ƏSAS SƏHİFƏ

“Gənc Yazar” layihəsi: “Azərbaycan Dövlət Kukla Teatrı”

1.3K

Müəllif: Xəyal Abdullayev

Azərbaycan Dövlət Kukla Teatrı

 

Mən bu dəfəki məqalədə ölkəmizin könül oxşayan və gözəl mədəniyyət ocaqlarından biri sayılan Azərbaycan Dövlət Kukla Teatrı haqqında söz açmaq istərdim. Onun yaranması və tarixi barədə olan başlıca real faktlara toxunub bunları dəyərli oxucularımızla paylaşmaq istərdim. Azərbaycan Dövlət Kukla Teatrı ilk öncə Azərbaycan milli mədəniyyətinin çox qiymətli və dəyərli  sərvətlərindən biridir. Azərbaycan Dövlət  Kukla Teatrı 1931- ci ildə Bakıda uşaqlar üçün yaradılmışdır. Teatr  müxtəlif  illərdə isə belə fəaliyyət göstərib:

Mədəniyyət ocağı müstəqil teatr kimi (1931-1941; 1946-1950 – cı illərdə), müəyyən çağlarda isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (1941-1946 – cı illərdə) və Azərbaycan Dövlət Filarmoniyası nəzdində (1950 ildən) fəaliyyət göstərmişdir. Teatrın Azərbaycan və rus dili bölmələri var. 1964 – cü il aprel ayının 15 – də isə teatra  «Dövlət» statusu verilmişdir. Azərbaycan Dövlət Kukla Teatrı  1965-ci ildən müstəqil teatrdır. Eyni zamanda 1975 – ci ildən teatrda böyüklər üçün də tamaşalar göstərilməyə başlanmışdır. Teatr kukla teatrları beynəlxalq (Daşkənd, 1979, Bombey, 1980) və Güney Qafqaz (Yerevan, 1982, Tbilisi, 1984) festivallarının iştirakçısı olmuşdur                                                                                         İlk dövrlərdə teatrda Azərbaycan, rus və Qərbi Avropa dramaturqlarının pyesləri (sadələşdirilmiş şəkildə), Azərbaycan şifahi xalq ədəbiyyatı motivləri əsasında tərbiyəvi əhəmiyyətli əsərlər (Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələri)  tamaşaya qoyulmuşdur:  “Hacı Qara” (M.F.Axundov), “Zorən təbib” (J.B.Molyer), “Almas” (C.Cabbarlı), “Böyük İvan” (S.V.Obraztsov), “İsgəndər və Çoban (tamaşa)”, “Cırtdan”, “Nərgiz” (M.Seyidzadə) və başqa əsərlər.
60-70 -ci illərdən etibarən azyaşlı uşaqlar və məktəblilərin səviyyəsinə uyğun repertuar təqdim edilməyə başlanıldı. 1975 -ci ildən isə teatrda həm də böyüklər üçün əsərlər nümayiş etdirirlər: “Üç nağıl” (Abdulla Şaiq), “Göyçək fatma” (M. Dilbazi), “Artıq tamah baş yarar” (Ə. Səmədov), “Keçinin qisası” (Ə. Abbasov), “Əkiz qardaşlar” (H.Ziya), “Bu kimin evidir?” (R.Heydər), “Meşə nağıl” (T. Mütəllibov), “Balaca qızcığaz Tino” (L.Babinskaya), “Gözəl Vasilisa” (Y. Z. Çernyak), “Qaravəlli” (Anar), “Üç gombul” (Y. Oleşa), “Pəri cadu” (Ə. Haqverdiyev), “Qarınqulu Zürafə” (Y. Torbai), “Qar qız” (A. A. Ostrovski) və s. teatrın ən yaxşı tamaşalarındandır. 1974 -cü ildə teatra görkəmli incəsənət xadimi Abdulla  Şaiqin adını verdilər. Teatr tamaşalarında pərdə arxasında gizlənən aktyorlar tərəfindən hərəkət etdirilən  kuklalar iştirak edirlər. Müxtəlif formalı kuklalar və müxtəlif cür idarə sistemləri təqdim edilir. Kuklaların ölçüləri bir neçə santimetrdən iki insan ölçüsünə qədər dəyişir.

Teatrın yaradıcısı məsələsinə gəldikdə isə Azərbaycanda Kukla Teatrının yaradıcısı, dövlət səviyyəsində təşəkkülünün təşəbbüskarı Mollağa Bəbirli olub. Teatrın təşkilatçısı olmaqla yanaşı onun ilk bədii rəhbəri və baş rejissoru da həmçinin Mollağa Bəbirli olmuşdur. Mollağa Bəbirli 15 sentyabr  1905 – ci ildə Bakıda anadan olmuşdur. 17 yaşından  Azərbaycan Milli Dram Teatrı – nın yardımçı heyətində çıxış edib, 1927 – 1928 – ci illərdə isə Moskvada qrim və Kukla teatrı ixtisası üzrə təhsil alıb. Bundan sonra o , Bakıya qayıdaraq Akademik Milli Dram Teatrının truppasında aktyorluq etməyə başlamışdır. 1930 – cu ilin may ayında teatrın yığcam briqadası Ağdam rayonuna qastrola getmişdi. Mollağa Bəbirli burada aktyor dostları Musa Hacızadə, Fazil Dadaşov və Abbas Rzayevlə birgə ilk Kukla tamaşasını hazırlayıb onu səhnədə  göstərdilər. Məktəbdə oynanılan bu tamaşa uğurlu keçdi və bu nailiyyət Mollağanı öz arzusu uğrunda daha inamla çalışmağa sövq etdi. Uğurla gedən bir sıra proseslərdən sonra nəticədə Xalq Maarif komissarlığının əmri , eyni zamanda dahi dramaturq Cəfər Cabbarlının yaxından köməyi  ilə 16 may 1931- ci il tarixində Bakıda Türk Kukla Teatrı yaradıldı. Beləcə indiki Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının əsası qoyuldu.

Bu teatrın ilk tamaşası “Sirk” adlı tamaşa olmuş və 1932 – ci ilin aprel ayında səhnədə göstərilmişdir. Bu zaman teatr zalında hələ 210 nəfərlik yer mövcud idi.  Sira-məsxərə elementli həmin oyun – tamaşa çox qısa olsa da, məzəli , əyləncəli və uşaqlar üçün maraqlı idi. Mollağa Bəbirli “Zərgərpalan küçəsi , 84”  (indiki Daxili İşlər Nazirliyinin arxa hissəsində olan küçə) ünvanlı evində kiçik bir otağı emalatxana etmişdi və burada özü təsis etdiyi teatrın tamaşaları üçün kuklalar düzəldirdi. Kuklaları həm müxtəlif ağaclardan yonurdu, həm də gəlincik tipli Əlcək (qolçaq) kuklaları hazırlayırdı. 1933 – cü ildə kollektiv Gənc Tamaşaçılar Teatrının nəzdində Kukla şöbəsi kimi fəaliyyətini davam etdirib. 1930-cu illərin ikinci yarısında Mollağa Bəbirli dramaturq Mirzə Fətəli Axundzadənin “Hacı Qara” və Cəlil Məmmədquluzadənin “Ölülər” pyeslərinin Kukla teatrı variantlarını işləyib və özü də tamaşaya hazırlamışdır.       1938-ci ildə Dövlət Kukla Teatrı müstəqil sənət ocağı kimi iki il indiki Mahnı Teatrının binasında fəaliyyət göstərmişdir.1941-1945-ci illərdə Böyük Vətən müharibəsi ilə əlaqədar olaraq kollektiv yenə Gənc Tamaşaçılar Teatrı-nın nəzdinə keçib. 1946-cı ildə isə Kukla Dövlət Teatrı Mollağa Bəbirlinin direktorluğu və bədii rəhbərliyi ilə yenidən müstəqil kollektivə çevrildi. Teatr 190 saylı məktəbin binasında yerləşib. Vaxtilə Dərbənd Dövlət Azərbaycan Teatrında aktyorluq etmiş Nadir Zamanovun kollektivə gəlişi rejissorluqda və üslub axtarışlarında təkanverici rol oynamışdı. 1949-cu ildə teatrların özlərini maliyyələşdirmə iş sisteminə keçməsi ilə əlaqədar olaraq Azərbaycanda ondan çox dövlət teatrı, o cümlədən Kukla teatrı bağlandı. Nadir Zamanovun fədakarlığı və rəhbərliyi ilə kiçik heyətdə teatr dəstəsi yarandı və truppa 1 yanvar 1950-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində fəaliyyətə başladı. 1962-ci il noyabr ayının 15-də isə Kukla teatrı dəstəsi yenə GTT-nin (Gənc Tamaşaçılar Teatrı) kollektivinə daxil oldu. Həmin kollektiv 6 may 1963-cü ildə Bakıdakı Orkestr Musiqiçiləri Bürosunun sərəncamına verilidi. Azərbaycan Respublikasının Nazirlər Soveti 1964-cü il aprel ayının 15-də truppanın dövlət statusunun bərpa edilməsi barədə qərar imzaladı. Bunun əsasında isə Mədəniyyət Nazirliyi Azərbaycan Dövlət Kukla Teatrının fəaliyyətə başlaması barədə 3 fevral 1965-ci ildə 17 saylı əmr vermişdir. Hazırda teatrın Dənizkənarı bulvardakı binası kollektivin sərəncamına keçib. Teatr 1965-ci il sentyabrın 25-də Mirvarid Dilbazinin “Göyçək Fatma” nağıl-pyesinin tamaşası ilə pərdələrini açmışdır.   Sənət ocağının 1965-ci ildəki bərpa dövründən sonra Dövlət Kukla Teatrının truppasında Azərbaycan Respublikasının əməkdar artistləri Oqtay Dadaşov, Şəfiqə Axundova, Həsənağa Hüseynov, Lyubov Adamova, aktyorlardan Şahmar Hüseynov, Ruslan Həsənov, Xədicə Seyidova kimi təcrübəli sənətkarlar çalışmışlar. Truppada hazırda tanınmış aktyorlar Mansur Mansurov, Tamilla Bünyadova, Rəhilə İbadova, Elmira Hüseynova, Əlibala Ələsgərov, Rəhman Rəhmanov, Sona Rəhimova, Ələkbər Hüseynov ilə yanaşı, istedadlı gənclər də işləyiblər və əksəriyyəti indi də kollektivdə çalışır. Azərbaycan Dövlət Kukla Teatrı Moskvada (1937, 1977 və 1995), Yəmən Ərəb Respublikasında (1973), Özbəkistan Respublikasında (1979), Hindistanda (1980), İrəvanda (1982), Tiflisdə (1984), Arxangelskdə (1988), Türkmənistan Respublikasında (1989), İran İslam Respublikasında (1990 və 1992), Türkiyənin Ankara (1991) və İstanbul (1998) şəhərlərində qastrollarda olub, beynəlxalq festivallarda, müxtəlif sənət bayramlarında iştirak edib. Kukla teatrı özünün fəaliyyəti dövründə “mil”, “Əlcək” (“qolçaq”), “döşəmə” (hündür), marionet Kuklalarla yanaşı, aktyor-Kukla formalarında da tamaşalar hazırlamışdır.    Azərbaycan milli xalq oyun-tamaşalarının tədqiqata möhtac qollarından biri kukla teatrıdır ki, onun da kökləri orta əsrlərdən çox-çox əvvəllərə gedib çıxır və milli mədəniyyətimizin çox qiymətli sərvətlərindən sayılır. Şərq mədəniyyətinin bilici mütəfəkkirləri İbn Əl Əsr, A.Mokovelski, M.Kolankatvatsi, A.Xodzko, Biruni, S.Marr və onlarca bu qəbildən olan alimlər Azərbaycan xalq oyun-tamaşalarından, teatr elementli mərasim şənliklərdən söhbət açanda Kukla teatrı mənşəli və xarakterli göstərmələrdən də bəhs ediblər. İndiki Kukla teatrının kökləri kilimarası və maral oyunlarından qaynaqlanmışdır. Kukla teatrının hal-hazırda yerləşdiyi bina polşalı mülki mühəndis İosif Ploşko tərəfindən inşa edilib, «Fenomen» kinoteatrı kimi istifadəyə  verilib (1908-1910). Müxtəlif illərdə bu binada kazino, Satirogit teatrı, Musiqili Komediya teatrı və Kənd Təsərrüfatı nailiyyətləri muzeyi fəaliyyət göstərmişdir. Yarandığı gündən bu günəcən teatrda yüzlərlə tamaşa hazırlanıb. Teatrın kollektivi müxtəlif illərdə Hindistan, Yəmən, İran İslam Respublikası, Türkiyə, Hollandiya, Moskva, Sankt-Peterburq, Türkmənistan, Gürcüstan, Arxangelsk, Krasnodar kimi ölkə və şəhərlərdə, eləcədə Respublikamızda keçirilən beynəlxalq teatr festivallarında iştirak etmiş, bir çox festivalların qalibi və lauriatı olmuşdur. Teatrın repertuarında Ü.Hacıbəyov «Məşədi İbad», Anar «Qaravəlli», H.X.Andersen «Bülbül», A.Şaiq «Tıq-tıq xanım», «Tülkü həccə gedir», M.Seyidzadə «Cırtdan», M.F.Axundov «Parisi dağıdanlar», «Xırs quldurbasan», V.Qauf «Yalançı şahzadə», E.Şayye «Od oğlan», R.Əlizadə «Keçəlin toyu», Ş.Perro «Qırmızı papaq», Min bir gecə nağılları əsasındı «Ələddin», Ə.Səmədli «Cik-cik xanım», K.Ağayeva «Göyçək Fatma», Ə.Abbasov «Şəngülüm, Şüngülüm», rus bölməsi üçün R.Moskova «Keçilər», R.Pilo «Qoğal», A.S.Puşkin «Qızıl xoruz», K.Aslanov «Qızıl almalar» və s. xüsisilə qeyd etmək olar. Müxtəlif illərdə teatrın yaradıcı kollektivinin onlarla üzvləri Respublikanın fəxri adları və Prezident mükafatlarına layiq görülmüşdür. Teatrda əsası xalq oyunları, dastanları, nağılları, dünya klassikləri və müasir dramaturgiyamızın üzərində köklənmiş müasir tamaşalar hazırlanır.  Kukla teatrı bugün həqiqətən də ölkəmizdə  azyaşlı və kiçik məktəbli övladlarımızın milli – mənəvi ruhda böyüməsində, eləcə də onların tərbiyə olunmasında xüsusi və əvəzedilməz bir rol oynayır. Gəlin mədəniyyət ocaqları sayılan bu cür  incilərimizi qoruyaq.



Yarışmada olan məqaləni bəyəndiniz? Bəyəndiyiniz təqdirdə aşağıdakı Twitter, Facebook Google+ düymələri vasitəsi ilə bəyənərək və paylaşaraq səs verə bilərsiniz.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı