitimin üstünə. Saçları bir- birinə necə qarışmışdı anamın! Lap tufana düşüb kökündən qopmuş ağaca bənzəyirdi. Dırnaqları ilə üzünü cırmaqlamışdı. Gözünün yaşı üzünün qanına qarışmışdı. İniltisi küçənin ortasından binanın ucuna, sonuncu mərtəbəsinə qədər eşidilirdi. Sonra anamın yanında, meyitimin bir tərəfində atamı gördüm. Yerində donub qalmışdı. Bədəni donmuşdu, sadəcə. Mənə baxırdı. Elə qəribə ağlayırdı ki. Yaş yanaqlarına yayılmışdı, amma elə də çox deyildi. Ağlaya bilmirdi atam, çox çətin ağlayırdı. Hıçqırtısı, elə bil, sinəsinə ilişib qalmışdı… Sonra qardaşlarımı düşündüm. Və yaxın qohumlarımı, nəhayət dostlarımı. Bütün bunları düşünə- düşünə qərar verdim, çox ani və cəld oldu. Beynimdə, elə bil, qığılcım parladı. Elə bil, binanın qabağına, küçənin ortasına ildırım düşdü. Eynən belə oldu. Ancaq qorxulu olmadı, daha doğrusu, mən qorxmadım. Üstəlik bir güc, qüvvə gəldi mənə və cəsarətləndim. Birdən, qəfildən, lap anicə irəli yeridim və külək azacıq alnımı oxşadı. Bütün hay- küyün, iniltinin, gülüş və bağırtı səslərinin içində gözlərim yaşlı tullandım…

Bir qadının üstünə tullanmışdım. Vaqonunca içində üstünə yıxılıb qalmışdım. Başım sinəsinə yapışmışdı. Boğazıyla döşlərinin arasından çox qəribə, fərqli və gözəl bir ətir qoxusu gəlirdi. Döşləri balacaydı, on üç yaşlı oğlan uşağının yumruqları qədər olardı. Ancaq dik, baxımlıydı. Sinəsindən gələn qoxu isə öz ətriydi, bədəninin ətri. Bu qoxu əvvəlcə burnuma, beynimə yayıldı, sonra dodaqlarımı, üzümü, gözlərimi və xəyallarımı bürüdü. Gözlərimi açmasaydım, yəqin özümü çəmənliyin içində, meyvə ağaclarının, güllərin, nə bilim cənnətin ortasında hiss edərdim. Ancaq bu çiçəkləri heç vaxt qoxlamamışam. Bu cür ətir iyi heç vaxt burnuma dəyməyib. Qoxunu yaşıl alma rəngində təsəvvür edirdim, ancaq özü necə bir şeydir, nəyə bənzəyir, tapa bilmirəm. Bu qoxunu köksümün ortasınacan, ciyərlərimə dolana qədər çəkdim. Qanıma, ruhuma axdı, elə bil. Bununla da qadın mənim oldu, ya da mən onun əlinə keçdim, bilmirəm. Gözlərimi açdım. Qadının səsi gəlirdi. Allahdan pis sözlər demirdi, yəni söyüş- filan. Ancaq əsəbləşmişdi. Birtəhər, vaqon gedə- gedə, nazik, dəmir borulara yapışa- yapışa qalxdıq. O, məndən tez qalxdı, elə cəld idi ki. “ Dəlisən- nəsən, eşşəkbaş! Görməmiş heyvərə!” Beləcə danışdı, mənsə üzr istədim. Camaat bizə baxırdı, ancaq ciddi bir şey olmadı. Deyib- gülən də oldu, qaş çatan, şikayət edən, mızıldanan da. Axırda arxamızca baxa- baxa qaldılar vaqonun içində( bircə bizimlə çıxanlar xaric). Həmin qadın sakitləşdi. Metro stansiyaya gəlib çatdı. Qadın vaqondan çıxdı. Mən də həmin əfsunlu, sehirli qoxunun arxasınca. Onda da saçları hörüklü idi. Onda da cavan qıza oxşayırdı. Hətta mən ona iyirmi beş yaş vermişdim. Almaz onda da hələ çox cavanıydı.

O, metrodan çıxar- çıxmaz yaxınlıqdakı bir binaya gəlib çatdı. Sonra liftə girdi. Mən onun arxasınca gedirdim və onunla liftə girməli oldum. Tək idik. O, içəri girəndə çönüb mənə baxdı və gülümsədi. Bura qədər onu izlədiyimdən xəbəri varıydı. İndi özünün nəyə qadir olduğunu göstərmək üçün dodaqlarını oynadırdı. Əynində qara şalvarı, bir də zərli koftası varıydı. Hava yaxşı da olsa,  qışıydı, hərhalda, nazik geyinmişdi. Çantasını qolundan çıxarıb dizlərinin önündə tutdu. Bu nə demək idi axı? O, çox şıltaq görünürdü. Məni hərəkətə gətirmək üçün əlindən gələni edirdi. Mən danışana qədər ona iki dəfə baxmışdım. Sonra o saatına baxdı və başı mənə tərəf çöndü, gülümsədi və dedi:

  • Metroda neyləmək istəyirdin? Birdən- birə adamın üstünə elə atılmazlar…

Mən də güldüm, ancaq ona yalan demək istəmirdim. Çünki bu qadına vurulduğumu hiss edirdim. İndi nəyi necə izah etməliyəm, bilmirdim. Hərhalda, başqa bir şey danışmalıydım, ancaq izahat verdim.

  • Metro çox sıxıcıdır. Bu gün də yaman gərginəm… Mən metrodan elə çox istifadə eləmirəm. Siz çox gözəlsiz, bilirsiz? Mənim gözlərim yumuluydu, amma yəqin siz çəkdiz məni üstünüzə.

O, heç nə demədi. Gülüşü də çəkildi üzündən. Başını çevirdi. Lift dayandı. Bir kəlmə də danışmadıq. Sonra o, çıxdı və mən də arxasınca… Çoxlu qapılar varıydı. Birindən içəri girəcəkdi, yəqin. Ancaq bir az gedib dayandı. Və arxaya çevrilib üzündə heç nə duyulmayan, soyuq, ancaq yenə nəsə gözləyən bir ifadəylə dilləndi:

  • Neyləmək istəyirsən?

Mənim ağzım yaxşıca açıldı. Heç nə də demədim.  Gözlərimi üzünə zilləyib durdum. Ancaq elə mənim istədiyim də bu idi. Ortadakı qapı onunkuydu. Bir az irəlilədi, qapını açıb içəri keçdi və qapı elə açıq da qaldı…

Biz bir həftə həmin binada qaldıq. Deyəsən, heç çölə də çıxmırdıq. Mən dərslərimi, işimi unutmuşdum. Almaza ara- sıra danışmasaydım, heç şagirdlərim də yadıma düşmürdü. Biz bir həftə həmin üç otaqlı evdə yalnız ikimizin olduğu bir dünyada yaşadıq. Bir qadın və bir kişinin arzuyla yaşaya biləcəyi hər şeyi bu yeddi günün içində bütün vücudumuz və qəlbimizlə dərk elədik. Ancaq deyəsən bu, onun üçün ilk deyildi və dərk eləyən yalnız mən oldum. Mən Aleksandrın bütün intim səhnələrini, hərəkətlərini xatırlayırdım. Bu çox ani olurdu, heç bunu xatırladığımı da bilmirdim. Aleksandr film qəhrəmanıdır. Bu, yunan filmidir. Ancaq biz indi Bakıdaydıq və bu, Yunanıstandan da yaxşıydı. Mən onun kimi dodaqlarımla qadının qulağını yalayır, döşlərinə, saçlarına xüsusi həssasiyyətlə toxunurdum… Aleksandrın bu cür səhnələri yadıma gəlmir, açığı. Ancaq o, mənim dostumdur və çox sadə insandır. Həm də həssas. Başqa cür davranmazdı, yəqin. O, xanımını öldürməliydi. Mən bu haqda danışmaq istəmirəm. Mən onun aktyor olduğuna da inanmıram. O, həyatdan da, gördüklərimdən də inandırıcıdır. Qoy öldürsün, lap əzabla, zülümlə öldürsün. Amma axı bunlar yoxdur. Filmdə belə şeylər yoxdur. O, sadəcə, qadınını sevir. Xanımı ona xəyanət edir və o, yenə də qadınını sevir. Eynilə mən də belə edirdim. Almazın kimlə görüşdüyündən xəbərim yoxuydu. Ancaq bilirdim ki, o, başqa biriylə görüşür, danışır və mənlə elədiklərini onunla da hansısa lüks yataqda təkrarlayır. Baş redaktordan şübhələnirdim. Almaz redaksiyada işləyirdi, dizayn işləriylə məşğul idi. Ona görə, redaktordan şübhələnməyə bilməzdim. Mən Almaza başa salmaq istəyirdim ki, səni mənə bağlayan bədənin, fiziki quruluşun deyil. Və bu, həqiqətən, beləydi. Mən artıq hiss edirdim ki, onun bütün şıltaq hərəkətləri məni onun gözlə görünməz, daha əhəmiyyətli tərəflərinə bağlayıb(  Məsəlçün, yemək bişirəndə mənə meyvə doğrayıb gətirir, yanımda uzanıb saçlarımı qarışdırır, –  mənim saçlarım uzunuydu – onu gözləməyimə imkan vermirdi. Ələlxüsus, mənimlə oynamaq istəyirdi, lap uşaq kimi. O, çox cəld, oynaq və istiqanlı idi. Birdən görürdün ki, lap çəkilib getdi, uzaqlaşdı həyatdan, onda bu istiqanlı pişiyin nə qədər gizlin, anlaşılmaz olduğunu hiss edə bilirdim). Ancaq o, məni başa düşmürdü. Ya da istəmirdi. Daha ciddi nələrisə düşünürdü. Və istədiyi də heç bu yaxınlarda yoxuydu. Xəyallarını gözlərindən oxumağa çalışırdım. O, elə bil, heç kəsi sevə bilməyəcəkdi. Baxışı elə kövrək idi ki, toxunsan parçalanıb çilik- çilik olacaqdı. Bu təbəssümü qoruyub isitməyə çalışırdım ürəyimdə. Ancaq onun əməlləri və heç vaxt gerçəkləşməyən sədaqəti( bu, mənə belə görünürdü, bəlkə də) gözünün, könlünün, bədənin, ehtirasının doymayacağından xəbər verirdi. Ona görə, çətin ki, kimisə sevərdi. Ona oynaş lazım idi. Mənsə bacarmırdım, onu dəyişmək istəyirdim. Ancaq bunu heç vaxt eləmədim. Və bəlkə edə də bilməzdim.  Çünki mənə çəkici görünən onun özüm üçün yad, anlaşılmaz hesab etdiyim tərəfləriydi. Bu maneəni dəf eləsəm, əlbəttə, onu elə o andaca tərk edəcəkdim.

Mənə xoş bir xatirə olaraq qalması üçün onu ilk məhəbbət olaraq lazımsız bir həyat dəftərçəsinə yazdım və ondan uzaqlaşdım. Bir yeniyetmənin təzəcə kəşf elədiyi bir qadına – füsunkar, ofsunlu bir kinoulduza aşiq olmasından fərqli bir şey yaşamamışdım. Çünki Almaza da rəsmən fahişə demək, olduqca çətin idi. İyirmi iki yaşımda ilk dəfə aşiq olmuşdum və platonik bir anlaşmazlıq olmadığından bu məsələni rahatca həll etdim. Əlbəttə, onunla yaxın münasibətim də bu işdə xeyli rol oynadı. Və ondan sonra bütün sarı hörüklər( əslində, bu saçlar heç də sarı deyildi, açıq- qara deyə biləcəyimiz sadəlövh, tez- tez görə biləcəyimiz saç rəngidir, ancaq yığlmış, bir- birinə sıx və kip şəkildə sarınmış bu saçlar açıq- sarımtıl bir xoşbəxtliklə xəyali mənliyimə meydan oxuyurdu)  mənə anlamsız gəldi. Diksindiyimi deyə bilmərəm, ancaq bununla bağlı, sanki, bir müdafiə işi təhvil vermişdim və bu iş bütünlükdə mənimçün həll olmuşdu.  Qaranlıq bir şey qalmamışdı. Solğun, tozlu- torpaqlı saçlarla sarı hörüklər arasında heç bir fərq ola bilməzdi. Halbuki, əvvəllər belə deyildi.

İndi neçə yaşım olduğunu dəqiq bilmirəm. Yəni, iyirmi yeddi, otuz, hətta qırx beş də deyə bilərəm. Ancaq bir az qocalmışam. Həmin hadisə, həmin qadın və məhəbbət nə qədər cavan görünür, o qədər yaşlandığımı hiss edirəm… Aleksandr hələ də mənim dostumdur. Ancaq o heç yaşlanmır, həmişəyaşıl ağaclar kimi gözlərini əbədiyyətə zilləyib( ya da belə olduğunu zənn edir). Və çox tərs adamdır. Film haqqında isə ağlıma real ola biləcək heç nə gəlmir. Ancaq bu yalan deyil. Yenə də, onu deməliyəm ki, məncə, belə bir film yoxdur. Və bu ad, yəni Aleksandr yunan adına bənzəyir. Bunu ilk dəfədir düşünürəm, açığı.

 



Yarışmada olan məqaləni bəyəndiniz? Bəyəndiyiniz təqdirdə aşağıdakı Twitter, Facebook Google+ düymələri vasitəsi ilə bəyənərək və paylaşaraq səs verə bilərsiniz.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı