ƏSAS SƏHİFƏ

“Gənc Yazar” layihəsi: “POEZİYANIN GÖZ YAŞLARI”

852

Müəllif: Xumar Namiq

POEZİYANIN GÖZ YAŞLARI

 

Saçlar tökülüb tamam, heç gəlmir ələ,

Əllər qırışıb yaman, tuta bilmir heç nə.

Onu tanıyandan bəri heç ürəkdən güldüyünü görməmişdim, ta ki, o günə qədər.

 

Həmişə əynində rəngi solmuş, qəhvəyi palto olardı, damağından papirosu, əlindən kitabı əksik olmazdı. Gözlərinə baxanda deyirdin ki, bu insan dəfələrlə ölmək istəyib… Onu günorta ikidən sonra köhnə univermaqla üzbəüz yerləşən, bir o qədər də işlək olmayan parkda tapa bilərdin. Qəribədir, yaşı ötmüş olmasına baxmayaraq eynəksiz oxuyardı. Deyirdi ki, insana lazım olan yaxınlarıdır, onlar da olmayandan sonra ilin hansı fəsli olur olsun məndən ötrü fərqi yoxdur.  Bir dəfə papirosundan bir qullab alıb: “Oğlum, rəhmətlik sağ olsaydı, indi ona oxuyardım”, sonra da gülərək əlavə elədi: “hər gün, hər saniyə, hər dəqiqə oxuyardım”. Gözlərini yayındırmağından hiss elədim ki, tutuldu, ağlamaq istəyir. Xasiyyətinə bələd idim, kitabın vərəqini əzməzdi, qaldığı səhifəni yadında saxlayar, kitabı bağlayar və heç nə deməmiş çıxıb gedərdi. Onunla hər söhbətimizdə onun çox səmimi, bir o qədər də kövrək və sadiq insan olduğunu öyrənərdim. Söhbətimiz həmişə bu parkda, bu oturacaqda olardı. Yaxşı oxucu olduğu qədər, dinləməyi də bacarırdı. Rafiq dayının heç kəsi yox idi. İçəri Şəhərdə balaca bir kitab dükanı işlədirmiş. Deyir camaatın kitaba marağının olmadığını görəndə, məcbur olub dükanı bağladım. Bu gün həmişəkindən fərqli olaraq əlində kitab əvəzinə dəftər, qələm gördüm. Baxışlarımdan sualımı başa düşdü: “Həə, bəsdir oxudum, bir az da mən yazım” –deyib gözlərini çətinliklə dəftərinə dikdi.

-Bir az? Ay Rakif dayı, dəftəri yarılamısınız ki…

Papirosundan iki qullab alıb dəftəri açan zaman gözləri qəribə vəziyyət aldı. Heç nə demədən onu mənə tərəf uzatdı. Dəftəri açanda, əllərimi ehmalca sıxıb: “Burada yox, burada yox, oğul, burada olmaz. Evdə oxuyarsan, sabah yenə görüşərik” deyərək çıxıb getdi.

Bu dəfə qırışları daha da dərinləşmişdi, saçlarına qar yağmışdı elə bil. Yerişindən qəmli olduğu görünürdü. Etiraz etmədim, lakin səbrim çatmadı, gözdən itdiyini görən kimi dəftəri açıb oxumağa başladım. Hekayənin sonu “Sevərəm təzədən səni” cümləsi ilə bitirdi. Gözəl yazılmışdı, çox bəyənmişdim. Onu səhərisi gün gəlib həminki yerdə gözlədim, gəlib çıxmadı. İki günüm beləcə keçdi, dəftəri məndə qalmışdı. Düşündüm fikirləşir ki, oxuyub qurtarmağımı gözləyir. Nə bilsin axı üç gündə iyirmi dəfə oxuduğumu. Narahat oldum. Evinin dəqiq harada yerləşdiyini bilməsəm də, soraqlayıb tapacaqdım. İçəri Şəhərin küçələri zamanla çox dəyişmişdi, fəqət insanlarının üzündəki təbəssüm Bakının keçmişindən xəbər verirdi. Yeganə yerdir ki, bura gələn zaman keçmişimin acı xatirələrini tamamilə unudub xoş günlərimi xatırlayıram… Qala divarları ilə əhatə olunmuş şəhərin küçələri birdən-birə məni cəngi altına aldı, təsirləndim. Axı xoş günlər də bəzən insanı incidə bilir. Birdən sağollaşdığımız gün Rakif dayının “Sabah yenə görüşərik” sözləri yadıma düşdü. Necə təşvişə düşmüşəmsə, ilk rastıma çıxan qapını döymüşəm. Gec olsa da qapı açıldı və onun dilxor, halsız simasını gördüm. Yaman xəstələnmişdi, onu tanıyandan bəri belə göməmişdim. Üç gündə beli yamanca bükülmüş, daim nələrisə gizlədən gözləri çuxura düşmüşdü. Çətinliklə danışırdı.

-“Əziyyət çəkməyin, uzanın, durmayın” dedim.

Əllərini mənə tərəf uzatdı, onda əllərinin üstündəki xalların, qırışların bir az da çoxaldığını gördüm. Sözümü eşidər, amma bildiyini edərdi. Durub oturdu.

-Yazdığınızı çox bəyəndim, xüsusən də…

-Dayan, dayan, oğul, axı indi öləcəyəm.

-O nə sözdür?

-Dayan, kəsmə sözümü.

İlk dəfədir ürəkdən güldüyünü görürdüm, sevincli idi.

-Axır ki, gedirəm, yaxınlarıma qovuşacam.

Qırıq-qırıq səslərə, sözlərini deməyə çalışırdı. “Bax, orada” əli ilə göstərdi, “bir kağız yazıb qoymuşam, aç, oxu, onu”.

Vərəqi kitabın arasına qoymuşdu, yazı çox əvvəllər yazılmış olsa da, aydın oxunurdu.

Yağsa yağış, dincələrdi buludların gözləri…

Çöküb duman, yoxa çıxmır xatirənin izləri…

Yağsa yağış, yuyulardı göy üzündə

bir vaxtlar

coşub-daşan duyğular…

Bulud nəsə həminki bulud deyil bu gecə,

Doluxsunub şişən gözlərində sənin səssin…

Ağlamır biçarə,

yağmır biçarə,

deyir birdən

unudulan xatirələr yada gələr…

O, səmanı düşünür indi,

yağmır…

Deyir o, birdən inciyər

Deyir o, incisə,

olmaram daha göy üzündə.

Düşünən necə bədbəxt,

düşünülən necə xoşbəxt…

Deyirsən indi

mən bədbəxtəm?!

Yox, yox, bax, yağır yağış…

Tək bədbəxt sən deyilmişsən…

 

Onun göz yaşlarını unuda bilmirəm, o, qəlbimin poeziyasıdır. Axı onu necə unudum?! Yalan sözdür, dünyada insana ən əziz öz həyat yoldaşıdır, öz qəlb dostudur, ürək dostudur… Sən gedəndən sonra çox ağladım, amma heç kim görməsin deyə için-için, xısın-xısın ağladım. Həmişə deyərdin ki, qoy göz yaşların məndən başqasının əllərini islatmasın, amma indi yazdığım ürək sözlərimin gözləri yaşlıdır, gizlədə bilmirəm onları sətirlərdən. Sənə olan sevgim yazdıqca tükənmir, qəm-qüssəm günü-gündən çoxalır. Axı niyə getdin, niyə çıxıb getdin, poeziyamın göz yaşları?!

Başım yazıya necə qarışmışdısa, özümü unutmuşdum. Rakif dayıya yaxınlaşıb, əlimlə çiyninə toxundum, fəqət o, hərəkətsiz qalmışdı…

2013 cü il Dekabr



Yarışmada olan məqaləni bəyəndiniz? Bəyəndiyiniz təqdirdə aşağıdakı Twitter, Facebook Google+ düymələri vasitəsi ilə bəyənərək və paylaşaraq səs verə bilərsiniz.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı