ƏSAS SƏHİFƏ

“Gənc Yazar” layihəsi: “İnsanları tanımaq istəyirsən?”

1.1K

Müəllif: Aqil Məhəmmədli

İnsanları tanımaq istəyirsən?

Düşündüyüm zaman, bu həyatda sadəcə xoşbəxt olmaq üçün vurnuxduğumuzu anlayıram. Bacardığımız qədər mənfi təsirli hadisələrdən, həyatını bilmədiyimiz, özünü ətrafdakılara gizli saxlayan insanlardan uzaq qalmağa çalışırıq. Xoşbəxtliyi, dostluqları, insan həyatlarını, ümumiyyətlə hər şeyi asan bir şəkildə qazanmaq istəyirik. Özümüz belə fərqində olmadan, həyatımızı cavabsız sualların içinə və tənhalığa sürükləyirik. Çox zaman öz dünyamız, xəyallarımız, həyatdan qazandığımız ürəkaçmayan təcrübələr və arzularımızın puç olması bizi buna vadar edir. İçimizdə özümüzə qarşı o qədər dərin bir güvənsizlik var ki, bu əskiklik qarşılaşdığımız hər yeni insana yansıyır. Qarşımızda olan insana güvənməkdən, birlikdə uzun illər davam edəcək bir münasibət qurmaqdan, hislərimizi, həyatımızı, arzularımızı, hədəflərimizi, içimizdə olan sevgini, nifrəti rahatlıqla paylaşmaqdan qorxuruq. İnsanlar hekayələrini danışmırlar, çünki heç kimsə bu barədə sual vermir. Amma necə də çox istərdik, nə qədər də çox ehtiyacımız var danışmağa, paylaşmağa. Aldatılmaq, yalanlar eşitmək, tənqid olunmaq, bəyənilməmək qorxularımız, səhvsiz biri olaraq görünmək cəhdlərimiz bizi qarşımızdakılara qapadır və daima müəyyən bir məsafələr yaradır. Kimi nə qədər sevəcəyimizə, nələri bölüşəcəyimizə qərar verə bilmirik. Münasibət qurmaqda çətinlik çəkirik, bizi düşündürən suallardan yoruluruq və bəzən öz bacarıqsızlığımız, güvənsizliyimiz üzündən qarşımızdakı insanı günahkar bilirik. Sanki sevgi azlığı xəstəliyindən əziyyət çəkirik. Bu xəstəliyə səbəb olan səhv düşüncələrimiz, səhv yanaşmalarımız, prinsiplərimiz insanlarla münasibət qurmağımıza, dost olmağımıza, doğrulara çatmağımıza əngəl olur.

Bəzən nə istədiyimizi dəqiq müəyyən edə bilmədiyimiz zamanlar olur. Mükəmməl olduğumuzu düşündüyümüz üçün, bəlkə də mükəmməl insanlar axtarırıq, onlarla dost olmaq, münasibət qurmaq istəyirik. Heç bir zaman səhv etməyən, nə olursa olsun bizi incitməyən, heç bir zaman burnumuzun ucundan ayrılmayan, eyni şeyləri düşünən, eyni hisləri bölüşən insanları axtarırıq. Bəzən də qarşımızdakı insanda axtardığımız xüsusiyyətlər barəsində qərar verə bilmirik.

Hər şeydən əvvəl qəbul etmək lazımdır ki, bir insanı tamamilə tanımaq mümkün deyil. Bəzən özümüzü belə tanıya bilmədiyimiz, özümüzü belə təəccübləndirdiyimiz zamanlar olur. Çox yaxşı tanıdığımızı zənn etdiyimiz insanlar belə bizi yanılda bilir. Ona görə də özün olmalısan. Səninlə münasibət qurmağa çalışan insan səni tanıyana qədər səni olmağını istədiyini kimi şəkilləndirəcəkdir. Sadəcə özümüzü sərbəst apararaq nə istədiyimizi dəqiq müəyyənləşdirməliyik.

Mənə maraqlı deyil qarşımdakı insanın harada anadan olduğu, harada yaşadığı, harada işlədiyi, pulu hardan əldə etdiyi, aylıq nə qədər pul xərclədiyi, ya da nə qədər pulun onu məmnun edəcəyi. Gecələr yatağına uzanarkən nələri xəyal etdiyi, nələr arzuladığı, arzuladığı hədəfinə çatmaq üçün addımılarının nə olduğunu və hədəfinə çatmadığı zaman təkrar-təkrar nə qədər cəhd etdiyini bilmək istərdim. Mənə maraqlı deyil onun arxasında duran tanışları, pullu qohumları var, ya da yoxdur. Bu həyatda nə üçün var, bu hədəfi nə üçün seçib, həyatında verdiyi qərarlar, etdiyi tərcihlər, atdığı addımlar onun seçimidir, yoxsa ailəsinin “sözəbaxan” övladı, həyat yoldaşının “ideal” ömür-gün yoldaşı, uşaqlarının “ideal” valideyni olmaq üçün etdiyini bilmək istərdim. Dostluq üçün, sevgi üçün, gələcəyi üçün, yaşama səbəbləri üçün risk edib-etməyəcəyini bilmək istərdim. Onun ətrafında olan insanlar, keçmişinə bağlı münasibətlər vecimə deyil, amma dəyər verdiyi insanlardan gələn xəyanətlərdən bezib, daha çox ağrı yaşamamaq üçün “son” deyib-demədiyini bilmək istərdim. Həyatını olduğu kimi, nə az, nə çox, nə yalan, nə şişirdilmiş, nə də əskik, sadəcə olduğu kimi mənə danışmasını və həyatımı öz həyatı imiş kimi dinləməsini istərdim. Mənə danışdığı hekayənin yalan və ya doğru olması maraqlı deyil, amma mənə niyə yalan danışdığını və ya mənə qarşı niyə bu qədər səmimi, dürüst olduğunu bilmək istərdim. Onun kimə güvəndiyi, kimə arxayın olması vacib deyil, amma onun güvənilə biləcək biri olub-olmadığını bilmək istərdim.

Dostum, sənin harda, ayın neçəsi, hansı bürc altında anadan olduğun, harda yaşadığın, harda yaşamaq istədiyin, hansı universitetdə təhsil aldığın, harda işlədiyin, valideynlərinin aylıq sənə nə qədər pul verdiyi mənim üçün vacib deyil. Kim olduğun, bu həyata nə üçün gəldiyinin mənə dəxlisi yoxdur, bilirəm. Bu yazını harada, kiminlə, necə oxuduğunun da fərqi yoxdur, amma nə üçün oxuduğunu və bunu oxuduqdan sonra fikirlərində azca da olsa dəyişikliklərin olub-olmadığını bilmək istərdim. Özünü nə dərəcədə tanıdığını, hər şey bitdiyi anda səni ayaqda saxlayan, sənə yenidən ayağa qalxmağa güc verən şeyin nə olduğunu bilmək istərdim. Özünlə tək qalanda, səni həqiqətən sevən, sənə yaşama həvəsi verən, sənə güvənən “mən”in qədrini bilib-bilmədiyini bilmək istərdim. Hər günümüz eyni olmasa da, sənə lazım olan gözəllikləri görüb-görmədiyini bilmək istərdim. Öz səhvlərini başa düşüb, bu səhvlərdən nəticə çıxarıb və beləcə yoluna davam edib-etmədiyini bilmək istərdim. Həyatında pis bir şeylər baş verəndə, cibində pulun qurtaranda, sevgilin səni tərk edəndə, dostunun ikiüzlü olduğunu öyrənəndə ətrafına baxıb, səni sevən, sənə güvənən insanların olduğunu görüb, hər şeyə rəğmən gülümsəyi bacarıb-bacarmadığını bilmək isətərdim.

Mən sənin haqqında heç bir şey düşünmək istəmirəm. Sənin haqqında fikir yürütmək, təxminlər etmək fikrim yoxdur. Sadəcə düşünməyən, fikirləşməyən, insanlarla münasibət barəsində heç bir təcrübəsi olmayan bir insan olmaq və bütün diqqətimi sənə verərək, bütün varlığınla səni dinləmək istəyirəm. Özünü mənə tanıtmağına, əsl simanı göstərməyinə fürsət verirəm. Sənin mənə dediklərinə baxaraq sənin həyatını bildiyimi zənn etmək istəmirəm. Sənin həyatın aysberqdir və mənim bildiklərim buz dağının görünən tərəfidir. Gizlətdiyin, deməkdə tərəddüd etdiyin cümlələri bilmək üçün zamana ehtiyac var. Sənin bütün addımlarına hörmət edirəm və anlayış göstərirəm. Bütün münasibətlər hörmət və anlayış üzərində qurulmalıdır ki, münasibətin davam etməsi çətinləşən zamanlarda tərəflərdən biri digərinə güzəştə getmək məcburiyyətində qalmasın. Güzəştə getmək bütün sevgini, səmimiyyəti, hörməti, anlayışı öldürür və tərəflər arasına adını belə qoymaq çətin olan hislər daxil olur.

İnsanları dəyərli edən onlara verdiyimiz mənalar və həyatımızdakı yerləridir. Bütün münasibətlər onların bizə hiss etdirdikləri mənalarda gizlidir. İnsanların bizə hiss etdirdikləri hisləri onları mühakimə etmədən, erkən qərar vermədən anlamağa çalışmaq lazımdır. Ötəri cavablarla yetinmək istəmirəm, mənə həqiqətlər lazımdır. Hər yaxşı görüntüsünü yaradan insan dostumuz, ya da hər pis obrazı yaradan insan düşmənimiz deyil.

Bir insanı tanımaq istəyirsinizsə, susun və onu dinləyin. Dinləyərkən beyninizdə insan haqqında analiz aparmayın. Danışdığı dəqiqələrin ona aid olmasına şərait yaradın. Bu dəqiqələr ərzində yaxşı insan olmaq fikrini unudun, öz həyatınızdan nümunələr gətirərək həmin insanı başa düşdüyünüzü sübut etməkdən əl çəkin. Özünüz olun, necə ki qaranlıq otaqda tənha qaldığınız zamanlardakı kimi və sözlərdən, görünüşlərdən uzaqlaşaraq danışın, yəni hiss edin. Və o zaman həmin insan sizə inana biləcəyini hiss edəcəkdir.

Bir insanı tanımaq istəyirsinizsə, əvvəlcə həqiqətən həmin insanı tanımaq istədiyinizə əmin olun. Siz onu danışmadan anlaya, sevə bilsəniz, ona həqiqətən güvənə, inana bilsəniz, o da sizi eynilə anlayacaq, güvənəcək, inanacaq, sevəcəkdir…



Yarışmada olan məqaləni bəyəndiniz? Bəyəndiyiniz təqdirdə aşağıdakı Twitter, Facebook Google+ düymələri vasitəsi ilə bəyənərək və paylaşaraq səs verə bilərsiniz.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı